Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1866/2025 07.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, X1 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, Sumqayıt ŞPİ-nin X13 Şöbəsinin YPX inspektoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X4 qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 qanuni nümayəndəsi Qanuni nümayəndə şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt ŞPİ-nin X13 Şöbəsinin YPX inspektoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun oğlu X7 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitutsiya qurluşunun müdafiəsi zamanı ikinci Qarabağ müharibəsində xəsarət almış, birinci dərəcəli əlil X2 məxsus faytonu idarə edir. 16 iyul 2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX baş inspektoru X3 18:05-də Sumqayıt Yeni Bulvar küçəsində Poseidon restoranının qarşısında işıqfora çatmamış faytonla hərəkət edən zaman oğlunu saxlamış və ona hədə-qorxu gəlmişdir. Polis əməkdaşı onun oğluna bildirmişdir ki, “yollarda fayton sürülməsi qadağandır və bir də onu bu yollarda fayton sürən görməyim” demişdir. Daha sonra ona oğlu X7 barəsində 16 iyul 2025-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsi müəyyən olunmuşdur. Qərarda inzibati xətanın motivi olaraq aşağıdakılar göstərilmişdir: 338.5.2. mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsi; 338.5.4. at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsi. Onun oğlu fayotunu idarə edən zaman atı yola ötürməmişdir. Elxan Əliyev işıqforu keçməmiş faytonu saxlamışdır. Belə ki, qanunvericilikdə faytonun idarə edilməsinə icazə verilməsi üçün xüsusi prosedur yoxdur. Buna baxmayaraq, faytonun sahibi X5 Administrasiyasına, Kiçik və X9 və s. müraciət etmişdir. Sonuncu həmçinin Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcova 17 iyun 2025-ci il tarixdə müraciət etmişdir. Lakin, bu müraciətə hələ də cavab verilməmişdir. Elxan Əliyev tərəfindən fayton yalnız yolun sağ kənar zolağından mümkün qədər sağ tərəfdə hərəkət etdirir, yola bitişik ərazidən və ya ikinci dərəcəli yoldan çıxan zaman görünmə məhdud olan yerdə atın cilovundan tutaraq əsas yola çıxardır, at arabası işığı əks etdirən qurğu ilə, sutkanın qaranlıq vaxtı isə, həm də fənərlərlə təchiz edilmişdir. Həmçinin yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən at arabasının idarə edilməsi üçün sürücülük vəsiqəsi tələb olunmur. Məhkəmə iclasında iştirak edən şikayətçi X7 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə şikayətin məzmununa uyğun çıxış edərək təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərarından şikayət verilmiş şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt ŞPİ-nin X13 Şöbəsinin YPX inspektoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş qanunveriliyin tələbinə uyğun araşdırma aparılması üçün Sumqayıt ŞPİ-nin X13 Şöbəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt ŞPİ-nin X13 Şöbəsinin YPX inspektoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 18:05-də Sumqayıt Yeni Bulvar küçəsində mal-qaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsi, at arabalarını (kirşəni) idarə edərkən svetoforun və ya nizamlayıcının işarələrinə, yaxud yol nişanlarına və ya yol nişanlanması tələblərinə riayət edilməməsi qaydalarını pozduğu üçün X7 Azərbaycan Respublikası İXM-in 338.5.2 və 338.5.4-cü maddələri ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan AZ-İİİ №203216 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2008-ci ildə anadan olmuşdur. Göründüyü kimi barəsində inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmiş şəxs X7 yetkinlik yaşına çatmayan şəxsdir, qanunvericliliyin tələbinə əsasən yetkinlik yaşına çatmayan şəxslər barəsində olan inzibati xəta haqqında işə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburi olduğu halda Sumqayıt ŞPİ-nin X13 Şöbəsinin YPX inspektoru X6 tərəfindən inzibati xəta haqqında iş üzrə araşdırma zamanı X4 qanuni nümayəndəsinin iştirakını təmin etməmişdir. Bundan əlavə Azərbaycan Respublikası İXM-in 16.2-ci maddəsinin tələbinə uyğun olaraq YPX inspektoru tərəfindən iddia edilən inzibati xəta aşkar edildiyi vaxtdan 2 iş günü müddətində iş materialları uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaya göndərilməli olduğu halda özü tərəfindən inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, yuxarıda göstərilən hallar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması kimi qiymətləndirilməli, bu səbəbdən Sumqayıt ŞPİ-nin X13 Şöbəsinin YPX inspektoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılmaq üçün Sumqayıt ŞPİ-nin X13 Şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-in 16.2-ci maddəsinə əsasən inzibati həbs və ya ictimai işlər növündə inzibati tənbeh nəzərdə tutan inzibati xətalar istisna olmaqla, şəxsin psixi inkişafı, həyat şəraiti, səhhəti və təhsili nəzərə alınmaqla, ilk dəfə inzibati xəta törətmiş on altı yaşından on səkkiz yaşınadək şəxslər uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən inzibati məsuliyyətdən azad oluna və onların barəsində Azərbaycan Respublikasının 2002-ci il 31 may tarixli 336-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə” ilə müəyyən edilmiş təsir tədbirləri tətbiq edilə bilər. Müvafiq dövlət orqanları həmin inzibati xətalar haqqında işləri inzibati xətanın aşkar edildiyi vaxtdan 2 iş günü müddətində uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalara göndərirlər. Həmin Məcəllənin 63.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. Həmin Məcəllənin 63.6-cı maddəsinə əsasən on səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir. 31 may 2002-ci il tarixli, 336-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin 8-ci maddəsinin birinci abzasına əsasən uşaqlar barəsində müvafiq dövlət orqanlarından daxil olan inzibati xətalar haqqında işlərə komissiyalar baxır və bu Əsasnamənin 9-cu maddəsinin birinci hissəsinin 1–4-cü bəndlərində nəzərdə tutulmuş intizam təsir tədbirləri tətbiq edirlər. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.6-cı maddəsi ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət qismən təmin olunsun. Sumqayıt ŞPİ-nin X13 Şöbəsinin YPX inspektoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş qanunveriliyin tələbinə uyğun araşdırma aparılması üçün Sumqayıt ŞPİ-nin X13 Şöbəsinə göndərilsin. Bu qərar Azərbaycan Respublikası DİN Baş X13 İdarəsinin Mərkəzi İnformasiya sistemində X4 adına qeyd edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati cərimənin və ona hesablanmış dəbbə pulunun silinməsi üçün əsasdır. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1866/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1866/2025
07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver