Məhkəmə qərarları › İş №3(060)-1876/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1876/2024

24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1876/2024 24.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunu sədrliyi, X1 məhkəmə iclas katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru – X2, Tələbkar – Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən 09 avqust 2024-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5493/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə tələbi həmin məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə 500 manat məbləğində inzibati cərimə edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar icra etməmişdir. Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5493/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 86500 manat pul, ödənilmiş 299.5 manat dövlət rüsumu və 25 manat mediasiya xərci tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icra idarəsinə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və məlumat üçün tərəflərə və məhkəməyə göndərilmişdir. Könüllü icra müddətində borclu tərəfindən icra sənədi icra olunmadığından məcburi icra tədbirlərinə başlanılmış, onun adına hər hansı əmlakın olub-olmadığı araşdırılmış, lakin borcluya məxsus hər hansı əmlak, pensiya və tələbin yönəldilə biləcəyi hər hansı bir iş yeri aşkar edilməmişdir. Borclu icra idarəsinə dəvət olunmasına baxmayaraq gəlməmiş, həmçinin barəsində axtarış elan edilmiş, axtarışla idarəyə gətirildikdən sonra izahatı alınmış, qərar və bildirişlə tanış olmuş, müəyyən vaxt verilmiş, ondan sonrakı dövr ərzində öhdəliyi yerinə yetirmədiyindən barəsində protokol tərtib olunmuş, bundan əvvəl borclunun "xxxx" MMC-də işləməsi müəyyən edilmiş, həmin tarixdə tələb borclunun iş yerinə yönəldilmiş, lakin borclu orada işləmədiyi üçün tutulma aparılmamış, bundan sonrakı dövr ərzində borclu yenidən icra idarəsinə dəvət olunmuş, barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə verilmiş, birinci dəfə məhkəmə tərəfindən 500 manat cərimə edilmişdir. Bundan sonra borclu yenidən öhdəliyi icra etmədiyindən ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəməyə təqdimat verilmiş, təqdimat təmin edilmiş, borclu həmin qərardan apellyasiya şikayəti versə də qərar qüvvədə saxlanılmışdır. Bundan sonra yenidən öhdəliyi icra etmədiyindən borclu idarəyə dəvət olunmuş, yenidən barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə verilmiş, məhkəmə tərəfindən 1000 manat məbləğində cərimə edilmişdir. Bundan sonra borclu tərəf apellyasiya şikayəti vermiş, şikayət qismən təmin olunaraq yenidən baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. İcra sənədi üzrə tələbkar şəxs şikayətçi olduğundan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, onun barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, boşanma zamanı birgə əmlakları olan ev və avtomobilin bölgüsü olmuş, tələbkar şəxsin dostu kimi təqdim etdiyi Teymur adlı şəxs onu aldatmışdır, hal-hazırda həmin şəxs həbsdədir, barəsində cinayət işi vardır, o da həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Onun zərəri ödənilsin ki, o da həmin məbləği tələbkara verə bilsin. Hal-hazırda bir uşaqla çöldə qalmışdır, işləyərək ona baxır. Pulu ödəməli olduğunu danmır, sadəcə buna imkanı yoxdur, yalnız onun əmlakları və ya pulu qaytarıldıqda o da icra sənədini icra edə bilər. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil şəxsin əməlində İXM-nin 528.1-1-ci maddəsinin tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs bildirdi ki, Teymur adlı şəxs borclunun birinci vəkilinin dostudur, bunu özü də etiraf edir. Nəsimi prokurorluğunda araşdırma aparılmış, hələ boşanma olmamışdan öncə onun arxasınca işlər görülmüş, tələbkar avtomobili satmış, araşdırma zamanı bilmişlər ki, borclu bacısı ilə alqı-satqı etmiş, boşandıqdan sonra da Teymurla birlikdə avtomobili satmışlar. Bir il yarım borclu bu məsələyə sakit qalmış, bu da borclunun onun arxasından iş gördüyünün sübutudur. Borclu bu avtomobili satdıqdan sonra başqa avtomobil sürmüş, bunu öz gözləri ilə görmüşdür. Əvvəllər uşağı ilə görüşmüş, sonradan borclu uşağı öyrətdiyindən uşaq onun telefonlarına cavab verməmişdir. Bu məsələnin cinayət işinə aidiyyatı yoxdur, buna görə də pulun qaytarılmasını tələb edir. Evi birlikdə alqı-satqı etmişlər, lakin pulu o almamış, işə getmiş, axşam pulu böləcəkləri barədə razılığa gəlmişlər, lakin axşam evə gəldikdə ev borclu tərəfindən tamamilə boşaldılmış, nə uşaq, nə özü evdə olmuşdur. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-5493/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 86500 manat pul, ödənilmiş 299.5 manat dövlət rüsumu və 25 manat mediasiya xərci tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 3(060)-348/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)- 97/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə həmin qərar dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarın izahatlarını, müdafiəçinin çıxışlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə qeyd edir ki, borclunun icra sənədini inzibati tənbeh aldıqdan sonra qərəzli olaraq icra etməməsi, hazırda borclunun qazancının ya və əmlak vəziyyətinin mövcüdluğu işdən müəyyən edilmir, borclunun icra sənədi üzrə yaranmış borca əsas olan əmlakı aldadılaraq ələ keçirilməklə dələduzluğa məruz qalması və hazırda həmin iş üzrə məhkəmə istintaqının davam etdirilməsi təsdiq olunur. Məhkəmə hesab edir ki, qanunvericiliyin məqsədi hər bir halda borclu şəxsi cəzalandırmaq deyil, onun icra sənədi üzrə müəyyən edilmiş borcunun vaxtında ödənilməsini təmin etmək və bunun üçün borcluya zəruri şərait yaratmaqdır. Bununla belə məhkəmə xüsusi olaraq vurğulayır ki, borclunun başqa bir işdə zərərçəkmiş şəxs olması hazırki icra sənədi üzrə olan öhdəlikdən onu azad etmir və hər hansı qaydada həmin iş üzrə ələ keçirilmiş əmlakın icrası vəziyyəti bu borcla əlaqələndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar