Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1873/2025 19.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, X1 iştirakları ilə, Abşeron RPİ-nin X9 sahə rəisi X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək Abşeron RPİ-nin X9 sahə rəisi X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının DİN Abşeron RPİ X9 polis sahə rəisi X2 16 iyul 2025-ci il tarixli EPQ №1875702 saylı qərarı ilə AR İXMnin 212.4-cü maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə olunmuşdur. Qərar xx.xx.2025-ci il tarixdə qəbul olunsa da, ona rəsmi qaydada göndərilməmişdir. O, qərarı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının DİN Abşeron RPİ-nin X7 almışdır. Ona görə də qərardan şikayət vermə müddətini ötürməmişdir. Belə ki, o, hətta qərarı 16 iyul 2025-ci il tarixində alsaydı, o zaman yenə də müddət ötürməyəcəkdir. Çünki, 26 iyul 2025-ci il tarixi həftənin şənbə gününə düşür. Ona görə də şikayətin son günü 28 iyul 2025-ci il tarixidir. O, həmin qərarla razılaşmır. Belə ki, barəsində qəbul edilmiş qərar qanunsuz və əassızdır. O, İXM-nin 212.4-cü maddəsinin tələbini pozmamışdır. Bununla bağlı hər hansı bir sübut da yoxdur. Əgər varsa həmin sübut məhkəməyə təqdim olunmalıdır. Çünki qərəzli şəkildə ona cərimə yazılmışdır. Hadisə yerinin video görüntüləri tələb olunmalıdır. Onun əməlində inzibati xəta tərkibi yoxdur. Ona görə də qərar ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 şikayətinin mahiyyətinə uyğun çıxış edərək bildirmişdir ki, o Bakı Sumqayıt yolunun kənarında dayanan zaman polis əməkdaşı Yasin Musayev yaxınlaşaraq əlində olan siqareti yerə atdığını və həmin halın kameraya düşdüyünü bildirmişdir. O, isə buna etiraz edərək heç bir qanun pozuntusu törətmədiyini bildirmişdir. Bununla bağlı onu X11 dəvət etmiş, orada onu bir neçə saat müddət gözlətmişdir. O da etiraz edərək nə üçün gözlədiyini, əgər iddia etdiyi kimi hər hansı qanun pozuntusu törədibsə bununla bağlı qərar qəbul etməsini və ona təqdim etməsini tələb etmişdir. Həmin vaxt ona cərimə edildiyini bildirsələr də qərarı təqdim etməmişlər, bir neçə gün sonra öz təkidindən sonra qərarı ona vermişlər. O heç bir qanun pozuntusu törətməmiş, hər hansı tütün məmulatını yerə atmamışdır. Bununla bağlı heç bir sübut yoxdur, ona görə də məhkəməyə də təqdim edilməmişdir. Göstərilən halları nəzərə alaraq şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərarından şikayət verilmiş şəxs Abşeron RPİ-nin X9 sahə rəisi X5 məhkəmə iclasında iştirak etməmişdir. Qərar qəbul etmiş şəxs məhkəmə prosesində iştirak edə bilməyəcəyini və hər hansı sübut təqdim edə bilməyəcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qərarından şikayət verilmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Abşeron RPİ-nin X9 sahə rəisi X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X6 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Belə ki, iş materiallarına əlavə edilmiş Abşeron RPİ-nin X9 sahə rəisi X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X6 xx.xx.2025-ci il tarixdə (saat 6:12) ünvan 1 ünvanında tütün məmulatları tullantılarını ətraf mühitə atmış, bununla da Azərbaycan Respublikası İXM-in 212.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Abşeron RPİ-nin X9 sahə rəisi X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2025-ci il tarixli, EXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun materiallarına əsasən X6 Azərbaycan Respublikası İXM-in 212.4-cü maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı iddia edilən inzibati xətanın törədilməsini təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi üçün qərar qəbul etmiş orqana bildiriş göndərilməsinə, eyni zamana məhkəmə aparat işçisi tərəfindən qərar qəbul etmiş şəxs məhkəmə prosesinə dəvət edilərək lazimi sübutların məhkəməyə təqdim edilməsi təklif edilsə də, sonuncu məhkəmə prosesində iştirak edə bilməyəcəyini bildirmişdir. Göründüyü kimi X4 istinad edilən inzibati xəta hadisəsinin törədilməsi ilə bağlı qərar qəbul etmiş orqan (şəxs) tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, qanunverilciyin tələbinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri sübuta yetmədikdə o, təqsirsiz hesab edilir, şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil və həmin şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilməlidir. Göründüyü kimi məhkəmə araşdırması zamanı hazırda mübahisəndirilən inzibati tənbeh tətbiq etmə barədə qərar üzrə heç bir sübut məhkəməyə təqdim edilmədiyi üçün X4 istinad edilən inzibati xəta üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Abşeron RPİ-nin X9 sahə rəisi X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı iddia edilən inzibati xəta hadisəsi sübuta yetirilmədiyindən ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin olunsun. Abşeron RPİ-nin X9 sahə rəisi X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X3 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1873/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1873/2025
19.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver