Məhkəmə qərarları › İş №3(060)-1874/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1874/2022

27.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1874/2022 27.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi ilə, xx.xx.1976-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında AP seriyalı, ******* №-li protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, sürücü xx.xx.2022-ci il tarixdə, saat 09:30 radələrində Bakı-Quba yolunun 30-cu kilometrliyində təhlükəsizlik kəmərindən istifadə etmədən nəqliyyat vasitəsini idarə etdiyinə görə saxlanılmış, yoxlama zamanı alkoqol şərxoşluğu vəziyyətində olduğu aşkarlanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Sumqayıt Şəhər Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirsiz bilərək göstərdi ki, özünə məxsus olan “Mercedes” markalı **-FF- *** dövlət qeydiyyat nişanlı avtomaşınla Sumqayıt şəhər ərazisində yas mərasiminə gedərkən yol polisi əməkdaşları tərəfindən saxlanılmış, müayinə olunduqdan sonra ona heç nə demədən onu bir qədər gözlətdirmiş, daha sonra isə ona sərxoş olduğunu bildirərək avtomobilini cərimə meydançasına aparacaqlarını bildirmişlər. O buna etiraz etdikdə polis əməkdaşı ona komdandirin köməkçisinə müraciət etməsini tövsiyə etmişdir. Yenə də ona heç nə demədən onu gözlətdirmişlər. Bundan sonra o, polis əməkdaşlarının bu qeyri-qanuni hərəkətləri barədə tanışına zəng etmiş, tanışı ona Bakı şəhərinə gedib, özünün müayinədən keçməsini tövsiyə etmişdir. Bundan sonra o, həmin tanışı ilə Bakı şəhərinə gedərək müayinədən keçmiş və məlum olmuşdur ki, onda alkoqol sərxoşluğu vəziyyəti yoxdur. Barəsində tərtib olunmuş, inzibati xəta haqqında protokolda onun 09:30da saxlanıldığı qeyd olunmuşdur. Halbuki onu həmin gün 09:30-da deyil, 11:30 radələrində saxlamışlar. Hesab edir ki, dövlət yol polisinin əməkdaşları tərəfindən ona qarşı qərəzli olaraq protokol tərtib edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edir. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ bəndinin 8-ci hissəsinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. İş materiallarından görünür ki, Şəxs Qanunun göstərilən tələblərini pozaraq, avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə etmişdir. Şəxs tərəfindən yuxarıda təsvir olunan inzibati xətanın törədilməsi AP ******* №li, xx.xx.2022-ci il tarixli inzibati xətta haqqında protokol və protokola əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə xx.xx.2022-ci il tarixli, 2/21111 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında akt təqdim edərək həmin aktla alkoqol sərxoşluğu vəziyyətində olmadığını məhkəmənin nəzərinə çatdırmışdır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqdim etdiyi, xx.xx.2022-ci il tarixli, 2/21111 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında akta tənqidi yanaşaraq, mötəbər sübut kimi qəbul etməmişdir. Belə ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, inzibati xəta haqqında protokolda onu 09:30-da saxlanıldığı göstərilsə də, polis əməkdaşları onu 11:30-da saxlamış, bir qədər həmin yerdə gözlətdirmiş, daha sonra avtomobilini cərimə meydançasına apardıqdan sonra, DYP-nin inzibati binasında gözlətdirmişlər. Bundan sonra o, tanışına zəng etmiş və onunla birlikdə Bakı şəhərinə gedərək tibbi müayinədən keçmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs istinad etdiyi aktdan görünür ki, həmin akt xx.xx.2022-ci il tarixdə, saat 12:30-da tərtib edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını nəzərə alaraq, hesab edir ki, onun saat 11:30-da saxlanılması ağlabatan deyil. Belə ki, bir saat ərzində onun saxlanılması, Sumqayıt şəhərində müayinə edilməsi, avtomobilinin cərimə meydançasına aparılması, bundan sonra isə Bakı şəhərinə gedib-qayıtması mümkün deyildir. Ona görə də məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatına tənqidi yanaşaraq, onun inzibati xəta protokolda və digər sənədlərdə, o cümlədən, sərxoşluğu müəyyən edən çap edilmiş qəbzdəki saat 09:30-da saxlanılmasını əsas götürmüşdür. Belə olan halda isə məhkəmə onun kifayət qədər müddət keçdikdən sonra əldə etdiyi xx.xx.2022-ci il tarixli, 2/21111 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktı mötəbər sübut kimi qəbul etməmişdir. Beləliklə də, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs nəqliyyat vasitəsini sərxoş idarə etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirilən hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar