Məhkəmə qərarları › İş №3(060)-1883/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1883/2021

25.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1883/2021 25.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru - X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs- Şəxs, Müdafiəçi - Sumqayıt Regional vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Şamaxı rayonu, Göylər kəndində anadan olmuş, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X4 tərəfindən 25 may 2021-ci il tarixdə vət. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2109/2017 saylı, 13.03.2017-ci il tarixli icra sənədinə əsasən 4230 manat pulu tələbkar tərəfə ödəməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq icra sənədi üzrə tələbkar məhkəmə iclasına gəlməmiş, Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 Məhkəmədə çıxış edərək bildirdi ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2109/2017 saylı, 13.03.2017-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 4200 (dörd min iki yüz) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu alınıb iddiaçı X2 verilməlidir. İndiyə qədər borclu şəxs tərəfindən cəmi 700 manat ödəniş edilmişdir. Tərəflər arasında hər ay 100 manat ödənişlə bağlı razılıq olsa da icra sənədi üzrə cavabdeh 2 ay ödəniş etmədiyindən yenidən icra sənədi üzrə tələbkar şikayətçi olmuşdur. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Odur ki, borclu şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində protokol tərtib edilmiş şəxs Şəxs izahatında bildirdi ki, həqiqətən də Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2109/2017 saylı, 13.03.2017-ci il tarixli icra sənədinə əsasən 4200 (dörd min iki yüz) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu ondan alınıb iddiaçı X2 verilməlidir. İndiyə qədər borcundan hər ay 100 manat olmaqla 7 ay ödəniş edə bilmişdir. Sonradan ödəniş edə bilməməsinin səbəbi səhhətindəki problemlər olmuşdur. Hazırda borcundan 100 manat ödəniş edir və növbəti aydan etibarən də hər ay 100 manat olmaqla ödəniş etməyə söz verir. Odur ki barəsində inzibati xətaya iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən müdafiəçi Vəkil borclu şəxsin məhkəmənin qətnaməsini qərəzli olaraq icra etməmək kimi bir niyyətinin olmadığını, hazırda borcundan da ödəniş etməsini nəzərə alaraq inzibati xətaya dair iş üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını və müdafiəçinin çıxışını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, Şəxs tərəfindən 21.07.2020-ci il, 16.08.2020-ci il, 15.09.2020-ci il, 20.10.2020-ci il, 27.11.2020-ci il, 21.01.2021-ci il, 03.03.2021-ci il tarixlərdə hər ay 100 manat olmaqla ödəniş edilmişdir. İnzibati işin materiallarına əlavə edilmiş Şəxs məhkəmə iclas zalında təqdim etdiyi 25.01.2021-ci il tarixli ərizəsindən görünür ki, Şəxs 100 manat ödəniş edir və növbəti aydan da hər ay 100 manat olmaqla ödəniş etməyə söz verir. İş materiallarından göründüyü kimi Şəxs hazırda 100 manat ödəniş etməsi, əvvəllər də borcundan ödənişlər etməsi onun ödəniş etməməsinin qərəzli xarakter daşımadığını göstərir. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs tərəfindən icra sənədinin üzrsüz səbəbdən qərəzli olaraq icra edilməməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İXM-nin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər Regional Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “xxxx” ASC-nin Sumqayıt filialı, hesab AZ03TURA **********10 00102944 VÖEN ********** Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Şəhər Məhkəməsinə şəhər şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar