Məhkəmə qərarları › İş №3(060)-1865/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1865/2025

20.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1865/2025 20.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati icraat aparılan X4 iştirakı ilə, DİN BDYPİ X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 29519719 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək DİN BDYPİ X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 29519719 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixli EQ 29519719 nömrəli inzibati tənbeh tətbiq etmə qərarı ilə AR İXM-nin 327.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilmişdir. Bildirmişdir ki, onun yol nişanının tələbini pozmasının səbəbi əks tərəfdən qarşısına çıxan başqa avtomobilə görə olmuşdur. Qeyd olunanları nəzərə alaraq xx.xx.2025-ci il tarixli EQ 29519719 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 ərizəsinin mahiyyətinə uyğun çıxış edərək bildirdi ki, o, xx.xx.2025-ci ildə Sumqayıt şəhəri, 41-ci məhəllə, X7 Stansiyası ərazisində 2 tərəfli, lakin 1 zolaqlı yolda hərəkətdə olan vaxt qarşısına “MERCEDES” markalı başqa avtomobil əks istiqamətə çıxaraq qəza şəraiti yaratmışdır. Buna görə də, o, həmin maşınla toqquşmamaq üçün əks istiqamətli hərəkət zolağına çıxaraq ötmə qaydasını pozmuşdur. Həmin avtomobil X1rşısından çıxaraq onun üzərinə gəlmişdir, yəni qəza baş verməsin deyə öz hərəkət istiqamətindən çıxaraq digər zolağa daxil olmuşdur. Bunu YPX əməkdaşlarına bildirmiş və hadisənin baş verdiyi videogörüntüləri şəhər kamerasından çıxarılaraq təqdim etmələrini tələb etsə də, həmin videogörüntünü təqdim etməmişlər. Məhkəmə iclası zamanı fotoşəkilləri məhkəməyə təqdim etmişdir. Lakin həmin fotoşəkillərdə digər avtomobil onun yolu ilə qarşısına çıxması görünmür. Həmçinin qeyd etmişdir ki, YPX əməkdaşları ona digər avtomobillə toqquşmağını, lakin əks istiqamətli hərəkət zolağına çıxmamağı bildirmişdir. Qeyd olunanlara əsasən xx.xx.2025-ci il tarixli EQ 29519719 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli EQ 29519719 nömrəli inzibati tənbeh vermə barədə qərardan görünür ki, X5 Azərbaycan Respublikasının İXM-in 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuş, barəsində 100 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxs X4 və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, inzibati tənbeh vermə qərar ləğv edilməli və iş yenidən baxılmaq üçün Sumqayıt ŞPİ-nin X8 Şöbəsinə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, təhlükəsiz şəhər kamerasında qeydə alınmış fotoşəkildə Mersedes markalı **-EK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 1.1 üfüqi (uzununa) nişanlanma xəttinin tələblərinə riayət etmədiyi aşkar görünür. Lakin, iş materiallarına əlavə edilmiş fotoşəkillərə əsasən şikayətçinin izahatında qeyd etdiklərini araşdıraraq yekun nəticəyə gəlmək mümkün deyil. Məhkəmə qeyd edir ki, şikayətçinin bildirdiyi “qəza şəraitinin yaranması, toqquşmadan yayınma kimi halların olub-olmaması” müəyyən etmək yalnız videogörüntüyə baxış keçirildikdən sonra mümkündür. Hazırda şikayətçi tərəfindən videogörüntülərin təqdim edilməməsi və həmçinin məhkəmə iclasları barədə məlumatlandırılan qərar qəbul etmiş orqanın hər hansı sübut təqdim etməməsi mövcud qərarın ləğv edilərək mühüm əhəmiyyət kəsb edilən halların yenidən baxılması üçün göndərilməsini labüd edir. Azərbaycan Respublikası İXM-in 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi inzibati xəta haqqında işin yenidən baxılmaq üçün göndərilməlidir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X4 şikayəti qismən təmin olunsun. Sumqayıt ŞPİ-nin X9 Şöbəsinin YPX inspektoru tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli EQ 29519719 nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Sumqayıt ŞPİ DYPŞ-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar