Məhkəmə qərarları › İş №3(060)-1874/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1874/2025

20.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1874/2025 20.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati icraat aparılan X1 iştirakı ilə, Sumqayıt ŞPİ DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərardan X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt ŞPİ DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İXP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi 327.2 maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə olunmuşdur. Qeyd olunan tarixdə o, yolayrıcına daxil olmazdan əvvəl STOP nişanının tələbinə görə avtomobili tam dayandırmış, qarşıdan keçən piyadaya yol vermiş və daha sonra baş yoldan gələn nəqliyyat vasitələrinə heç bir maneə törətmədən, qəza şəraiti yaratmadan ana yola daxil olmuş və hərəkətini davam etdirmişdir. Bu zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, polis əməkdaşına hər hansı bir qayda pozuntusu olmadığını izah etmişdir. Sənədləri yoxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən hərəkətinə davam etməyinə etiraz edilməmişdir. Lakin bir neçə dəqiqə sonra telefonuna cərimə ilə bağlı bildiriş gəlmişdir. Və əlavə olaraq qeyd edir ki, ona yazılan protokolda qeyd olunmuş inzibati Xətanın törədilmə tarixi xx.xx.2025-ci il tarixində olmuşdur və o, ümumiyyətlə həmin ərazidə olmamışdır. Ona bu inzibati xəta haqqında qərar heç bir qayda pozuntusu etmədiyi halda verilib. Halbuki bütün qaydalara doğru şəkildə riayət etdiyini bildirmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, inzibati xəta haqqında iş üzrə çıxarılmış qərarın əsassız və qanunazidd olduğunu hesab edir. xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 ərizəsinin mahiyyətinə uyğun çıxış edərək bildirmişdir ki, barəsində inzibati xəta haqqında protokol xx.xx.2025-ci ildə tərtib olunsa da, o, polis əməkdaşları tərəfindən xx.xx.2025-ci ildə Sumqayıt şəhəri, 6-cı mikrorayon, “Bank of Baku” yaxınlığında haqsız yerə saxlanılmış və heç bir qayda pozuntusu etməmiş, digər avtomobillərin hərəkətinə mane olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən onlara qayda pozuntusu etmədiyini bildirmiş, lakin barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş, ona həmin gün verilməmiş, daha sonra telefonuna gələn sms bildirişlə cərimə olunduğundan xəbəri olmuşdur. Həmçinin bildirir ki, protokolun tərtib olunduğu vaxt, yəni xx.xx.2025-ci il tarixində həmin ərazidə olmamışdır. Qeyd olunanları nəzərə alaraq xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qararından şikayət verilmiş orqana, həmçinin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə lazımı qaydada məlumat verilməsinə baxmayaraq iştirakları təmin edilməmiş, məhkəmə tərəfin iştirakı olmadan məhkəmə iclaslarının davam etdirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə barədə qərardan görünür ki, X2 Azərbaycan Respublikasının İXM-in 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuş, barəsində 100 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxs X1 və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, inzibati tənbeh vermə qərar ləğv edilməli və iş yenidən baxılmaq üçün Sumqayıt ŞPİ-nin X4 Şöbəsinə göndərilməlidir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə qararından şikayət verilmiş orqana, həmçinin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iştiraklarının təmin edilməməsi, eləcə də hər hansı sübutun təqdim edilməməsi şikayət üzrə tam və obyektiv araşdırmanın aparılmasını mümkünsüz etmişdir. Məhkəmə qeyd edir ki, şikayətdə qeyd olunan xüsusatlar yalnız mövcud olan foto və video materiallara baxış keçirildikdən sonra qiymətləndirilə bilər. Bundan başqa şikayətçinin izahatına əsasən yol polisi əməkdaşı tərəfindən saxlanıldıqda inzibati xəta hadisəsi ilə razılaşmamasına baxmayaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, inzibati xəta hadisənin xx.xx.2025-ci il tarixdə baş verməsinə baxmayaraq protokol xx.xx.2025-ci il tarixinə tərtib edilmişdir. Qeyd olunanlar yol polisi əməkdaşı tərəfindən İXM-in 124.3 və 124.4-cü maddələrinin tələblərinin pozularaq inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilmədiyini, birbaşa inzibati xəta haqqında tənbeh vermə haqqında qərarın qəbul edildiyini göstərir. Bununla da, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmamış, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 124.3 maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1.1-ci və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-ci və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti qismən təmin olunsun. Sumqayıt ŞPİ DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh tətbiq etmə barədə qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Sumqayıt ŞPİ DYPŞ-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar