Məhkəmə qərarları › İş №3(060)-1892/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1892/2024

12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1892/2024 12.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə icra İdarəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan Şəxs (şəxsiyyət vəsiqəsinin seriyası: AA*******) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 tərəfindən xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, borclu Fərziyev X5 Rayon Məhkəməsinin 2(049)-107/24 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə ödənilməli aliment üzrə ümumi borc 1200 manat qərəzli olaraq 8 ay ərzində ödəməmişdir. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 məhkəmə iclasında bildirdi ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-107/24 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2015-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 09 yanvar 2024-cü il tarixdən başlayaraq Şəxs hər ay sabit pul məbləğində 150 manat məbləğində aliment tutularaq cavabdeh X2 verilməsi qət edilmişdir. Hazırda borclunun 1200 manat aliment borcu vardır. Dəfələrlə borcun ödənilməsi ilə bağlı borcluya müraciət olunsa da, borclu qərəzli olaraq işləmədiyini bəhanə edib, ödəniş etməkdən boyun qaçırdır. Ona görə də, borclu barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokolu müdafiə etdiyini və borclu Şəxs barəsində qanuna müvafiq inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, o, işləmədiyi üçün aliment borcunu ödəyə bilmir. Bu barədə icra məmuruna da bildirmişdir. Hazırda tələb olunan aliment borcunu tam ödəməyə maddi imkanı çatmır. Ona vaxt veriləcəyi halda hissə-hissə ödəyəcəkdir. Qeyd etdiklərini nəzərə alaraq barəsində inzibati protokola xitam verilməsini məhkəmədən xahiş etdi. Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ailə vəziyyətini və maddi durumunu nəzərə alıb onun barəsində olan inzibati protokolu təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 2(049)-107/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2015-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 09 yanvar 2024-cü il tarixdən başlayaraq Şəxs hər ay sabit pul məbləğində 150 manat məbləğində aliment tutularaq cavabdeh X2 verilməlidir. İş materialında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin tələbin könüllü icrası haqqında bildirişlərdən göründüyü kimi, borclu Şəxs icra sənədinin icra olunması üçün hüquq və vəzifələri başa salınmışdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyası həddində inzibati həbs inzibati tənbeh tədbiri tətbiq edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutatarq, məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs olunsun. Həbs olunmanın əvvəli 12 avqust 2024-cü il, saat 17:00-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilən X6 Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar