Məhkəmə qərarları › İş №3(060)-1858/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1858/2025

26.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1858/2025 26.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılova Günel Rza qızının sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin sahə rəisi X4, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1976-cı il tarixdə, Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi işdə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2yan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş 26 iyul 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs, xx.xx.2025-ci il tarixdə, saat 17:20 radələrində atası Qürbətin evində olan zaman aralarında yaranan mübahisə zamanı ögey anası Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinin sahə rəisi, X5 tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:20 radələrində atası Qürbətin evində olan zaman aralarında yaranan mübahisə zamanı ögey anası Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətmişdir. Zərərçəkmiş şəxsin təqdim etdiyi videogörüntüdən də görünür ki, atası ilə söhbət edən zamanı ucadan qışqırmaqla söyüş söymüşdür. Göstərilən halları nəzərə alaraq iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, özünü təqsirli bilmir. Atasıyla satılan mülkünə görə problemi olmuş və evdə atası ilə söhbət zamanı hirslənib mübahisə etmiş, daha sonra çıxıb getmişdir, yenidən qayıdıb gələndə ona qapı açmamışlar. O, bu hərəkətə etiraz olaraq neytral söyüşlər söymüşdür. Qərar qəbul edərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs bildirmişdir ki, o, Şəxs atasının həyat yoldaşıdır. O, Cavidin atası Qürbətlə ailə qurarkən ilk öncə sexdə məskunlaşmışlar, daha sonra ev tikib həmin evə köçmüşlər və hazırda da özlərinə məxsus evdə yaşayırlar. Şəxs 6 aydır ki, onun evinə hücum edir. Şəxs evdə atasını, daha sonra isə onu təhqir etmiş, ünvanına söyüşlər söymüşmüşdür. Bu zaman səs-küyə qonşular gəlmiş və o, 102 Zəng Xidmət Mərkəzinə yığmışdır. Bundan sonra Şəxs çıxıb getmişdir. Bir qədər vaxt keçdikdən sonra isə yenidən gəlib onların qapısını döymüş, o, qapını açmadıqda isə onu söyərək, onu və uşaqlarını hədələmişdir. Qonşulardan İmambaxış orda olmuşdur. İkinci dəfə qapını açsaydı onu vura biləcəyini söyləmişdir. Şəxs bundan sonra onu “Whatsapp” tətbiqi vasitəsilə səs göndərib yenidən nalayiq söyüşlər söymüşdür. Məhkəmədən ona qarşı tədbir görülməsi ilə bağlı qərar qəbul etməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sumqayıt ŞPİ-nin 2-ci PB-nin xx.xx.2025-ci il tarixli MN2389201 nömrəli protokolundan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:20 radələrində atası Qürbətin evində olan zaman aralarında yaranan mübahisə zamanı ögey anası Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında təqdim edilmiş video görüntüyə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə atası ilə ucadan danışmaqla ondan ona məxsus evi nə üçün satdığını və niyə mülk vermədiyini soruşur, daha sonra isə ucadan qışqırmaqla Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq ifadələr işlədir. Səs-küyə gələn digər şəxslərə ucadan qışqırmaqla onları evdən çıxardır. Cinayət işinini başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan aparılan şəxsin qismən etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı, qeydə alınmış video-görüntü və tədqiq edilmiş digər obyektiv sübutların məcmusu ilə Şəxs xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməsi sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif edilmişdir və ona həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.2-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında Azərbaycan Respublikasının İXM-in 32-33-cü maddələrinə əsasən Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın hallarını və xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbehnin tədbiri tətbiq edilməsi məqsədəuyğundur. Bu növ tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115.1, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel İsmayılova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar