Məhkəmə qərarları › İş №3(060)-1862/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1862/2022

13.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1862/2022 13.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru - X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, İcra sənədi üzrə tələbkar – Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1987-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 tərəfindən 13 iyul 2022-ci il tarixdə vət. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, o, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-470/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə yaranmış 2700,00 (iki min yeddi yüz) manat borcunu üzrsüz səbəbdən ödəmir. Protokoldan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-470/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi borclu Şəxs tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir və nəticədə 2700,00 (iki min yeddi yüz) manat aliment borcu yaranmışdır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X5 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-470/2022 saylı, xx.xx.2022ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2021-ci il tarixdən etibarən xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, ümumilikə 300 (üç yüz) manat məbləğində alimentin tutulub iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət olunmuşdur. Lakin icra vərəqəsi borclu tərəfindən üzrsüz səbəblərdən icra edilməmişdir, icra sənədi üzrə tələbkar şikayətçi olduğundan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-470/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi qət edilən zaman ondan xx.xx.2021-ci il tarixdən etibarən xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, ümumilikə 300 (üç yüz) manat məbləğində alimentin tutulub iddiaçı Zərərçəkmiş şəxs verilməsinin qət edilməsindən xəbərdar olmuşdur. O, uşaqları ilə hər həftə görüşmüş və hər həftə 50 manat olmaqla, ümumilikdə ay ərzində 200 manat ödəniş etmişdir. Uşaqlarına hər gün maddə ehtiyaclarını qarşılamaları üçün gündəlik olaraq bəzən 5, bəzən isə 10 manat vermişdir. Onun aliment ödənişlərini etməkdən boyun qaçırmaq kimi niyyəti olmamışdır. Lakin alimentin tutulmağa başlaması və borcunun yaranmasından xəbəri olmamışdır. 05 iyul 2022-ci il tarixdə icra məmuru tərəfindən idarəyə çağırılmışdır və aliment borcunun yaranmasından həmin vaxt xəbərdar olmuşdur. Hal-hazırda isə işsizdir və buna görə yaranmış aliment borcunu birdəfəlik ödəmək iqtidarında deyildir. Əgər vaxt verilərsə aliment borcundan hiss-hissə ödəniş edə bilər, həmçinin avqust ayının 5-i tarixində də borcundan birdəfəlik 200 manat ödəniş edəcək. Odur ki qeyd olunanların nəzərə alınmasını, barəsində olan inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin icra sənədinin qərəzli olaraq üzrsüz səbəbdən icra etməmək kimi bir niyyətinin olmadığını, buna görə də şəxsin əməlində inzibati xəta tərkibinin olmadığından iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-470/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2021-ci il tarixdən etibarən xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 100 manat olmaqla, ümumilikə 300 (üç yüz) manat məbləğində alimentin tutulub ona verilməsi qət olunmuşdur. Lakin borclu daima onu aldatmış, aliment ödənişlərini etməmiş, bu səbəbdən 2700,00 (iki min yeddi yüz) manat aliment borcu yaranmışdır. Eyni zamanda borclu uşaqları il həftə axırı görüşməsi və atası ilə qalması onun təşəbbüsü ilə olur, onun tərəfindən atasına zəng edilir, pulu gəldikdə isə 5- 10 manat borcu tərəfindən verilir, həmin pulu atası uşaqların özünə xərclik verir. Borclunun aliment ödənişləri etməməsi onun maddi vəziyyətini çətinləşdirir. Odur ki, Məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatılarını, müdafiəçinin çıxışını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati xəta haqqında iş materiallarından da görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol 13 iyul 2022-ci il tarixdə tərtib olunmuşdur. Lakin borcluya “tələbin könüllü icrası” barədə bildiriş 05 iyul 2022-ci il tarixdə təqim edilmişdir və həmin bildirişdə xx.xx.2022-ci il tarixli icraatına başlanılmış Sumqayıt şəhər Məhkəməsinin 2(060)-470/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətinə könüllü icra edilməsi qeyd edilsə də, 05 iyul 2022-ci il tarixdən 10 gün müddət gözlənilmədən, yəni 13 iyul 2022-ci il tarixdə icra məmuru tərəfindən inzibati xəta haqqında MN ******* saylı protokol tərtib edilmidir. Həmçinin borclu və tələbkarın izahatından aydın olur ki, boclu uşaqların qayğısına qalmaqla, onların saxlanmasi üçün müəyyən ödənişlər edir. Məhkəmə qətnaməsi ilə aliment tutulmasının ərizə ilə məhkəməyə müraciət etdiyi vaxtdan hesablanması nəticəsində 2700 manat aliment borcu yarandığından, icra məmuru tərəfindən verilmiş könüllü müddət bitmədiyindən, Şəxs qərəzli olaraq icra sənədini icra etməmək kimi bir niyyətinin olması və onun əməlində inzibati xəta tərkibinin olduğu, yəni sonuncunun icra sənədinin üzrsüz səbəbdən qərəzli olaraq icra etməməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Müdafiəçi Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 50AİİB400600C**********214 VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar