Məhkəmə qərarları › İş №3(060)-1913/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1913/2025

01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1913/2025 01.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü PB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, idman müəllimi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqıqnda protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt ŞPİ-nin 4cü Polis Bölməsinin sahə rəisi X2 izahatında göstərmişdir ki, Şəxs üzərində narotik vasitələri saxlaması və istehlakı barədə daxil olmuş əməliyyat məlumatı əsasında o xx.xx.2025-ci il tarixdə saat 16:30 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Qubadlı İcra Hakimiyyəti binasının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilmiş, orada vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, bu zaman Şəxs əynində olan şalvarın cibində bir sellofan bükümdə kütləni təqdim edərək narkotik vasitə olan marixuna olmasını bildirmiş, həmin büküm çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Daha sonra aşkar edilmiş edilmiş maddə ekspertizaya göndərilmiş və ekspert rəyinə əsasən həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olması müəyyən edilmişdir. Lakin, aşkar edilmiş marixuanın miqdarı xeyli miqdar təşkil etmədiyi üçün cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə eyni zamanda məhkəmə-narkoloji ekspertizası təyin edilmiş, alınmış rəyə əsasən Şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması müəyyən edilmişdir. Həmçinin bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 16:30 radələrində saxlanıldıqdan sonra əvvəl cinayət törətməkdə şübhəli şəxs kimi tutulmuş, cinayət işinin başlanması rədd edildikdən sonra isə azad edilməmiş inzibati qaydada tutulmuşdur. Yəni, bu müddət ərzində şəxsin azadlığı fasiləsiz məhdudlaşdırılmışdır. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, üzərindən aşkar olunmuş narkotik vasitəni Bakı şəhəri, 20 Yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən 10 manata almış və şəxsi istifadəsi üçün öz üzərində saxlamışdır. O, xx.xx.2025-ci il tarixdə saat 16:30 radələrində polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Qubadlı İcra Hakimiyyəti binasının yaxınlığında saxlanılmış və idarəyə gətirilmişdir. İdarədə ona vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışzamanı o, əynində olan şalvarın cibindən içərisində qurudulmuş marixuana olan 01 ədəd büküm təqdim etmişdir. Hazırda etdiyi əməldən peşmandır. Atasının müharibə veteranı, özünün isə qaydasız döyüş üzrə dünya çempionu və himayəsində azyaşlı uşağının olmasını nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin əməlindən peşman olmasını, atasının müharibə veteranı, özünün isə qaydasız döyüş üzrə dünya çempionu və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq onun barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin əməliyyat müvəkkili X3 izahatında bildirmişdir ki, Şəxs Sumqayıt şəhəri ərazisində qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı xx.xx.2025-ci il tarixdə saat 16:30 radələrində Şəxs Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Qubadlı İcra Hakimiyyəti binasının yaxınlığında saxlanılmış, özlərini ona təqdim edərək polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və üzərində gəzdirilməsi ilə bağlı şübhəli olmasını bildirmişlər. Şəxs şübhəli şəxs kimi Sumqayıt şəhər Polis İdarəsinə gətirmişlər. İdarədə Şəxs vəkil təqdim edilmiş, həmçinin hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxs əynindəki şalvarın cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Bükümə baxış keçirilərkən içərisindən narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş, daha sonra isə qablaşdırılaraq götürülmüş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı, şahidin izahatı, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər, ekspert rəyləri və və işdə olan digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci ildə saat 16:30-da Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Qubadlı İcra Hakimiyyəti binasının yaxınlığında Sumqayıt ŞPİnin CAŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt Şpi-yə gətərilmiş və üzərindən 0,520 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli şəxsi axtarışın keçirilməsi barədə protokoldan və şəxsi axtarış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müyyən edilmişdir ki, şəxsi axtarış zamanl Şəxs əynində olan şalvarın cibindən çıxarıb bir bükümü təqdim etmiş, bükümün içərisində olan bükümdə qurudulmuş marixuanaya bənzər kütlər aşkar edilmişdir. Həmin kütlə bükümü ilə birlikdə çəkilərkən çəkisinin 0,59 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Şəxs üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə olan marixuana olmasını, həmin narkotik vasitəni həmin tarixdə Bakı şəhəri, 20 Yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 20/664 saylı məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Şəxs üzərindən aşkar edilmiş 1 (bir) büküm maddə..” yazılar və imzalar olan kağız paketdəki,01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,520 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələrə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Qeyd: Marixuananın çəkisi 0,520 qram, tədqiqata təqdim edildi – 0,02 qram, qalıq 0,500 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 31.7.2025-ci il tarixli, 4613 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 30 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 16:30-də tutulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işinin başlanması rədd edilmiş, eyni zamanda Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə araşdırma aparılması üçün materialların surəti Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə göndərilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında 31 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 21:00-da tutulmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz etirafı ilə yanaşı, şahidin izahatı, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər, ekspert rəyləri və işdə olan digər sənədlər ilə tam sübuta yetirilir. İş üzrə Şəxs məsuliyyətini istisna edən və məsuliyyətdən azad edilmə üçün hallar mövcud deyil. Ona görə də, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsirini etiraf etməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməli, və inzibati həbs etmənin əvvəli onun saxlanıldığı 30 iyul 2025-ci il tarixdən saat 16:30-dan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekpertiza tədqiqatından sonra qalıq qalmış 0,5 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Şəxs təyin edilmiş inzibati həbs müddətinin başa çatdığı gün o inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməli, qərarın icrası inzibati həbs və şəxsin məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməsi hissəsində Sumqayıt Şəhər Polis İdarəsinə, məcburi müalicənin icrasına nəzarət edilməsi hissəsində isə yaşayış yeri üzrə Suqmayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 37-ci maddəsinə əsasən 37.1. İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 37.2. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. 37.3. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. 37.4. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 37.5. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. 37.7. İxtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. Məhkəmə həmçinin hesab edir ki, Vəkil təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək onun barəsində 02 (iki) ay müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli 30 iyul 2025-ci il tarixdən saat 16:30-dan hesablansın. Qərar inzibati həbs etmə hissəsində dərhal icra edilsin. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Şəxs təyin edilmiş inzibati həbs müddətinin başa çatdığı gün o inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Qərarın icrası inzibati həbs və Şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməsi hissəsində Sumqayıt Şəhər Polis İdarəsinə, məcburi müalicənin icrasına nəzarət edilməsi hissəsində isə Sumayıt şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekpertiza tədqiqatından sonra qalıq qalmış 0,5 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza xərci dövlətə aid edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar