Məhkəmə qərarları › İş №3(060)-1915/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1915/2025

01.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1915/2025 01.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi ilə, Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər DYPŞ-nin Yol Patrul Xidməti inspektoru X1, Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin polis sahə rəisi Tahir Şahhüseynov, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1984-cü ildə Şuşa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan (xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1, 511.1.3 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 511.1.3-cü maddələri ilə xx.xx.2025-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında tərtib olunmuş protokolda Şəxs nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmiş, həmçinin nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2025ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokolda isə xx.xx.2025-ci il tarixdə, saat 23 radələrində Sumqayıt şəhəri, Çerkassi küçəsində YPX əməkdaşları tərəfindən keçilən reyddə saxla əmrinə tabe olmamış, yüksək sürətlə qaçmış, yaxalanan zaman polisin qanuni göstəriş və tələbinə tabe olmayaraq inzibati xəta törətmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsi və Sumqayıt şəhər DYP Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(060)-1915/2025 saylı qərardadı ilə Şəxs İXM-nin 333.1, 511.1.3 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.2025-ci il tarixli MN seriyalı ******* №li, xx.xx.2025-ci il tarixli MN seriyalı ******* №li inzibati xəta haqqında protokollara eyni vaxtda baxılmasının təmin olunması üçün 3(060)-1915/2025 və 3(060)-1916/2025 №-li işlər bir icraatda 3(060)-1915/2025 nömrəsində birləşdirilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi Tahir Şahhüseynov izahatında göstərmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 23 radələrində sərxoş halda Cerkassi küçəsində YPX əməkdaşları tərəfindən keçirilən reyddə saxla əmrinə tabe olmamış, avtomobili saxlanıldıqdan sonra da polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Protokolu müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər DYPŞ Yol Patrul Xidməti inspektoru X3 izahatında göstərmişdir ki, təxminən 1 saat ərazində Şəxs yol polisinin saxla əmrinə tabe olmamış, Sumqayıt şəhəri Cerkassi küçəsindən başlamaqla Şəhərin müxtəlif istiqamətlərində hərəkətini davam etdirmiş, davamlı olaraq təhlükəli manevrlərlə yolun əks istiqamətində nəqliyyatın sıx olduğu hissələrdə, hətta magistral avtomobil yolunda da əks istiqamətdə hərəkət edərək ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozmuş, Bakı-Quba yolunda avtomobili ilə dəmir yolunun üzərindən keçməyə çalışmış, həmin ərazidə avtomobildən düşüb qaçmağa çalışarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. A.Sədiyev verilən suallara cavab olaraq bildirmişdir ki, sürücü Şəxs avtomobili qəflətən sürətləndirmiş, təhlükəli manevrlərlə yol səthində çoxsaylı təkər izlərinin buraxılmasına səbəb olmuşdur. Protokolu müdafiə etdiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, həmin vaxt spirtli içki təsirində olmuş, iki şüşə pivə içmişdir. Təqsirini səmimi etiraf edir, hazırda törətdiyi əməldən peşmandır. Ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid YPX inspektoru X2 ifadəsində bildirmişdir ki, Mersedes markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünə saxla əmri verilmiş, lakin o hərəkətinə davam etdirmiş, sükan arxasında cəmiyyətə qarşı hər cür hörmətsiz hərəkətlərinə yol vermişdir. Sürücü həmin hərəkətləri ilə digər sürücülərin və piyadaların həyatı üçün təhlükə yaratmışdır. Sürücü nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarmış və yolun səthində çoxsaylı təkər izlərini buraxmışdır. Məhkəmə iclasında müdafiəçi Vəkil bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxsin özünü təqsirli bilməsini və əməlindən peşman olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1, 511.1.3, 535.1ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi şahid ifadələri və işdə olan digər sənədlərlə sübuta yetirilir. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə barədə” xx.xx.2025-ci il tarixli, 1713 saylı aktdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin tarixdə, saat 00.15 radələrində müayinə olunmuş, orta dərəcə sərxoş olması faktı aşkar edilmişdir. İş materiallarında olan “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01.00-də İXM-nin 535.1-ci maddəsi ilə tutulmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi öz etirafı və işdə olan digər sənədlərlə sübuta yetirilir. Belə ki, iş materiallarında olan raportdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində yol polis əməkdaşlarına tabesizlik göstərərək qanunsuz hərəkətlərini davam etdirmişdir. İş materiallarına əlavə edilmiş CD diskdəki görüntülərdən məlum olur ki, Mersedes markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobil davamlı olaraq kəskin manevrlər edir, yolun əks istiqaməti ilə hərəkət edir, digər sürücülərə təhlükəli vəziyyət yaradır, YPX əməkdaşlarının ona yaxınlaşmaması üçün yolun səthində sürtünməyə səbəb olan kəskin manevrlər edir. Məhkəmə qeyd edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 511.1.3-cü maddələri ilə birgə həmin Məcəllənin 327.7, 329.3 maddələri də qeyd edilmişdir. Lakin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7, 329.3 maddələri ilə olan inzibati xəta haqqında işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilməmişdir, ona görə də məhkəmə indiki iş üzrə yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxmalıdır. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 327.1, 327.3, 332.1, və 332.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. İnzibati Xətalar Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə –nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.5-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.5-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 25-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək əməlindən peşman olması yüngülləşdirən hal olaraq, İXM-in 33.1.7-ci maddəsinə əsasən İXM-in 535.1 və 511.1.3-cü maddələrinə münasibətdə xətanı törədərkən spirtli içki təsirində olması məsuliyyətini ağırlaşdıran hal olaraq qiymətləndiririlir. Beləliklə, İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, həbs növündə inzibati tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. İnzibati Xətalar Məcəlləsinin 511.1.3-ci maddəsinin sanksiyasında bir il müddətinə məhdudlaşdırma əlavə tənbehi nəzərdə tutulduğuna görə Şəxs həmin əlavə tənbeh tətbiq edilməlidir. Şəxs xx.xx.2025-ci il tarixdə saat 01.00-da inzibati qaydada tutulduğu üçün həbs etmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2005-ci il tarixli 31 saylı qərarına müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Həmçinin Vəkil tərəfindən göstərilmiş olduğu 03 (üç) saat hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1, 511.1.3 və 535.5ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin və İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarəetmə hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 01:00-dan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar