Məhkəmə qərarları › İş №3(060)-1922/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1922/2024

28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1922/2024 28.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tətib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt ŞPİ-nin X6 Şöbəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarəsinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə 15 fevral 2024-cü il tarixli İXP6033536 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarəsinin nümayəndəsi X3 izahatında bildirmişdir ki, protokol əsassızdır. Belə ki, təmsil etdiyi idarə tərəfindən hər ay sürücülər barədə məlumatlar X5 rəsmi qaydada təqdim edilir. Protokolda qeyd edildiyi kimi onlara hər hansı sorğu daxil olmamışdır. İş materiallarında da bununla bağlı hər hansı sənəd mövcud deyil. Göstərilən halları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin nümayəndəsi gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 112.1.4-cü maddəsinə əsasən işə protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsinin izahatını dinləyib, inzibati xəta haqqında protokolu araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iş üzrə inzibati xəta hadisəsi olmadığı üçün Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarəsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, protokolun məhkəməyə göndərilməsi barədə Sumqayıt ŞPİ-nin X6 Şöbəsinin 01 avqust 2024-cü il tarixli müşayiət məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarəsi istifadəsində olan “Toyota” markalı **-AK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü barəsində yol vərəqəsinə dair məlumatları vaxtında Sumqayıt ŞPİ-nin X6 Şöbəsinə təqdim etmiş, lakin texniki səhv olaraq BDYPİ-nin X1 daxil edilməmişdir. Hazırda qeyd edilən texniki səhv aradan qaldırılaraq sürücü barəsində yol vərəqinə dair MİS-də qeydlər aparılmış, törədilmiş inzibati xətaya görə inzibati tənbeh vermə haqqında cərimə qərarı qəbul edilmiş və cərimə ödənilmişdir. Göründüyü kimi protokol tərtib etmiş orqanın öz məlumatına əsasən iş üzrə inzibati xəta hadisəsi mövcud olmamış, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarəsi barəsində protokol yanlışlıq səbəbindən (texniki səhv) tərtib edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olanhakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil, ona görə də Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarəsinin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Sumqayıt Regional Reklam İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 20 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar