Məhkəmə qərarları › İş №3(060)-1868/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1868/2022

13.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1868/2022 13.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi Sumqayıt şəhər Pİ-nin, 4-cü PB-nin sahə rəisi, polis baş leytenantı Kənan Osmanovun, Sumqayıt şəhər DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Sumqayıt şəhər Regional Vəkil Burosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Sumqayıt şəhəri, 34-cü məhəllə, ev 2/48, mənzil 37 – də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1, 511.1.1 və 511.1.3-cü maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhər DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X2 tərəfindən Şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1 və 511.1.3-cü maddələri ilə inzibati xəta haqqında AP ******* №li, xx.xx.2022-ci il tarixli protokol tərtib olunmuşdur ona görə ki, o, “KHAZAR LX minik” markalı, **-PH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili xx.xx.2022-ci il tarixdə, saat 04:00-da Sumqayıt şəhəri, Sülh prospektində qəflətən hərəkəti sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması, aşkar surətdə 2 nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışını həyata keçirərək avtoxuliqanlıq etmişdir. Bundan başqa Sumqayıt şəhər 4-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında MN seriyalı ******* saylı, xx.xx.2022-ci tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 17:40 radələrində Sumqayıt şəhər 34-cü məhəllə ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və həmin zaman uca səslə ünvansız küçə söyüşləri söyərək xırda xuliqanlıq etmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq olmamalıdır. Sumqayıt Şəhər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli qərardadı ilə Şəxs İXM-nin 510, 535.1, 511.1.1 və 511.1.3-cü maddələri ilə təqsirləndirilməsinə dair 3(060)-1868/2022 və 3(060)- 1869/2022 №li işlər bir icraatda 3(060)-1868/2022 nömrə ilə birləşdirilmişdir. Məhkəmə iclasında Sumqayıt şəhər DYPŞ-nin YPX inspektoru, polis baş serjantı X2 tərtib etdiyi AP ******* №li, xx.xx.2022-ci il tarixli protokola uyğun izahat verərək göstərdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022ci ildə Sumqayıt şəhəri, Sülh prospektində “KHAZAR LX minik” markalı, **-PH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək avtoxuliqanlıq etmişdir. Bütün bunlar təhlükəsiz şəhər kameralarında öz əksini tapmışdır. Ona görə də barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Sumqayıt şəhər Pİ-nin, 4-cü PB-nin sahə rəisi, polis baş leytenantı Kənan Osmanov məhkəmə iclasında tərtib etdiyi protokola uyğun izahat verərək göstərdi ki, Şəxs xx.xx.2022-ci il tarixdə, saat 17:40 radələrində Sumqayıt şəhər 34-cü məhəllə ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış və həmin zaman uca səslə ünvansız küçə söyüşləri söyərək xırda xuliqanlıq etmişdir. Ona görə də barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, o avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarını pozduğu üçün əməlindən çox peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Lakin o, polis əməkdaşlarına qarşı heç bir hörmətsizlik etməmiş, heç kimi söyməmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmandır, onun körpə uşağı vardır. Qeyd olunanların nəzərə alınmaqla barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nın əməliyyat müvəkkili polis leytenantı Təbriz Şahmarlı izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə polis serjantı Orxan Baxşəliyevlə birlikdə tapşırığa əsasən 2 nəfər şəxsi bölməyə gətirərkən Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq ünvansız nalayiq küçə söyüşləri işlədərək bölməyə yaxınlaşmaqdan boyun qaçırmışdır. Lakin buna baxmayaraq onlar həmin şəxsləri avtomobilə əyləşdirib Sumqayıt şəhər 4-cü Polis Bölməsinə gətirərək təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sübhan Məmiyev izahatında bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2022-ci ildə Sumqayıt şəhəri, Sülh prospektində “KHAZAR LX minik” markalı, **-PH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək “Passat” markalı avtomobillə ötüşmüşdür. Gördükləri tədbirlərə baxmayaraq həmin sürücüləri saxlaya bilməmişlər. Bütün bunların görüntüləri təhlükəsiz şəhər kameralarında öz əksini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş digər şahid Fariz Ramazanzadə də Sübhan Məmiyevlə eyni məzmunlu izahat verdi. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs dinləyib, iş materialına əlavə olunmuş DVD diskə baxaraq, inzibati materiallara əlavə olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1, 511.1.3-cü və 535.1–ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir və ona qeyd olunan maddələr üzrə inzibati tənbeh tətbiq olunmalıdır. İş materiallarına əlavə edilmiş diskdən görünür ki, “KHAZAR LX minik” markalı, **- PH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan, qərəzli hərəkətlər edilmiş, digər bir avtomobilin iştirakı ilə aşkar surətdə sürət yarışı həyata keçirilmişdir. Bundan başqa Şəxs xx.xx.2022-ci il tarixdə, saat 17:40 radələrində Sumqayıt şəhər 34-cü məhəllə ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Bundan başqa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Lakin, məhkəmə araşdırması zamanı isə Şəxs əməlində ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Regional Vəkil Bürosunun həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1, 511.1.3 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi tətbiq edilməklə Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 30 (otuz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 12 iyul 2022-ci il tarixdən, saat 19:40-dan hesablansın. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün.(«Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ50AİİB400600C**********214 VÖEN **********). Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar