Məhkəmə qərarları › İş №3(060)-1899/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1899/2025

30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1899/2025 30.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tətib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X8, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Mehmanova (Kərimova) Aypara Murtuza qızının və Şimal Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Masazır qəsəbəsi, M.S.Ordubadi küçəsində yerləşən fərdi yaşayış evində yaşayan (FİN: xxxxxxx) Mehmanova (Kərimova) Aypara Murtuza qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X9 tərəfindən Mehmanova (Kərimova) Aypara Murtuza qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-1164/2024 saylı icra sənədi Mehmanova (Kərimova) Aypara Murtuza oğlu tərəfindən üzrsüz səbəbdən icra edilməmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X9 bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)- 1164/2024 saylı icra sənədinə əsasən borclu Mehmanova (Kərimova) Aypara Murtuza qızından xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 60 manat olmaqla 240 manat sabir pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş üzə xx.xx.2024-cü ildə icraata başlama barədə qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş borcluya təqdim edilmişdir. Borclu çağırışlara vaxtlı-vaxtında gəlmişdir. Hazırda borclunun 2690 manat aliment borcu var. Bugünədək borclu icra sənədi üzrə ümumilikdə 950 manat ödəniş etmişdir. Sonuncu ödəniş isə xx.xx.2025-ci il tarixdə 200 manat olmuşdur. Borclu əvvəl işləmiş, tələb onun əmək haqqında yönəldilmişdir. Lakin, bir ay tutma aparıldıqdan sonra işdən çıxmışdır. Hazırda borclunun rəsmi iş yeri yoxdur, elektron icra sistemində iş yeri görünsə də, həmin iş yerinən çıxmışdır, sadəcə keçmiş əmək müqaviləsi sistemdə görünür. Borclunun mülkiyyətində hər hansı əmlak yoxdur və rəsmi gəliri müəyyən edilməmişdir. Borclu izahatında maddi vəziyyətinin pis olmasını qeyd edərək ödəniş etmir. Göstərilən halları nəzərə alaraq Mehmanova (Kərimova) Aypara Murtuza qızı barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Mehmanova (Kərimova) Aypara Murtuza qızı bildirmişdir ki, o, dırnaq ustasıdır. Əvvəllər onun işi yaxşı olduğu üçün yaranmış 4000 manat aliment borcundan hər ay 200-250 manat ödənişlər etmişdir. Hal-hazırda bel nahiyyəsində ağrılar yarandığı üçün işləyə bilmir və icra sənədi üzrə ödənişlər edə bilmir. Həmçinin qətnamə üzrə ona öz uşaqları ilə görüş imkanı verilsə də, tələbkar ona uşaqlarını göstərmir. Həmçinin bildirmişdir ki, onların aralarında əmlak bölgüsü ilə bağlı müvafiq məhkəmə qərarı mövcuddur. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra alacağı pulla ödənişi tam yerinə yetirəcək. Hazırda ödəniş edə bilməsə də, növbəti aydan aydan ödənişlər edəcək. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, borclu ilə birgə nikahlarından dörd uşaqları var. Uşaqlar onun himayəsindədir. O, borcluya uşaqlarla görüşməyə şərait yaratmışdır. Onlar birgə nigah dövründə ipoteka krediti əsasında ev almışlar. Hal-hazırda borclu həmin evin bölünməsi ilə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qətnaməyə əsasən satışdan əldə olunmuş məbləğin 13000 manatını borcluya verilməsi qət edilmişdir. Borclu aliment borcunu ödəməmək üçün yalandan belində ağrıların olduğunu deyir. O, şikayətçidir və icra sənədi üzrə aliment borcunun tam ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Şimal Vəkil Bürosunun vəkili X2 hüquqlarını müdafiə etdiyi şəxsin icra sənədinin icrasında qərəzli yayınmadığını, maddi imkanının olmadığını və qadın olmasını nəzərə alınmağı məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Mehmanova (Kərimova) Aypara Murtuza oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-1164/2024 saylı icra sənədindən görünür ki, borclu Mehmanova (Kərimova) Aypara Murtuza qızından xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 60 manat olmaqla 240 manat sabir pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlama haqqında qərardan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-1164/2024 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-1164/2024 saylı icra sənədi üzrə tələbin 10 gün müddətində könüllü icrası borclu Mehmanova (Kərimova) Aypara Murtuza qızına təklif edilmiş, əks halda məsuliyyət daşıması ona izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-1164/2024 saylı icra sənədinə əsasən borclu Mehmanova (Kərimova) Aypara Murtuza qızından xx.xx.2006-cı il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X5, xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 60 manat olmaqla 240 manat sabir pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş üzə xx.xx.2024-cü ildə icraata başlama barədə qərar qəbul edilmişdir. Tələbin könüllü icrası barədə bildiriş borcluya təqdim edilmişdir. Borclu icra sənədi üzrə qismən olmaqla 950 manat ödəniş etsə də, qalan borcu ödəməmiş, nəticədə onun 2690 manat aliment borcu yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Mehmanova (Kərimova) Aypara Murtuza qızının qeyd edilən hərəkətləri, yəni icra sənədi üzrə ödənişləri tam yerinə yetirməməsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Mehmanova (Kərimova) Aypara Murtuza qızının barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-in aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 32-ci və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Mehmanova (Kərimova) Aypara Murtuza qızının məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X1 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Mehmanova (Kərimova) Aypara Murtuza qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili X1 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar