Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1909/2025 31.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş 31 iyul 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:00 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən kafedə mübahisə edərkən ictimai asayişi pozan xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin polis sahə rəisi Sənan İbrahimov izahatında bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:00 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən kafedə mübahisə edərkən ictimai asayişi pozan xuliqanlıq hərəkətləri etmişdir. Lakin, Şəxs bildirir ki, hadisə zamanı zərərçəkmişlə heç bir qərəzi olmayıb. Hadisə ictimai yerdə baş verib və Şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs təhqir etmişdir. Protokolu müdafiə edir. Əlavə olaraq verilmiş suala cavab olaraq bildirmişdir ki, Post Patrul əməkdaşları onlara yaxınlaşmış və Polis Bölməsinə gətirilmişlər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, həmin gün kafeyə getmiş, 5.80 ( beş manat səksən qəpik) borcu olmuş və üzərində yetərli məbləğ olmadığı üçün ödəyə bilməmişdir. Bundan sonra həmin kafedən 200 metr məsafədə olan başqa kafeyə getmiş və orada pivə içmişdir. Həmin kafeyə getməsinin səbəbinin orada pul gözlədiyini bildirmişdir. O, həmin kafedə olduqda Zərərçəkmiş şəxs oraya hirslə gəlmişdir. O, Səkinəni təhqir etmədiyini, əgər təhqir edəsi olsaydı, Səkinənin öz obyektində təhqir edə biləcəyini bildirmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Şəxs şikayətçidir. Belə ki, Ramin indiyə qədər bir neçə dəfə onun obyektinə gəlmiş, lakin hesabı ödəyə bilmədiyi üçün bundan sonra ona obyektinə gəlməməsini bildimişdir. Çünki Raminlə arasında hər dəfə mübahisə baş verirmiş. Axırıncı dəfə xx.xx.2025-ci ildə onun obyektinə gəlmiş və içdiyi pivənin pulunu ödəmədən başqa obyektə gedərək 1 saata gələcəyini bildirmişdir. Bundan sonra o, Raminin atasına zəng edərək baş vermiş hadisə barəsində məlumat vermişdir. Atası isə pulu ödəyə biləcəyini Səkinəyə demişdir. Daha sonra o, Raminin getdiyi kafeyə getmiş, ondan pulunu tələb etmişdir. Lakin Ramin onu uca səslə ictimai yerdə təhqir etmiş, nalayiq ifadələr işlətmişdir. O bildirmişdir ki, onun obyektində kamera var deyə Ramin onu öz obyektində yox, digər obyektdə təhqir etmişdir. Qeyd olunanları nəzərə alaraq Şəxs barəsində ədalətli qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi qismində iştirak edən X3 məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs məhkəməyədək və məhkəmə iclası zamanı təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır. Şəxs təqsiri zərərçəkmiş şəxsin izahatı ilə və digər iş materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:00 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən kafedə mübahisə edərkən ictimai asayişi pozan xuliqanlıq hərəkətləri etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli A/1697 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən görünür ki, Şəxs yüngül dərəcəli alkoqol sərxoşluq aşkar olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il saat 18:20-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2021-ciil tarixdə saat 18.00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 17:00 radələrində Ramin adlı şəxs onu nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Beləliklə, Şəxs əməli xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərdən ibarətdir. Şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinn 510-cu maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-in 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cı maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın hallarını və xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini məsuliyyətini yüngülləşdirən halın olmasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Bu növ tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, vəkil X2 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 1-cihissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115.1, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulduğu 01 (bir) gün müddət nəzərə alınaraq 50 (əlli) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-1909/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1909/2025
31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver