Məhkəmə qərarları › İş №3(060)-1881/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1881/2023

09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1881/2023 09.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, X5 katibliyilə, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, icra sənədi üzrə tələbkar X3, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1983-cü ildə Qubadlı rayonu, Padar kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, Qubadlı rayonu, Padar kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 tərəfindən 09 avqust 2023-cü il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1420/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən yaranmış aliment borcunun ödənilməməsi müəyyən edilmişdir. İXM-nin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1420/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs iki uşağın saxlanması üçün cəmi 440,00 manat aliment pulu tutularaq icra sənədi üzrə tələbkar X4 ödənilməlidir. Borclu icra idarəsinə dəvət olunmuş, onun xx.xx.2023-cü il tarixdə izahatı alınmış və icraata başlama haqqında qərarın surəti təqdim olunmuşdur. Aliment borcu 1.860,00 manat təşkil edir, lakin borclu əlavə olaraq 1.060,00 manat ödədiyini və həmin ödənişlərlə bağlı ödəniş qəbzlərinin olduğunu bldirsə də, lakin qeyd olunan ödəniş qəbzləri ona təqdim olunmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə icra sənədi üzrə tələbkar X7 izahatında göstərdi ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1420/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs iki uşağın saxlanması üçün cəmi 440,00 manat aliment pulu tutularaq ona ödənilməlidir. Aliment borcu 1.860,00 manat təşkil edir və qeyd olunan borcun tam ödənilməsini tələb edərək Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətanın törədilməsində özünü qismən təqsirli bilərək, izahatında göstərdi ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan iki uşağın saxlanması üçün cəmi 440,00 manat aliment pulu tutularaq icra sənədi üzrə tələbkar X4 ödənilmişdir. xx.xx.2023-cü il tarixə qədər 1.060,00 manat ödəniş etmiş, lakin tələbkar ödənişləri aliment ödənişi kimi qəbul etməmişdir. O, İkinci Qarabağ müharibəsinin könüllü iştirakçısı olmuş, Qubadlı rayonunun işğaldan azad olunmasında göstərdiyi aktiv döyüş fəaliyyətinə görə təltif olunmuşdur. Qeyd olunanlara əsasən barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materialında olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmək üçün könüllü müraciət etmişdir və xx.xx.2023-cü il tarixdə müvafiq hərbi hissəyə qəbul edilmişdir. İş materialında olan Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Şəxs Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 24 iyun tarixli 2715 nömrəli Sərancamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İş materialında olan Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Məmmədov Əlirza oğlu Azərbaycan Respublikasının Baş Nazirinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərancamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə tələtif olunmuşdur. İcra haqqında Azərbaycan Respublikasinin Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, sözü gedən icra sənədi ilə bağlı Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 tərəfindən xx.xx.2023-cü ildə icraata başlama haqqında qərar qəbul edilərək tələbin könüllü icrası haqqında bildiriş borclunun qeydiyyatda olduğu ünvana göndərilsə də borclunun həmin qərar və bildirişi alması müəyyən olunmur, həmin sənədlər borcluya daha əvvəl təqdim olunmamışdır. İcraata başlama haqqında qərar xx.xx.2023-cü ildə borclunun izahatı alınmaqla ona təqdim olunmuşdur. Məhkəmə qeyd edir ki, Şəxs aliment ödənişləri mütəmadi olduğundan onun sözü gedən icra sənədini üzrsüz səbəbdən icra etməməsi müəyyən olunmur. İXM-nin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs əməlində İXM-nin 528.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 53.1.2, 114.1.4, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Sumqayıt şəhəri üzrə İcra idarəsi tərəfindən 09 avqust 2023-cü il tarixdə Şəxs barəsində MN seriyalı ******* №li protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar