Məhkəmə qərarları › İş №3(060)-1919/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1919/2021

27.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1919/2021 27.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2, icra sənədi üzrə tələbkar Qarayeva (Quliyeva) Ayişə Fəxrəddin qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Hafiz oğlunun iştirakları ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində doğulmuş, subay, orta təhsilli, işləməyən, Abşeron rayonu, Saray qəsəbəsində qeydiyyatda olan və Sumqayıt şəhəri, Xəzər bağları, Həmrəylik küçəsi, ev 45 ünavnında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən 27 may 2021-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4115/2020 saylı 20.11.2020-ci il tarixli icra sənədində əsasən bir uşağın saxlanması üçün 170,00 manat Şəxs tutularaq Qarayeva (Quliyeva) Ayişəyə ödənilməlidir. Borclu bu vaxda qədər yığılmış 1700 manat aliment borcunu üzürlü səbəb olmadan ödəməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Protokolu tərtib etmiş şəxs Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4115/2020 saylı 20.11.2020-ci il tarixli icra sənədinə əsasən bir uşağın saxlanması üçün 170,00 manat Şəxs tutularaq Qarayeva (Quliyeva) Ayişəyə ödənilməlidir. Borclu bu vaxda qədər aliment borcundan heç bir məbləğ ödəməmişdir. 1700 manat aliment borcunu ödəmədiyinə və icradan yayındığına görə borclu barəsində axtarş qərarı qəbul olunmuşdur. O, polis əməkdaşı tərəfindən idarəyə gətiilmişdir. İcra sənədi üzrə tələbkar Qarayeva (Quliyeva) Ayişə Fəxrəddin qızı izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4115/2020 saylı 20.11.2020-ci il tarixli icra sənədinə əsasən 170,00 manat Şəxs tutularaq ona ödənilməlidir. Borclu bu vaxda qədər aliment borcundan heç bir ödəniş etməmişdir. Şəxs Hafiz oğlu müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınır, həmçinin onu şantaj edir. İcra sənədi üzrə tələbkar qeyd olunanların nəzərə alınmasını və borclu Şəxs Hafiz oğlu barəsində qanunla müəyyən edilmiş qaydada inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Hafiz oğlu inzibati xətanın törədilməsində özünü təqsirli bilərək izahatında göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4115/2020 saylı 20.11.2020-ci il tarixli icra sənədində əsasən 170,00 manat ondan tutularaq Qarayeva (Quliyeva) Ayişəyə ödənilməlidir. O, heç bir yerdə işləmədiyindən aliment ödənişlərini ödəyə bilməmişdir. Hazırda da heç bir məbləğ ödəyə bilmir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Hafiz oğlu qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Göründüyü kimi Şəxs qanunvericiliyin qeyd olunan tələblərini pozaraq heç bir üzürlü səbəb olmadan icra sənədini qanunla müəyyən olunmuş müddətdə və qaydada icra etməmişdir. Beləliklə, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi, protokolu tərtib etmiş şəxsin, icra sənədi üzrə tələbkarın izahatları və icra sənədi üzrə icraatın materialları ilə tam sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsindən görünür ki, həmin xətanın törədilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və icra sənədində göstərilən məbləği heç bir üzürlü səbəb olmadan ödəmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 27 may 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 27 may 2021-ci il tarixdən, saat 16:50-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər polis idarəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar