Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-193/2024 17.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1991-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Şamaxı rayonu, Cabanı kəndidnə qeydiyyatda olan və Sumqayıt şəhəri, St Sumqayıtda yerləşən fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2024cü il tarixli MN1746403 nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Protokoldan görünür ki, borclu Şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-443/2021 saylı icra sənədləri üzrsüz səbəbdən yerinə yetirilmir. İcra sənədi üzrə borclunun 7360 manat aliment borcu mövcuddur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X6 bildirmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-443/2021 saylı icra sənədinə əsasən borclu Şəxs xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X12 oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutulaarq tələbkar X2 xeyrinə ödənilməlidir. Şəxs ödənişləri etməmiş, nəticədə borc yaranmışdır. Məhkəmə qərarını qərəzli şəkildə icra etmədiyi üçün Şəxs barəsində qanuna uyğun qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə icra məmuru məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, borclu sonuncu dəfə xx.xx.2023-cü il tarixdə ödəniş edib, ümumiyyətlə 2023-cü il üzrə bəzən hər ay, bəzən isə iki aydan bir ödənişlər etmişdir. Ödənişlər aylıq məbləğlərdən çox olsa da hər ay ödəniş olmadığı üçün keçmiş borcdan azalma olmamışdır. Həmçinin borclunun yeni iş yeri müəyyən edildiyi üçün tələb əmək haqqına yönəldilmişdir. Lakin, borclu işdən çıxdığı üçün tutma aparılması mümkün olmamışdır Şəxs adına hər hansı daşınar və daşınmaz əmlak, gəlir aşkar edilməmişdir. . Daha öncə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmamışdır. Əvvələr ölkə xaricində olduğu vaxt barəsində axtarış elan edilmişdir, lakin sonradan həmişə özü icra idarəsinə gəlmişdır. İzahatlarında işsiz olduğuna görə aliment borcunu ödəyə bilmədiyini qeyd etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, o, 2023-cü il ərzində ödənişlər etmişdir. Sonuncu dəfə 2023-cü ilin oktyabr ayında ödəniş etmişdir. Daha sonra isə işdən çıxdığı üçün ödəniş edə bilməmişdir. Hal-hazırda bir neçə yerə iş üçün müraciət etmişdir. Aliment borcunu ödəməkdən boyun qaçırmır. İndi maddi vəziyyəti imkan vermədiyi üçün ödəniş edə bilmir. Lakin, bu ayın axırına 500 manat ödəniş edə bilər. Göstərilən halların nəzərə alınmasını və iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 bildirmişdir ki, borclu qərəzli olaraq alimenti ödəmir. Borclu işləyən zaman da aliment borcundan davamlı olaraq ödənişlər etməmişdir. O, yaranmış aliment borcundan heç olmasa 1500 manat ödəniş etsə, qalan məbləğin hissəvi ödənilməsi ilə razılaşa bilərdi. Lakin, borclu artıq neçə aydır ki, ödəniş etmir. Hazırda xərçəng xəstəliyindən əziyət çəkir və müalicələr alır. Alimentin ödənilməməsi isə vəziyyətini daha da ağırlaşdırır. Göstərilən halları nəzərə alaraq borclu barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi Vəkil oğlu bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs maddi imkanı yol verdiyi həddə ödənişlər edir və yayınmır. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(060)-443/2021 saylı icra sənədindən görünür ki, borclu Şəxs xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2017-ci il təəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X12 oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutulaarq tələbkar X2 xeyrinə ödənilməlidir. İş materiallarında olan tələbkarın xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, həmin tarixdə borclunun 7120 manat ödənilməmiş borcu olmuşdur. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam, obyektiv şəkildə baxaraq, iş üzrə sübutları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmuşdur. Onun icra sənədindən məlumatı olsa da icra sənədini qərəzli olaraq icra etməmişdir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsaslar yoxdur. Belə ki, işin hallarından da göründüyü kimi Şəxs son bir ildə ödənişlər etsə də daha öncədən yaranmış borclar üzrə ödəniş etməmiş və həmin dövrdən qalan borc məbləğində azalma olmamışdır. Həmçinin son üç ayda ümumiyyətlə ödəniş etməmiş, işə baxılan zaman da ödəniş etməyə imkanının olmamasını bildirmişdir. Bundan sonra isə yalnız ay sonunda 500 manat ödəniş edə biləcəyini, qalan borcu isə yalnız iş tapdığı zaman hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin son bir il üzrə ödəniş etməsi onu əvvəlki aliment borcunun ödənilməsindən azad etmir və həmin borc üzrə heç bir ödəniş etməməsi, həmçinin son üç ayda ümumiyyətlə ödənişin olmaması onun icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması kimi qiymətləndirilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə işdə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbsin əvvəli 17 yanvar 2024-cü il tarixdən, saat 16:20-dən hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 17 yanvar 2024-cü il tarixdən saat 16:20-dən hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Vəkil X8 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-193/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-193/2024
17.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver