Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1890/2024 26.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Qərardan şikayət vermiş şəxs İsayev Elşad Nəsrəddin oğlunun iştirakı ilə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli AYN ******* saylı X3 Nəsrəddin oğlu tərəfindən verilmiş şikayətə baxaraq, müəyyən etdi: İsayev Elşad Nəsrəddin oğlu Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi ilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli AYN ******* saylı protokol və onun əsasında qəbul olunmuş eyni tarixli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İsayev Elşad Nəsrəddin oğlu ərizəsini onunla əsaslandırmışdır ki, 01 avqust 2024cü il tarixdə o, 1181 qısa nömrəsinə sms göndərərək ona məxsus **-FA-*** nömrə nişanlı, Kia sorento markalı avtomobilini 10915 nömrəli məntəqədə park etmişdir, 01 avqust 2024cü il tarixdə saat 10:27-də parklamanı sonlandırdığı üçün ondən 10915 nömrəli məntəqədə parklanmaya görə balansından 0.7 AZN vəsait çıxılmışdır. Daha həmin gün bir neçə saat sonra ona məlum olmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 10:25:20-dəqiqədə onun barəsində İnzibati Tənbeh vermə haqqında Qərar tərtib olunmuşdur. Qərara əsasən onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı (346-1.1. Nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə ) törətdiyi və törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. Barəsində heç bir qanuni əsası olmayan inzibati protokol tərtib edilmiş, heç bir əsaslandırma heç bir qanuni istinad göstərmədən, öz versiyalarını sübuta yetirmədən barəsində “X4” AR Qanunun tələblərini pozmaqla 20 manat məbləğində cərimə edilməyi ilə bağlı qərar çıxarılmışdır. Hörmətli məhkəmə AR.İXM-nin yuxarıda qeyd olunan maddəsinin tələblərindən də göründüyü kimi onun barəsində tərtib olunmuş protokolun və həmin protokol əsasında qəbul edilmiş qərarın heç bir hüquqi qüvvəsi yoxdur və bu səbəbdən də həmin qərar ləğv olunmalıdır. Belə ki, o, həmin gün, həmin an üçün qanunla müəyyən olunmuş parklamanı etmişdir, parklama sona çatdıqda isə parklamanı sonlanmdırlmışdır və onun balansından müvaffıq ödəniş çıxılmışdır. Necə ola bilər ki, saat 10:27-də parklamanı sonlandırdığı üçün ondan 10915 nömrəli məntəqədə parklanmaya görə balansından 0.7 AZN vəsait çıxılır? saat 10:25:20-dəqiqədə onun barəsində İnzibati Tənbeh vermə haqqında Qərar tərtib olunur? Qeyd olunanlara əsasən AYN ******* nömrəli, 01 avqust, 2024-cü il tarixli protokol və onun əsasında qəbul olunmuş eyni tarixli qərarını ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında çıxış edən şikayətçi İsayev Elşad Nəsrəddin oğlu şikayət ərizəsini müdafiə edərək təmin edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli AYN ******* saylı qərarına əsasən İsayev Elşad Nəsrəddin oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi ilə inzibati xəta törətdiyinə görə barəsində 20 (iyirmi) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Fotoşəkil iş materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsinə əsasən “Nəqliyyat vasitəsinin istifadəçisi tərəfindən nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə – iyirmi manat məbləğində cərimə edilir.” Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.6-cı maddəsinə əsasən Bu Məcəllənin 346.1 346.2, 346.4–346.9, 346-1.1–346-1.4 və 346-1.6–346-1.8ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə hesab edir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli AYN ******* saylı qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, **-FA-*** nömrəli avtomobil 10915 nömrəli məntəqədə park edilmiş, parklanmanın sonlanması ilə bağlı 1181 qısa nömrəsinə sms göndərilmiş, sorğu qeydə alınaraq park müddəti sonlandırılmış və **- FA-*** nömrəli avtomobilin xx.xx.2024-cü il tarixdə saat 10:27-dək 10915 nömrəli məntəqədə parklanmasına görə balansdan 0.7 AZN vəsait çıxılmışdır. Göründüyü kimi şəxs parklanma məntəqəsinə daxil olduqdan sonra sms vasitəsi ilə parklanma müddəti başlatmış, nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən edilmiş ödənişi etmişdir. Lakin, xx.xx.2024-cü il tarixdə saat 10:25-də 10915 nömrəli məntəqədə xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına görə şəxs barəsində İXM-nin 346-1.1-ci maddəsinin tələblərinin pozulması ilə bağlı cərimə olunması barədə qərar edilmişdir. “X4” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinin Xİ hissəsinə əsasən parklanma yerləri ödənişli və ödənişsiz ola bilər. Parklanmaya görə ödəniş SMS və ya xüsusi proqram təminatı vasitəsilə elektron qaydada həyata keçirilir. Bu zaman ödənişə dair məlumatlar dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə ötürülür. Həmin Qanunun 53-cü maddəsinin XV hissəsinə əsasən ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Parklanma yerinə daxil olduqda nəqliyyat vasitəsinin istifadəçisi SMS və ya xüsusi proqram təminatı vasitəsilə parklanma müddətini başlatmalıdır. Nəqliyyat vasitəsinin istifadəçisi parklanma yerini tərk edərkən SMS və ya xüsusi proqram təminatı vasitəsilə parklanma müddətini bitirməli və parklanma müddətindən asılı olaraq bu maddənin Xİ hissəsində göstərilən üsullardan biri vasitəsilə ödəniş etməlidir. Həmin Qanunun 53-cü maddəsinin XİX hissəsinə əsasən bir parklanmanın müddəti 24 saatdan artıq ola bilməz. Nəqliyyat vasitəsi parklanma yerində 24 saatdan artıq saxlandıqda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır, nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın mühafizə olunan duracağına aparılır və nəqliyyat vasitəsinin istifadəçisinə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Nəqliyyat vasitəsinin istifadəçisi nəqliyyat vasitəsinin aparıldığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın mühafizə olunan duracağı barədə məlumatı SMS və ya xüsusi proqram təminatı vasitəsilə də əldə edə bilər. Həmin Qanunun 53-cü maddəsinin XXİ hissəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi nəqliyyat vasitəsi ilə ödənişli parklanma yerinə daxil olduqdan sonra xüsusi proqram təminatı və ya SMS vasitəsilə parklanma müddətinin başladılmamasına, nəqliyyat vasitəsinin parklanmaya görə müəyyən edilmiş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.2-ci maddəsinə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, yuxarıda qeyd edilən bütün hallar və normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, İsayev Elşad Nəsrəddin oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346-1.1-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2024cü il tarixli AYN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İsayev Elşad Nəsrəddin oğlunun şikayəti təmin edilsin. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən qəbul edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli AYN ******* saylı qərar ləğv edilsin və onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №3(060)-1890/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1890/2024
26.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver