Məhkəmə qərarları › İş №3(060)-1889/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1889/2025

30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1889/2025 30.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru – X1, Tələbkar Zərərçəkmiş şəxs və müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs barəsində Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən 30 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında MN ******* saylı protokol tərtib olunmuşdur, ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-265/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Hazırda 2112 manat aliment borcu vardır. Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar xx.xx.2025-ci ildə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şəxs qızı çıxış edərək bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində aliment ilk iddia üzrə cavabdeh Şəxs tutularaq ilk iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qərara alınmışdır. İcra sənədindən öncəki müvəqqəti təminat tədbiri barədə qərardada əsasən 2024-cü ilin noyabr ayından hər ay 400 manat aylıq ödənişləri həyata keçirmişdir. Lakin buna baxmayaraq icra sənədi üzrə bu günə 2112 manat borc yaranmışdır. Borclu hər ay 600 manat ödənişlər edəcəyini bildirsə də, tələbkar onunla razılaşmadığı üçün barəsində inzibati protokol tərtib edilərək məhkəməyə gətirilmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə tələbkar Zərərçəkmiş şəxs izahatında bildirdi ki, məhkəmə qətnaməsindən öncə müvəqqəti təminat tədbiri barədə qərardad çıxarılmış və hər uşağa 200 manat olmaqla ümumilikdə 400 manat aliment onun xeyrinə tutulmalı idi. Borclu aylıq ödənişləri çox çətinliklə yalnız icra məmurunun tələbindən sonra aylıq ödənişləri həyata keçirdirdi. O, uşaqları azyaşlı olduğu üçün özüdə işləmir. Uşaqları aylıq 400 manat alimentlə saxlaya bilmir. Bu səbəbdən yaranmış borcu tam tələb edir. Ödənilmədiyi halda borclu barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə tələbkarın müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil bildirdi ki, yaranmış borcun hissə-hissə ödənilməsinə razı deyillər. Belə ki, qətnamə 11 iyun 2025-ci il tarixdə icraya yönəldilib və borclu bu barədə məlumatlandırılıb. Artıq 1 ay keçməsinə baxmayaraq borclu yenədə 400 manat aliment ödəyib. Borclu növbəti aylarda 600 manat ödəyəcəyini bildirsə də, bundan əvvəlki bir ayı 600 manat ödəniş edə bilərdi. Hesab edir ki, borclunun növbəti aylarda 600 manat ödəniş etməsi sadəcə verilən vədlərdir. Bu səbəbdən borcu tam tələb edir, ödənilmədiyi halda inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, o, icra sənədinin icrasında heç vaxt boyun qaçırmamışdır. Belə ki, o, hər ay 400 manat alimenti vaxtında ödəmiş və heç bir gecikməsi olmamışdır. Hazırki icra sənədindən son iki həftədə məlumatı olmuşdur. Bu səbəbdən o, növbəti aylarda 600 manat ödənişlər edəcəkdir. O, özü heç yerdə işləmir, atasının təqaüdü ilə alimenti ödəyir. Bu səbəbdən yaranan borcu tam ödəməyə maddi imkanı yoxdur. Qeyd olunanları məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında çıxış edən müdafiəçi X8 bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin icra sənədinin icrasından yayınmadığını və ödənişlər etməsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-265/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində aliment ilk iddia üzrə cavabdeh Şəxs tutularaq ilk iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcraata başlamaq haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-265/2025 nömrəli icra sənədi üzrə həmin tarixdə icraata başlanılmışdır. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(060)-265/2025 nömrəli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün Şəxs xx.xx.2025-ci il tarixdə təqdim olunmuşdur. Məhkəmə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 528.1-cı maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. - 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə hesab edir ki, Şəxs hazırda aliment borcundan qismən ödəniş etməsi, qalan məbləği ödəməsi barədə öhdəlik götürməsi və gələcəkdə də ödənişlər etməkdən imtina etməməsi onun qərəzli olaraq məhkəmə qətnaməsini icra etməkdən boyun qaçırmadığını göstərir. Həmçinin qeyd edilən hallar icra məmuru və özünün izahatı ilə də təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. -8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. - 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. -528.1-ci maddəsinin Qeyd hissəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. - 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda şərh olunanlara əsasən, Məhkəmə hesab edir ki, X6 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin: - 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. -66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə həmçinin hesab edir ki, vəkil X4 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114.1.4, 115, 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Vəkil X8 tərəfindən göstərilmiş 03 saat hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsin vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar