Məhkəmə qərarları › İş №3(060)-1926/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1926/2024

27.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1926/2024 27.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin direktoru X1 iştirakı ilə, Şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 xidməti Abşeron Xızı regional şöbəsinin inzibati xəta haqqında 02 may 2024-cü il tarixli, MN № ******* saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 xidməti Abşeron Xızı regional şöbəsi tərəfindən hüquqi ünvanı Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 22A/29, mənzil 6 olan Şəxs (bundan sonra mətndə Şəxs MMC) (VÖEN **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 469.2-ci maddəsinə əsasən 02 may 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, Şəxs MMC-də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilməmişdir. Hüquqi şəxs Şəxs MMC-nin barəsində başlanılmış İXM-nin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında iş üzrə materialları baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir və qeyd olunan material xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İXM-nin 111.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətinə baxır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin direktoru X2 bildirdi ki, müqaviləsi olduğu halda onu çağırmışlar ki, icbari siğortası yoxdur. O, Qarabağ bölgəsi üzrə tenderə çıxmaq istəmiş, lakin tenderi qazana bilməmişdir. Bu barədə vergi idarəsinə məktub da yazmışlar ki, dövlət sosial müdafiə fonduna işçilər üçün gəlir vergisi barədə hesablama aparmamışlar, nəyə əsasən işçiləri işə götürmüş və nəyə əsasən çıxarmışlar. Vergi idarəsi də bunu qəbul etmişdir. Həmin işçiləri günəmuzd olaraq tenderə görə işə götürmüşlər, faktiki olaraq onun işçiləri deyillər, gəlir əldə etməmişlər. Onun heç bir fəaliyyəti yoxdur, sadəcə olaraq 50000 manatdan yuxarı hesablaşma olacağı təqdirdə tenderə qoşulmalıdır, tenderə qoşulmaq üçün də işçi qüvvəsi, maşın mexanizmi olmalıdır. Həmin işçilər ümumiyyətlə müəssisəyə gəlməmişlər, tenderdən sonra əmək müqavilələrinə xitam verilmişdir. İşləmədiyi üçün gəlir əldə etməmiş, buna görə də icbari siğorta etdirməmiş, bunun üçün əlavə maddi imkanı da yoxdur. Məhkəmədən ona köməklik göstərilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X3 bildirdi ki, icbari siğorta bürosunun təqdim etdiyi məumata əsasən Şəxs MMC tərəfindən işçilərin bədbəxt hadisələrdən siğortalanması təmin edilməmişdir. Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən bütün şirkətlər icbari qaydada işçilərini istehsalatda bədbəxt hadisələrdən siğortalamalıdırlar. Çıxarılmış siyahıdan görünür ki, bir sıra işçilərin əmək müqaviləsi olmasına baxmayaraq onların icbari siğortası təmin olunmamışdır. Bununla əlaqədar olaraq protokol tərtib olunaraq məhkəməyə baxılması üçün göndərilmişdir. Məhkəmədən qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC tərəfindən İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Şəxs MMC İXMnin 469.2-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 29 dekabr 2015-ci il tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasi Prezidentinin 15 fevral 2016-cı il tarixli, 795 saylı Fərmanının 5.4-cü bəndinə görəAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.3-cü maddəsinə müvafiq olaraq müəyyən edilmişdir ki, həmin Məcəllənin 191.2ci, 192.1 – 192.11-ci, 193-cü, 194-cü, 195.2-ci, 198.1-ci, 199 – 203-cü, 205-1.1-ci, 469.2ci, 477-ci, 477-1.1.2-ci, 477-1.1.4-cü, 477-1.1.5-ci, 477-1.2-ci, 539, 540.1, 540.2, 540.3, 540.4, 556 və 576-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi baxır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Həmin Məcəllənin 9-cu maddəsinin “j” bəndinə əsasən işəgötürən tərəfindən qanunla müəyyən olunmuş qaydada məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. Eyni Məcəllənin 43-cü mddəsinin “ə” bəndinə görə işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması əmək müqaviləsində mütləq göstərilməlidir. “Əməyin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinə əsasən işverən müəssisələrin və təşkilatların işçilərini qanunvericilikdə müəyyənləşdirilmiş qaydada və şərtlərlə mütləq sosial sığorta etməlidir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının 11 may 2010-cu il tarixli qanununa əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfi olmaqla, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta hadisəsi nəticəsində sığortaçının sığorta ödənişini həyata keçirmək öhdəliyini nəzərdə tutan yazılı razılaşmadır. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin direktoru işçilərin icbari sığortalanmasını təmin etməməsini onların faktiki işləməməsi və gəlir etməməsi ilə əlaqələndirsə də qanunvericiliyin tələbinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçini istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC AR Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq İXM-nin 469.2-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs MMC barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıdakılara əsasən və İXM-nin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Hüquqi ünvanı Sumqayıt şəhəri, 3-cü mikrorayon, ev 22A/29, mənzil 6 olan Şəxs (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 5.000,00 (beş min) manat məbləğində cərimə olunsun. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar