Məhkəmə qərarları › İş №3(060)-1879/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1879/2025

29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1879/2025 29.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əliyeva Pərvanə Kazım qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi X4, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.2000-ci ildə Dəvəçi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şabran rayonu, Əmirxanlı kəndində qeydiyyatda olan və Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Bazardüzü küçəsində yerləşən fərdi yaşayış evində yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi X1 Elşad Əlməmməd oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 29 iyul 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin sahə rəisi X6 izahatında bildirmişdir ki, X5 və Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə ərizə yazaraq xx.xx.2025-ci il tarixdə təxminən saat 01:45 radələrində Şəxs Məmməd oğlunun onları döyərək bədən xəsarəti yetirməsi barədə məlumat vermişdir. Müraciət üzrə təhqiqatçı tərəfindən araşdırma aparılmış, araşdırma zamanı izahatlar alınmış, həmçinin iş üzrə məhkəmə-tibbi ekspertiza təyin edilərək rəy alınmışdır. Rəyə əsasən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bədəni üzərində dərəcəsi təyin edilməyən xəsarətlər aşkar edilmişdir. Ona görə də cinayət işinin başlanması rədd edilmiş, eyni zamada Şəxs əməllərində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi yarandığı üçün onların barəsində inzibati qaydada tədbir görülməsi məqsədi ilə qərar ona göndərilmişdir. Təhqiqat materialları əsasında tərəfindən Şəxs Məmməd oğlu barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun ögey bacısıdır. Onunla normal münasibətləri olmuşdur. xx.xx.2025-ci il tarixdə təxmini saat 20 radələrində anası ilə birlikdə ögey bacısı Gülşadgilin evinə getmişlər. Orada gecə saat 03 radələrinədək Gülşadla yeyib və spirtli içki qəbul etdikdən sonra sonuncu onlara məlum olmayan səbəbdən qızı və oğlu ilə mübahisə etməyə başlamış və bir müddət keçdikdən sonra mübahisə daha da böyümüşdür. Bu zaman bacısı qızı Aişə evin həyət olan hissəsinə çıxaraq yerdə oturmuş və hönkürtü ilə ağlamağa başlamışdır. Həmin vaxt Gülşad da qışqıraraq qızının arxasınca söyüşlər söyərək çölə çıxmaq istəmiş, lakin o Gülşadı qapının ağzında tutub evə salmağa cəhd etmişdir. O Gülşadı çöl qapının yanından məcburi yataq otağına gətirmiş və itələyib çarpayıya uzandırmışdır. O, Gülşad və Aişəni döyməmiş və onlara heç bir xəsarət yetirməmişdir. Hadisə günü bacısı və bacısı qızı başqa digər şəxslərlə mübahisə etməmişdir. O, bacısı məcburi otağa apardığını və itələdiyini etiraf edir, lakin qeyd etdiyi kimi onu vurmamışdır. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 izahatında bildirmişdir ki, Şəxs onun ögey qardaşıdır. Həmin şəxslə davamlı olaraq mübahisələri olmuşdur. xx.xx.2025-ci il tarixdə axşam saatlarında qardaşı və anası onlara gəlmişlər. Elşad çox miqdarda spirtli içki qəbul etmişdir. Lakin, o spirtli içki qəbul etməmişdir. Təxminən saat 01:45 radələrində qızı Zərərçəkmiş şəxs2 “Tik Tok” sosial şəbəkəsində lazeroloq fəaliyyəti ilə canlı açdığı üçün irad tutmuşdur. Bu zaman Elşad otağa daxil olaraq onun boğazından tutmuş və divara itələmişdir. Nəticədə qolu divara dəymiş və xəsarət almışdır. Elşad həmin vaxt qızı Aişəni və oğlu Nihadı da vurmuşdur. Aradan keçən müddət ərzində aralarında barışıq əldə edilməmiş və hazırda şikayətçidir. Göstərilən halları nəzərə alaraq iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 izahatında bildirmişdir ki, Şəxs onun ögey dayısıdır. xx.xx.2025-ci il tarixdə saat 01:45 radələrində o qardaşı Nihad Almuradov və anası ilə birlikdə evdə olan zaman həmin dayısı da evdə olmuşdur. Daha sonra anası onu otağa salmış və “Tik Tok” sosial şəbəkəsində canlı açdığı üçün ona irad bildirmişdir. Bu zaman dayısı onların olduğu otağa gəlmiş və anası ilə mübahisə etməyə başlamışdır. O da qorxduğu üçün həyətə çıxmış, həyətə çıxan zaman dayısı arxadan onu təpiklə vurmuş, o pilləlkənlərdən yerə yıxılmış və huşu getmişdir. Həmin vaxt o, artıq huşunu itirdiyi üçün daha sonra baş verənlər barədə məlumatı olmamışdır. Aradan keçən müddət ərzində aralarında barışıq əldə edilməmiş və hazırda şikayətçidir. Göstərilən halları nəzərə alaraq iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsə istinad edilən inzibati xəta sübuta yetirilməmişdir. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 29 iyul 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə 01:45 radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Bazardüzü küçəsində yerləşən fərdi yaşayış evində X3 və Zərərçəkmiş şəxs2 döyərək xəsarət yetirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 1023 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş “sağ dirsək oynağının arxa səthinin 3 (üç) ədəd sıyrıqları, boyunun ön sağ səthinin aşağı 1/3nin qançırı” xəsarəti küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin müayinəsindən bir günə qədər olmaqla, xx.xx.2025-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə ələ gələ bilərdi, özü-özünə yetirməsi istisna edilir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 1024 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar edilmiş “sağ diz oynağının ön səthinin, sol diz oynağının ön səthinin sıyrıqları” xəsarəti küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin müayinəsindən bir günə qədər olmaqla, xx.xx.2025-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə ələ gələ bilərdi, özü-özünə yetirməsi istisna edilir və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. İş materiallarında olan X2 izahatından görünür ki, o xx.xx.2025-ci il tarixdə saat 01:45 radələrində yaşadığı evin həyətyanı sahəsində olan zaman anası Zərərçəkmiş şəxs1 ilə ögey dayısı Şəxs arasında yaranmışdır. Daha sonra o, evə daxil olmuş və mübahisənin dayanması üçün dayısını çölə çıxartmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də, onun Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi zərərçəkmiş şəxslərin və şahidin izahatları, məhkəmə-tibbi ekspertizasının rəyləri və işdə olan digər sənədlər ilə tam sübuta yetirilir. İş üzrə Şəxs məsuliyyətini istisna edən və məsuliyyətdən azad edilmə üçün hallar mövcud deyil. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü təqsirli bilməməsi özünü müdafiə xarkteri daşıyır, onun məhkəmə iclasında verdiyi izahatları işin halları ilə təkzib edilir. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-in aşağıdakı prinsip və müddəalarını nəzərə alır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 32-ci və 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Vəkil təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Vəkil məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar