Məhkəmə qərarları › İş №3(060)-1885/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1885/2022

03.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1885/2022 03.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2, Barəsində inzibati qərar çıxarılan şəxs X1 iştirakı ilə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 06 may 2022-ci il tarixli, MN № ******* saylı qərarından barəsində inzibati qərar çıxarılan şəxs X1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 06 may 2022-ci il tarixli, MN № ******* saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1 və 266.2-ci maddəsi ilə təqsirli bilinib, 3500 (üç min beş yüz) manat cərimə edilmişdir. Həmin qərardan narazı qalan X3 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 06 may 2022-ci il tarixli, MN №1287977 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 06 may 2022-ci il tarixli, MN № ******* saylı qərarına əsasən Sumqayıt şəhəri, Stansiya Sumqayıt ərazisində Quşçuluq müəssisəsində çirklənmənin qarşısını alan qurğu olmadan çirkab suların Sumqayıtçaya axıdılmasına görə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.2-ci maddəsinə əsasən vəzifəli şəxs kimi 3500 (üç min beş yüz) manat cərimə edilmişdir. O, Sumqayıt şəhəri, Stansiya Sumqayıt ərazisində Quşçuluq müəssisəsində hər hansı vəziyyətdə çirkab suları Sumqayıtçaya axıtmamışdır. Çünki, çirkab su müəssisədə ümumiyyətlə olmur. Müəssisədə yalnız cücələrə içməyə su verilir. Hər hansı vəziyyətdə çirkab su müəssisədə olmur. Bundan başqa 06 may 2022-ci il tarixli, MN № ******* saylı qərarda akt, protokol tərtib edildiyi qeyd edilmiş, lakin onun bu akt və protokoldan xəbəri olmayıb, bunlar ona təqdim edilməmişdir. Bundan başqa 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən ona 06 may 2022-ci il tarixli, MN №1287977 saylı qərarı xx.xx.2022-ci il tarixdə işlədiyi müəssisədə almışdır. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol onun iştirakı ilə tərtib olunmamış, protokoldan xəbəri yoxdur. Protokolda onun izahatı qeyd olunmamışdır. 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı tərəfindən saxta formal protokol tərtib olunmuşdur. O həmin inzibati xətanı törətmədiyi halda qanunsuz olara barəsində protokol tərtib edilmiş və 3500 manat cərimə olunmuşdur. Halbuki, barəsində olan inzibati işə baxılarkən o da dəvət edilməli və onun iştirakı ilə işə baxılıb qərar verilməli idi. Göründüyü kimi onun barəsinə protokolun tərtib olunması barədə hər-hansı bir məlumatı olmamış və protokolla tanış olmaq hüququ pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2ci maddəsinə görə protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. İnzibati xəta haqqında protokol tərtib olunarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, yəni onun hüquq və vəzifələrinin izah olunmasına, protokolun məzmunu ilə tanış olmaq və öz mülahizələrini bildirmək üçün şərait yaradılmamışdır. Onun qanunla qorunan bütün hüquqları pozulmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati qərar çıxarılan şəxs X3 şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 göstərdi ki, inzibati icraat aparılarkən aktda göstərilənlərdən kənara çıxılaraq X3 əlavə maddələrlə də tənbeh edilmişdir. Odur ki, X1 tənbeh edilməsinə dair inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, qərarın ləğv edilərək inzibati işin yenidən araşdırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməsi barədə qərar qəbul edilməsinə etiraz etmir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib, hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06 may 2022-ci il tarixli, MN № ******* saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən X1 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qərar qəbul edilərkən Azərbaycan Respublikası İXM-nin tələblərinə tam əməl edilməmiş, iş üzrə əhəmiyyət kəsb edən hallar ətraflı araşdırılmamışdır. İnzibati xəta haqqında iş materiallarına həmin inzibati xəta hadisəsinin baş verməsi, məhz X3 tərəfindən həyata keçirilməsi faktını təsdiq edən sübut əlavə edilməmişdir. Yuxarıda qeyd edilən bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06 may 2022- ci il tarixli, MN № ******* saylı qərarı mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının tam, obyektiv və hərtərəfli araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasına görə ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş barəsində inzibati qərar çıxarılan şəxs X1 iştirakı ilə yenidən baxılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxıldıqda, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 06 may 2022-ci il tarixli, MN № ******* saylı qərarı ləğv edilərək Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 134.1.4, 135-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati xəta haqqında 06 may 2022-ci il tarixli, MN № ******* saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən barəsində inzibati qərar çıxarılan şəxs X1 iştirakı ilə Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə baxılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar