Məhkəmə qərarları › İş №3(060)-1934/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1934/2025

11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1934/2025 11.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin Yol hərəkət qaydaları, yol hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən xx.xx.2025-ci il tarixli TP 29565777 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək, AR-nın İXM-nin 353.2,-ci maddəsi ilə barəsində olan inzibati iş üzrə icraata xitam verilməsi və inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə dair qərar edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, KAMAZ 54115 yük markalı, 50CF161 dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətindədir. O, həmin yük avtomobilini etibarnamə əsasında idarə edir. xx.xx.2025-ci il tarixdə saat 02:13 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində Quba şəhəri istiqamətində hərəkətdə olarkən Baş X6 Xidmətinin İdarəsinə məxsus 94:A9:A8:D8:43:93 saylı kamera vasitəsi ilə fotosu çəkilərək İnzibati Xətalar Məcəlləsinin 353.2.-ci maddəsi ilə 600 manat məbləğində cərimə tətbiq edilmişdir. Cərimə yazılmağına səbəb isə onun sözügedən avtomobili qeyd etdiyi vaxtda hərəkətdə olarkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini-aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etməyi göstərilmişdir. Yəni qanunla nəzərdə tutulan icazə verilən maksimum kütlə 40000 kq olduğu halda kamera vasitəsi ilə cərimə yazılanda idarə etdiyi yük avtomobilinin faktiki kütləsinin 42770 kq olduğunu bildirmişdirlər. Bildirmək istəyir ki, həmin yük avtomobilinə yük vurulan zaman və yük boşaldılan zaman yük avtomobillərinin çəkisinin ölçülməsi üçün nəzərdə tutulan tərəzidən kütləsi müəyyən edilmiş və ona idarə etdiyi yük avtomobilinin çəkisinin ölçülməsi ilə bağlı qəbzlər də təqdim edilmişdir. Qəbzlərdə idarə etdiyi yük avtomobilinin xx.xx.2025-ci il tarixdə tərəzidə yük ilə birlikdə ümumi çəkisi 40360 kq olmuşdur. Həmin qəbzləri şikayətə qoşma qismində əlavə ediləcəkdir. O, DYPİ-nin polis əməkdaşlarına sözügedən yük avtomobilini qanunla icazə verilən maksimum kütlədən artıq idarə etmədiyini və heç bir qayda pozuntusuna yol vermədiyini, əgər etmişdirsə də bunu sübut etməyə borclu olduqlarını qeyd etsə də, onun sözlərini nəzərə almayaraq ona cərimə yazıldığını bildirilmişdir. Belə ki, yaxın keçmiş tarixlərdə də eyni yükdən daşıdığı zaman tərəzidən keçmiş və heç vaxt qanunla nəzərdə tutulan yük həddini keçməmişdir. Qeyd edir ki, cərimə tamamilə əsassız və qanunsuzdur. Yük avtomobili qanunla icazə verilən maksimum kütlədən artıq idarə etmədiyi halda İnzibati Xətalar Məcəlləsinin tələblərini pozduğumu bildirmişdirlər. Qeyd edir ki, bu halı onlara izah etməyə çalışsa da nəticəsi olmamışdır. Məhkəmədə şikayətçi eyni məzmunlu izahat verərək bildirdi ki, hazırki protokol üzrə qeydə alınan video görüntüdə kamera altından keçən zaman onunla bərabər minik avtomobili hərəkətdə olub və çəkinin artıq göstərilməsinə də səbəb həmin nəqliyyat vasitəsi olmuşdur. Çünki, onun yük avtomobilinə göstərilən normadan kənar yük vurulması qeyri-mümkündür. Bu səbəbdən hesab edir ki, barəsində qəbul edilmiş əsassız və ədalətsiz qərar ləğv olunmalıdır. Məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərar qəbul etmiş Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən hesab edir ki, hazırki şikayətə Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilməlidir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, X1 Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində cərimə tənbeh tədbirinin tətbiq olunmasına dair Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 29565777 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli, başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 29 iyul 2025-ci il tarixli, EQ 29565777 nömrəli qərardan aydın olur ki, X3 29 iyul 2025-ci il tarixdə saat 02:13-də idarə etdiyi «Kamaz 54115 yük» təyinatlı, ** CF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Sumqayıt şəhəri, H.Z.Taöıyev Quba istiqamətində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 600 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrindən görünür ki, «Kamaz 54115 yük» təyinatlı, ** CF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yüksüz kütləsi 7200 kq, yarımqoşqunun yüksüz kütləsi isə 5700 kq təşkil edir. İş materiallarında olan “Qaima fakturalardan görünür ki, «Kamaz 54115 yük» təyinatlı, ** CF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yük qabiliyyəti “dizel” markalı yanacaq daşımasıdır və müntəzəm olaraq hər dəfəsində 30.700 kq çəkidə olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, səlahiyyətli orqan tərəfindən X3 tərəfindən iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş 29 iyul 2025-ci il tarixli, EQ 29565777 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda X1 xx.xx.2025-ci il tarixdə İXM-in 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd edilmişdir. Lakin bu halı təsdiq edən hər hansı sübut müəyyən edilmir. İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən inzibati xəta haqqında protokol tərtib edilməsinə əsas olmuş hadisənin, yəni X1 17 iyul 2024-cü il tarixdə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etməsini müəyyən etmək mümkün deyildir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən 29 iyul 2025-ci il tarixli, EQ 29565777 nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Həmçinin, şikayətçi X1 şikayətinə əlavə etdiyi Qaimə-Fakturaya əlavələrdən görünür ki, srücü 25 iyul 2025-ci il tarixdə,26 iyul 2025-ci il tarixdə, 29 iyul 2025-ci il tarixdə "xxxx"QSC-dən götürdüyü dizel yanacağının kütləsi 25,420,25.389,23.271 kq olmuş, heç vaxt göstəriləndən artıq yanacan götürməmişdir. Həmçinin şikayətçinin ərizəsinə əlavə etdiyi tərəzi qəbzindən görünür ki, Fual Əliyevin idarə etdiyi Kamaz markalı ** SF *** dövlət qeydiyyat nianlı avtomobilin yüksüz tara çəkisi 14900 kq-dır.Eyni zamandı sürücü Fuad Əliyevin qaimə-faktura əsasında «Sokar Petroleum QSC-dən yanacaqdoldurma məntəqəsinə dizel yanacağı daşıdığını nəzərə alsaq sürücün yükü qəbul etdikdən sonra yükün üzərinə əlavə dizel yanacağı əlavə edib daşımasının heç bir məntiqi izahı yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə görə, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 29565777 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. X1 barəsində Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ seriyalı 29565777 nömrəli “İnzibati tənbeh vermə haqqında” elektron qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar