Məhkəmə qərarları › İş №3(060)-1853/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1853/2025

28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1853/2025 28.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2, İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 44-cü məhəllədə yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-717/2025 saylı, xx.xx.2025-cü il tarixli icra sənədi üzrə borclu Şəxs 4800 Azn aliment borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X5 bildirmişdir ki, xx.xx.2025-cü il tarixli icra sənədi üzrə borclu Şəxs xx.xx.2024cü il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü Əsgərli Hüseyn Rauf oğlu və xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2024-cü il üzrə minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulmuşdur. Lakin cavabdeh Şəxs indiyə qədər heç bir ödəniş etməmiş, səbəb kimi isə borcundan xəbəri olmamasını və işsiz olmağını göstərmişdir. Borclu Şəxs icra məmurunun çağırışlarına cəmi 1 dəfə gəlmişdir. Tələbkar Zərərçəkmiş şəxs borcunu tam şəkildə tələb etdiyini bildirmişdir. Borclu isə icra sənədi üzrə öhdəliyini üzürsüz səbəbdən icra etməmişdir. Halhazırda borclu borcundan 1500 manat ödəniş etdi, qalan borcunu isə aylıq 800 manat ödəməsinə razı olduğunu və bunun üçün şərait yaradılması ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, iş üzrə özünü təqsirli bilir və borcunu ödəməkdən qərəzli şəkildə boyun qaçırmır. İndiyə qədər heç bir ödəniş etməməsinin səbəbi isə maddi imkanının olmamağı və işsizliyi olmuşdur. O, bildirmişdir ki, təxmini 1 aydır ki, aliment borcundan xəbərdardır. Hal-hazırda borcundan 1500 manatı ödəmişdir. Qalan borcunu da hər ay 800 manat olmaqla ödəyəcəyini bildirmişdir. Əgər barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunsa, borcunu ödəyə bilməyəcəyini qeyd etmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X7 hüquqlarını müdafiə etdiyi Şəxs əməlində qərəz olmasını təsdiq edən hər hansı sübut olmadığını bildirmişdir. Hazırda borcundan 1500 manatı ödəmişdir. Qalan borcunu da hər ay 800 manat olmaqla ödəyəcəyinə söz vermişdir. Hesab edir ki, hüquqlarını müdafiə etdiyi Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi vəkil X4 bildirmişdir ki, borclunun borcundan 1500 manat ödəməsini və qalan borcunu da hər ay 800 manat olmaqla ödəyəcəyiylə bağlı razılıq əldə edilmişdir. Qeyd olunan səbəbdən inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-717/2025 saylı, xx.xx.2025-cü tarixli icra sənədindən görünür ki, xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X9, xx.xx.2012-ci il təvəllüdlü Əsgərli Hüseyn Rauf oğlu və xx.xx.2022-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs Zərərçəkmiş şəxs xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2024-cü il üzrə minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh Şəxs İ Hüseyn oğlundan ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu, 60 (altmış) manat məbləğində mediasiya xərci alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilsin. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-717/2025 saylı, xx.xx.2025-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və borclu qərarla tanış edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-717/2025 saylı, xx.xx.2025cü il tarixli icra sənədi üzrə tələbin könüllü icrası Şəxs tələb edilmiş və borclu bildirişlə tanış edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “borclunun icra sənədində göstərilən ünvanda yaşamaması, yaxud ona məxsus yetərli əmlakın olmaması barədə aktdan görünür ki, Şəxs ünvan 1 ünvanında olmadığı müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “borclunun axtarışı haqqında” qərarlardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Şəxs alimet borcu üzrə bu vaxta kimi ona heç bir ödəniş etməmişdir. Borcunun ödənilməsi məqsədilə Şəxs barəsində axtarış elan edilməsini və inzibati məsuliyyətə cəlb edilməsini, məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarında olan izahatdan görünür ki, borclu Şəxs 4800 azn aliment borcu olmağından xəbəri yoxdur. Məhkəmədən aylıq aliment borcuyla bərabər hər ay 800 azn ödəniş etməsinə şərait yaradılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs nümayəndəsi X4 təərfindən yazılmış ərizədən görünür ki, Şəxs 4800 manat borcundan 1500 manatı ödəmiş, qalan pulu isə aylıq 800 manat ödənilməsi ilə bağlı şərtlə razı olduğunu bildirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “eManat” ödəniş sistemi vasitəsilə ödənilmiş qəbzdən görünür ki, 1000 AZN Zərərçəkmiş şəxs leobank kart hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli eManat” ödəniş sistemi vasitəsilə ödənilmiş qəbzdən görünür ki, 500 AZN Zərərçəkmiş şəxs leobank kart hesabına köçürülmüşdür. Məhkəmə qeyd edir ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktının müəyyən olunması zəruridir. İş materiallarına əlavə edilmiş sənədlərdən, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclası zamanı verdiyi izahatdan görünür ki, sonuncu öz öhdəliyini yerinə yetirməkdən boyun qaçırmamış və borcun ödənilməsi ilə bağlı qərəz nümayiş etdirməmişdir. “İcra haqqında” AR qanunun 43-cü maddəsində qeyd olunan məcburi icra tədbirlərindən biri də tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə və tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsidir. Həmin Qanunun 43.1.5-ci maddəsinə görə bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər həyata keçirilməlidir. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh tərbiyəvi xarakter daşıdığından, həmçinin vətəndaşların hüquq şüurunun və mədəniyyətinin, qanunlara hörmət və əməl edilməli olması ilə bağlı vərdişlərinin formalaşmasında mühüm rol oynadığından, məhkəmə və digər orqanların inzibati tənbeh tətbiq etmə haqqında qərarlarının icrası zamanı icra məmurları müxtəlif qanuni vasitələrdən istifadə edərək qərarların icrasının təmin edilməsi üçün şərait yaratmalı, bunu qanunvericiliklə nəzərdə tutulmuş müddətlər daxilində etməli və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati təsir tədbirlərindən istifadə etməlidir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 oktyabr 2012-ci il tarixli Qərarına əsasən məhkəmə aktlarını icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.1.2ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda-inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsi ilə əlaqədar məhkəmə prosesində iştirak edən vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 48-50, 53, 114-117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xətanın tərkibi olmadığına görə xitam verilsin. Vəkil X7 tərəfindən göstərilmiş hüquqi yardım üzrə sərf edilmiş 05 saata görə 55 (əlli beş) manat məbləğində pul vəsaiti dövlət büdcəsi vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar