Məhkəmə qərarları › İş №3(060)-1900/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1900/2023

09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1900/2023 09.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə icra idarəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Vəkil, İcra sənədi üzrə tələbkar X1 iştirakı ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayev tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol tərtib olunmuş, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə təqdim edilmişdir. Protokolda göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1119/2023 saylı icra sənədinə əsasən borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru Ramil Babayev izahatında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1119/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2011-ci il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla,ümumilikdə 510 manat sabit pul məbləğində aliment tutularaq X5 verilməlidir. Lakin Şəxs tərəfindən üzrsüz səbəbdən məhkəmə qərarı qanunla müəyyən edilmiş vaxtda icra edilməmiş və hazırda 1500 manat aliment borcu yaranmışdır. Borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Buna görə də Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, özünü alimentin vaxtında ödənilməməsində təqsirli bilir, həqiqətən də Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1119/2023 saylı icra sənədinə əsasən onun tələbkara 1500 manat aliment borcu vardır. O, Sumqayıt şəhəri ərazisndə yerləşən restoranların birində dönərçi işləyir. Barəsində qəbul edilmiş qətnamədən yalnız İcra məmuru tərəfindən məlumatlandırımış, məhkəmənin keçirilməsindən xəbəri olmamışdır. Tələbin könüllü icrası barədə bildiriş və qərarı xx.xx.2023-cü il tarixdə qəbul etmiş və həmin tarixdən sonra ardıcıl olaraq aliment borcundan mütəmadi olaraq ödənişlər etmişdir. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək ümumilikdə 1560 manat məbləğində tələbkara aliment ödəmişdir. Hal-hazırda işi zəif olduğundan tam olaraq, ödəniş etməyə imkanı yoxdur. Hazırda 1500 manat aliment borcunu 15 gün ərzində ödəyəcəyinə söz verir. Bununla bağlı tələbkarla razılığa gəlmişdir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmədə icra sənədi üzrə tələbkar X7 məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1119/2023 nömrəli icra sənədinə əsasən borclu Şəxs 1500 manat aliment tutularaq ona verilməlidir. Borclu Şəxs 15 gün ərzində yığılan aliment borcunu ödəyəcəyinə söz verdiyi üçün onunla razılaşır. Buna etiraz etmir. Qeyd olunanların nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş qəbzlərin surətindən görünür ki, borclu Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 50 manat, xx.xx.2023-cü il tarixdə 130 manat, xx.xx.2023-cü il tarixdə 130 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə isə 500 manat olmaqla ardıcıl olaraq ödənişlər etmişdir. İş materiallarına əlavə edilmiş, elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası qaydaları və şərtləri “İcra haqqında” Qanun ilə tənzimlənir. İcra haqqında qanunvericilikdə məhkəmə və digər orqanların qərarlarının məcburi icrası vəzifəsi icra məmurunun üzərinə qoyulmuş və sonuncunun bununla əlaqədar tələblərinin Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğu təsbit edilmişdir. “İcra haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilən Qanunda, həmçinin məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurları tərəfindən edilməli olan hərəkətlərin, görülə biləcək tədbirlərin, o cümlədən məcburi icra tədbirlərinin dairəsi və müddətləri müəyyən edilmişdir. “İcra haqqında” Qanunun 43-cü maddəsində icra məmurları tərəfindən görülə bilən məcburi icra tədbirləri kimi borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi, icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən AR İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmamışdır. Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1119/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 1500 manat borcu vardır. Borc ödənilməmişdir. Buna görə də, icra məmuru tərəfindən həmin borcun qərəzli olaraq ödənilməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi qənaətinə gəlinmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Maddənin “Qeyd” hissəsində bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunduğu göstərilmişdir. “İcra haqqında” Qanunun 23-cü maddəsində - tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılması əsaslarından biri kimi tələbkarın bu barədə müvafiq ərizəsinin olması təsbit edilmişdir. Qeyd olunan normanın məzmunundan göründüyü kimi, tələbkar hətta icra edilməyən icra sənədinin məhkəməyə geri qaytarılması barədə ərizə yazmaqla həmin icra sənədini məhkəməyə və digər orqana geri qaytarılması barədə müraciət edə bilər. Bu tələbkarın qanunla təsbit edilmiş hüququdur. Qeyd olunan inzibati xətaya görə məsuliyyətin yaranması üçün inzibati xəta tərkibinin obyektiv tərəfinin vacib elementi kimi şəxsin hərəkətinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə yönəlməsi və subyektiv tərəfinin elementi kimi şəxsin əməlinin hüquqa zidd xarakterini dərk etməsi, onun nəticələrini qabaqcadan görməsi və həmin nəticələri arzu etməsi, yəni şəxsin etdiyi hərəkətləri qəsdən törətməsi zəruri şərtlər kimi müəyyən edilmişdir. Lakin tərtib olunmuş inzibati xəta haqqında protokolda icra sənədinin məhz hansı üzrsüz səbəbdən yerinə yetirilməməsi öz əksini tapmamışdır. Subyektiv cəhətin zəruri elementi olan qəsdən alimentin ödənilməməsi icra məmuru tərəfindən sübuta yetirilməmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə verdiyi izahatında tələbkarla razılığa gəldiklərini, 1500 manat aliment borcunu 15 gün ərzində ödəyəcəyini bildirmişdir. Həmçinin iş materiallarına əlavə olunmuş qəbzlərin surətindən də görünür ki, borclu Şəxs tərəfindən tələbin könüllü icrası barədə bildiriş və qərarın surəti təqdim edildiyi tarixdən sonra mütəmadi olaraq ödənişlər etmiş, lakin icra məmuru tərəfindən qeyd edilən hallar araşdırılmadan, inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göründüyü kimi hazırda borclunun tələbkara 1500 manat aliment borcu olmasına baxmayaraq tələbkar həmin borcun hissə-hissə ödənilməsi ilə bağlı Şəxs ilə razılığa gəlmiş və bu halı nəzərə alaraq məhkəməyə ərizə ilə müraciət edərək inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Yuxarıda qeyd olunan normaların məzmunundan çıxış edərək məhkəmə hesab edir ki, İXM-nin 528.1-ci maddəsinin “Qeyd” hissəsi və “İcra haqqında” Qanunun 23.1-ci maddəsinin tələbləri əsas götürülməklə, o cümlədən borclunun vaxtlı-vaxtında aliment öhdəliklərini yerinə yetirməsi və tələbkarın hazırkı vəziyyətdə borcludan şikayətçi olmaması baxımından faktiki hallar iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Qeyd olunanlardan göründüyü kimi, hazırda Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar