Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1852/2025 08.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Şikayət vermiş şəxs X4 iştirakı ilə, Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 27049890 saylı elektron inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 27049890 saylı elektron inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin polis polkovnik-leytenantı X2 tərəfindən heç bir araşdırma aparmadan, yenidən onun iştirakı təmin olunmadan və Azərbaycan Respublikasının adından qəbul edilən qərara heç bir məhəl qoymadan inzibati xəta haqqında iş üzrə icraat haqqında işə baxılaraq barəsində xx.xx.2025-ci il tarixli, EQ 27049890 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Hesab edir ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin polis polkovnik-leytenantı X1 xx.xx.2025-ci il tarixli, EQ 27049890 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı tam əsassızdır, buna görə də qərara məhkəmə qaydasında baxılmalı və inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilərək işi üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmalıdır. Belə ki, qanunvericiliyin tələbinə görə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında protokol tərtib edilməmişdən öncə, icraatın başlanmasının səbəb və əsaslar müəyyən edilməli, icraatın başlanmasına səbəb olan hallar müvafiq rəsmi və ya prosessual sənədlərdə öz əksini tapmalı, həmçinin icraata başlamaq haqqında protokol buna səlahiyyəti olan şəxs tərəfindən tərtib edilməlidir. Lakin hazırki işin hallarından müəyyən edilir ki, inzibati xəta haqqında icraatın başlanmasının səbəbləri, yəni inzibati xəta hadisəsinin mövcudluğunu göstərən məlumatların necə əldə edilməsi, əgər inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilmişdirsə, hansı prosessual və ya rəsmi sənədin tərtib edilməsi (raport, akt və s) barədə müvafiq qeydiyyat aparılmamış, buna dair hər hansı bir sənəd əlavə edilməmişdir. Göründüyü kimi, vəzifəli şəxs onun barəsində qərarı elektron formada qəbul etmişdir. Barəsində olan inzibati xəta haqqında iş üzrə qərar qəbul edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuş, işin bütün faktiki halları araşdırılmadan İXM-in tələblərinə uyğun tərtib edilməmişdir. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin polis polkovnik-leytenantı X1 xx.xx.2025-ci il tarixli, EQ/27049890 nömrəli inzibati tənbeh vermə haqqında qərarı tam əsassızdır. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası İXM-i ilə barəsində olan inzibati xəta haqqında materiala üzrə inzibati cərimə tətbiq edilməsinə xitam verilməsi barədə qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X5 şikayətin mahiyyətinə uyğun çıxış etmiş, əlavə olaraq bildirmişdir ki, betondan ibarət yükü, dağlıq ərazidə yerləşən külək elektrik stansiyasına aparmış, 10 kub/metr sement yüklənmiş olsa idi, nəqliyyat vasitəsi həmin yüksəkliyə qalxa bilməzdi. Bundan əvvəl cari ilin mart ayında həmin ərazidə barəsində tənbeh verilmiş, lakin beton zavoddan aldığı məhsulun çəkisi ilə bağlı hər hansı sənəd olmamış, bu səbəbdən təqsirsizliyini sübut edə bilməmişdir. Hazırkı inzibati xəta hadisəsi ilə bağlı təqdim etdiyi sənəddə yüklə birlikdə nəqliyyat vasitəsinin çəkisinin 31080 kq olması təsdiqini tapır. Şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 27049890 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 27049890 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “MERCEDES BENZ 3235 XÜSUSİ TƏYİNATLİ” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-ci ildə saat 15:59:10-da M-1 44.6 km, Sumqayıt şəhəri, H.Z.Tağıyev, Quba istiqamətində hərəkətdə olarkən iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etdiyi üçün sürücü X5 Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan, ona əlavə edilmiş xüsusi texniki vasitə ilə qeydə alınmış fotoşəkillərdən və fotoşəkillərin üzərində olan qeydlərdən həmçinin görünür ki, inzibati xəta hadisəsi hərəkət halında çəki ölçmə nəzarət sistemi vasitəsi ilə (Kistler 9835A) aşkar edilmişdir. Çəki limiti 32.000 kq (32 ton) olsa da, avtomobilin faktiki çəkisi 34.120 kq olmuşdur. İş materiallarına əlavə edilmiş qaimədən görünür ki, **-SL-*** qeydiyyat nömrəli nəqliyyat vasitəsinin ümumi çəkisi 31080 kq olmuşdur. Həmin qaimədə “Star CP”, bilet nömrə 11569, giriş saatı 15.02, çıxış vaxtı 15.43, tarix xx.xx.2025-ci il qeydləri mövcuddur. DİN BDYPİ tərəfindən təqdim olunmuş, iş materiallarına əlavə edilmiş ÖVY 160512 nömrəli ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamədən görünür ki, 9835A tipli ölmə cihazı sonuncu yoxlamadan keçmə tarixi isə xx.xx.2024-cü il tarix, növbəti yoxlamadan keçmə tarixi xx.xx.2025-ci il tarixində olması göstərilmişdir. Beləliklə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, “MERCEDES BENZ 3235 XÜSUSİ TƏYİNATLİ” markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 27. xx.xx.2025-ci ildə saat 15:59:10-da M-1 44.6 km, Sumqayıt şəhəri, H.Z.Tağıyev, Quba istiqamətində hərəkətdə olarkən icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşması xüsusi texniki vasitə ilə aşkar edilmiş, X5 barəsində elektron inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 27049890 nömrəli elektron inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. X6 tərəfindən təqdim edilən tərəzi qəbzi isə mötəbər sübut kimi, elektron qərarın ləğv edilməsi əsası kimi qiymətləndirilə bilməz. İş materiallarına əlavə edilmiş tərəzi qəbzinin qeydə alınma tarixi və saatı, nəqliyyat vasitəsinin marka və d.q.n-nı elektron qərar ilə uyğunluq təşkil etsə də, həmin qəbzin kim tərəfindən, harada tərtib olunması qeyd olunmamış, həmçinin sənəd rəsmi olmasını təsdiq edən imza və möhür mövcud deyil. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati xəta hadisəsinin qeydə alınmasında istifadə edilən xüsusi texniki vasitəsinin lazımı qaydada metroloji sınaqdan keçirilərək şəhadətnamə alınması və həmin şəhadətnamənin qüvvədə olması da inzibati tənbeh vermə haqqında elektron qərarın qanuniliyini təsdiq edir. Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin135.1-ci maddəsində İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakı kimi göstərilmişdir. 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 27049890 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X4 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X4 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 27049890 saylı elektron inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-1852/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1852/2025
08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver