Məhkəmə qərarları › İş №3(060)-1921/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1921/2023

14.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1921/2023 14.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı Tahir İdrisovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs, onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəh., 44-cü məh., ev 3, mənzil 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokola görə xx.xx.2023-cü il tarixdə Şəxs saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmiş, Pİ-də xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilən zaman Şəxs üzərindən 1 ədəd boru formalı qatlanmış kağız parçasının içərisində spesifik iyə malik qurudulmuş narkotik vasitə olan “marixuana"ya bənzər bitki kütləsi aşkar olunaraq götürülmüşdür. Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis bölməsi tərəfindən Şəxs barəsində toplanmış material baxılmaq üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Məhkəmə iclasında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi, polis kapitanı Tahir İdrisov tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPl-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli bilinən xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş Şəxs saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmiş, Pİ-də xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilən zaman Şəxs üzərindən 1 ədəd boru formalı qatlanmış kağız parçasının içərisində spesifik iyə malik qurudulmuş narkotik vasitə olan “marixuana"ya bənzər bitki kütləsi aşkar olunaraq götürülmüş və müvafiq qaydada qablaşdırılmışdır. İş üzrə aşkar edilmiş kütlənin növünün və ümumi xalis çəkisini müəyyən etmək məqsədi ilə məhkəmə-bioloji ekspertiza təyin edilmiş, müvafiq rəy alınması üçün 507 nömrəli məktubla xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilmiş və həmin idarədən alınmış xx.xx.2023-cü İl tarixli rəy ilə müəyyən edilmişdir ki, Şəxs üzərindən aşkar olunan kütlənin tərkibində tütün və cüzi miqdarda narkotik vasitə olan "marixuana” hissəcikləri mövcuddur və həmin marixuananın çəkisini tədqiq etmək mümkün olmamışdır. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı Elsevər Quliyev tərfindən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, Şəxs əməlində AR İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan sonuncu barəsində inzibati qaydada tədbir görülməsi üçün Sumqayıt ŞPİ-nin 5-ci PB-ə həvalə edilmiş, material araşdırılması üçün onun icraatına daxil olmuşdur. Ötən müddət ərzində Şəxs səhhəti ilə əlaqədar bölmədə iştirakı təmin edilə bilmədiyi üçün barəsində yalnız bu gün inzibati qaydada protokol tərib edilmişdir. 09 avqust 2023-cü il tarixdə öz hesabına Şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlamaya aparmış, müvafiq ekspertizadan keçirilmiş, Şəxs götürülmüş sidik nümunəsindən heç bir narkotik vasitə qalıqları aşkar edilməmişdir.Şəxs 02 may 2023-cü il tarixdə Sumqayıt ŞPİ-də tutulub saxlanılması barədə onda dəqiq məlumat yoxdur, xx.xx.2023-cüil tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda Şəxs tutulub saxnanılması barədə heç bir məlumat əksini tapmamışdır. Qeyd olunanlara əsasən qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərdi ki, xx.xx.2023-cü il tarixdə, təxminən saat 22:40 radələrində Sumqayıt şəhəri «Koroğlu» küçəsində yerləşən çörək zavodunun yaxınlığında tanışı Cavid adlı şəxslə birlikdə olan zaman polis əməkdaşları onlara yaxınlaşıb narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsi üçün saxladıqlarını bildirib Pİ-nə dəvət etmişlər. Pİ-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o, buna etiraz etməmiş, ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün vəkil təqdim olunmuş, daha sonra isə videoçəkıliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa təqdim etməsi təklif edilmiş, əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 1 ədəd Mİ markalı mobil telefonu və Vincester markalı siqaret qutusunu təqdim edərək həmin qutunu açmış və siqaret qutusunun içərisindən 2 ədəd siqaret dənələrinin və 1 ədəd boru formalı qatlanmış kağız parçasının olduğu müəyyən edilmişdir. Boru formalı qatlanmış həmin kağız parçasının içərisinə baxan zaman kağız parçasının içərisində spesifik iyə malik qurudulmuş narkotik vasitə olan marixuanaya bənzər bitki kütləsinin olduğu aşkar edilmişdir. Bildirir ki, həmin narkotik vasitəni tanışı Cavid yerdən tapmış, onlar həmin maddədən çox az miqdarda istifadə etmiş, qalan hissəsi isə siqaret qutusunun içərisində saxlamışlar. O, ümumiyyətlə narkotik vasitə istifadəçisi deyil, həmin gün isə çox az miqdarda qəbul etmişdir. 02 may 2023-cü il tarixdə təxminən saat 22:40 radələrində Sumqayıt ŞPİ-nin müvəqqəti saxlama yerində tutularaq saxlanılmış, 03 may 2023-cü il tarixdə, təxminən 17:00 radələrdə azad olunmuşdur. Qeyd olunanların nəzərə alınmasını xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 5071 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Şəxs NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/637 nömrəli 03 may 2023-cü il tarixli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd yarı yanmış siqaret kötüyünün içərisində tütün və narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın cüzi miqdarda hissəcikləri vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, fakt üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə isə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Nəticədə həmin müddətdən 3 ay 11 gün müddətində vaxt keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən inzibati tənbeh bu kateqoriyada olan inzibati xətanın törədildiyi gündən ən geci 3 ay keçənədək verilə bilər, bu iş üzrə isə həmin müddət keçmişdir. Buna görə də iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, məhz həmin müddət ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. X1 Məcəlləsinin 53-cü maddəsinə müvafiq olaraq inzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir. Göründüyü kimi, inzibati tənbehin tətbiq edilməsi qanunvericilikdə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlbetmə müddəti ilə şərtləndirilmişdir. Bu cür müddətləri nəzərdə tutarkən və onların hesablanması qaydalarını müəyyən edərkən qanunverici Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsindən irəli gələn insan və vətəndaş hüquq və azadlıqlarının hüquqi tənzimlənməsi zamanı şəxsi və publik maraqlar arasındakı tarazlığın gözlənilməsi tələbini rəhbər tutaraq inzibati məsuliyyətin qaçılmazlığının təmin olunması üçün şərait yaratmaqla yanaşı, eyni zamanda inzibati xəta törətmiş şəxslərin əsassız olaraq uzun müddətə inzibati təqib və inzibati tənbehin tətbiqi təhlükəsi altında qalmasının qarşısını almaq məqsədini güdmüşdür. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2022-ci il 9 mart tarixli Qərar). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, baxılan iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə Şəxs barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6, 114.2.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi yardıma görə vəkilin əmək haqqının ödənilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar