Məhkəmə qərarları › İş №3(060)-1926/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1926/2021

10.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1926/2021 10.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun, Aslanova İradə Allahverdi qızının katibliyi, Barəsində inzibati qərar çıxarılan şəxs X1 iştirakı ilə, Sumqayıt şəhər polis idarəsi DYPŞ-nin TP ******* saylı, 21.05.2021-ci il tarixli qərarından barəsində inzibati qərar çıxarılan şəxs X1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt şəhər polis idarəsi DYPŞ-nin TP ******* saylı, 21.05.2021-ci il tarixli qərarı ilə X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. Həmin qərardan narazı qalan X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər polis idarəsi DYPŞ-nin TP ******* saylı, 21.05.2021-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, özünə məxsus "Fiat" markalı, **-UC-*** dövlət qeydiyyat nişanlı avtomobillə 21.05.2021-ci il tarixdə sutkanın qaranlıq vaxtı, saat 23:15 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Mübariz İbrahimov küçəsində (köhnə Qara Qarayev küçəsi) avtomobilini yolun kənarında saxlamış və avtomobildən düşüb evinə doğru hərəkət etmək istədikdə, bütün işıq cihazları söndürülmüş şəkildə hərəkət edərək ona yaxınlaşan DYP-nə məxsus xidməti avtomobili görmüşdür. Ona yaxınlaşan və özünü təqdim etməyən DYP inspektoru sərxoşluğun müəyyən olunması üçün reyd keçirildiyini, ondan sərxoş olub-olmadığını soruşmuşdur. Əvvəlcə ona özünü təqdim etməyini, sərxoşluğun müəyyən olunması reydinə məxsus sənədin ona təqdim olunmasını və sərxoş olmadığını etiraz olaraq bildirmişdir. Bundan sonra DYP inspektoru onun sərxoş olmadığını gördükdən sonra onun guya yol hərəkəti haqqında qanununa əsasən 3.27 nişanının tələbini, yəni dayanma-durma qaydalarını pozduğunu bildirmişdir. Halbu ki, yaşadığı ərazi kənar yol olduğundan nə hər hansı yol hərəkəti nişanları, nə də nişanlanma xətləri mövcud deyildir. O, yol patrul xidməti inspektoruna avtomobilini saxladığı küçədə hər hansı bir yol nişanının olmadığını, 20 ildən çoxdur burada yaşadığını və hər hansı qayda pozuntusuna yol vermədiyini, onun Yol Patrul Xidməti inspektorunun təlimatına uyğun davranmadığı halda rəsmi şikayət edəcəyini bildirsə də, YPX inspektoru onun haqlı etirazına məhəl qoymadan istənilən şəxsə şikayət edə biləcəyini bildirərək ona inzibati xəta haqqında 21.05.2021-ci il tarixli protokol tərtib etmişdir. Ona görə də, barəsində tərtib edilmiş TP ******* saylı qərarın ləğv edilməsi və əməlində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati qərar çıxarılan şəxs X2 və inzibati xəta haqqında qərar vermiş şəxs gəlməmiş, Sumqayıt şəhər polis idarəsi DYPŞ-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirib, hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Sumqayıt şəhər polis idarəsi DYPŞ-nin TP ******* saylı, 21.05.2021-ci il tarixli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə tərəfindən X1 şikayəti üzrə inzibati xəta haqqında qərarın qanuniliyi yoxlanılarkən müəyyən edilmişdir ki, X1 əməlində inzibati xəta tərkibi yoxdur. İnzibati xəta haqqında qərarda nəyin müəyyən olunduğu, harada və hansı xətanın törədildiyi barədə heç bir məlumat yoxdur. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda qeyd edilən bütün hallar və qeyd edilən normaların tələbi baxımından çıxış edərək məhkəmə hesab edir ki, X2 barəsində Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin TP ******* saylı, 21.05.2021-ci il tarixli qərarı ləğv edilməli və Azərbaycan Respublikası İXM-nin 134.1.3cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İXM-nin 53.0.2, 134.1.3, 135.1.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti təmin edilsin. X1 barəsində Sumqayıt Şəhər Pİ-nin DYPŞ-nin TP ******* saylı, 21.05.2021-ci il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar