Məhkəmə qərarları › İş №3(060)-1936/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1936/2024

14.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1936/2024 14.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Güliyeva Aytac İsrayıl qızının katibliyi ilə, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1990-cı ildə Qazaxısatan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, "xxxx" MMC Hüquq Firmasının direktoru, Sumqayıt şəhəri, 6-cı mikrorayon, Kristal ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində ictimai qaydanı pozaraq, ucadan səs-küy salaraq nalayiq ifadələr işlətmişdir. Nəticədə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cumaddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı X2 bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində ictimai qaydanı pozaraq, ucadan səs-küy salaraq nalayiq ifadələr işlətmişdir. Bununla əlaqədar barəsində inzibati protokol tərtib edilmişdir. Törədilmiş hadisəni görən şahidlər məhkəməyə təqdim olunur. Əlavə olaraq onu da bildirir ki, təhlükəsizlik kameralarına səs düşə bilməz. Belə ki, onlar hündürdə quraşdırılır və maşınların səsindən danışıq səsləri eşidilmir. Şəxs barəsində ciddi cəza tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə özünü təqsirli bilməyərək bildirdi ki, əslində o hadisə barəsində şikayət etmişdir. Amma nədənsə onun barəsində protokol tərtib edilərək, məhkəməyə gətirilmişdir. Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində onun istifadəsində olan köşk vardır. Əslində o köşkə görə o 58000 manat pul vermişdir və aldadılmışdır. Belə ki, sənədləri saxtalaşdırılmışdır. xx.xx.2024-cü il tarixdə İcra Hakimiyyətinin əməkdaşları küçə ticarətini səliqəyə salmaq adı ilə bazarda işləyən şəxslərin məhsullarını maşına yığaraq aparmışdır. Bu da hər kəsin haqlı narazılığına səbəb olmuşdur. Orada hər kəs bu şəxslərə qarğış etmişdir. O heç kimi söyməmişdir. Yalnız bir dəfə uşaqlarına qarğış etmişdir. Həmin şəxslərin yanında cəmi 7- 10 saniyə olmuşdur. Bu hadisənin videogörüntüləri də onda var. O ictimai qaydanı pozan hər hansı hərəkət etməmişdir. Bununla bağlı yollarda olan, bazarda olan kamera görüntülərinə də baxıla bilər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Vəkil bildirdi ki, məhkəmə iclasına dəvət edilmiş şahidlərin hər biri öyrədilib. Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Buna görə də onun barəsində olan hazırkı iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilən Zərərçəkmiş şəxs bildirdi ki, keçmişdə Sumqayıt şəhər İcra Hakimiyyəti nəzdində Şəhərsalma idarəsində xidmət etmişdir. Lakin hal-hazırda həmin vəzifədə çalışmır. xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində onun keçmiş iş yoldaşlarının tədbirdə olmalarını görərək onların işlərini müşahidə etmişdir. Həmin zaman orada olan və əvvəldən tanımadığı Şəxs baş verən prosesləri izləmək üçün kənardan toplanmış çox sayda şəhər sakininin içərisində ona qarşı qeyri-etik ifadələr işlətmiş, qarğış etmiş, söyüşlər söymüşdür. Səsə insanlar yığılmışdır. Bu vaxt o əlindəki telefonla onların videosunu çəkmişdir. Bundan sonra onun videosunu “Tik-tok” sosial şəbəkəsində internetdən əldə etdiyi nalayiq məzmunlu səsyazmalarını, musiqiləri özündə əks etdirən səsləri əlavə edərək paylaşımlar etmişdir. Bununla bağlı şikayət ərizəsi hazırda məhkəmənin icraatındadır. Məhkəmə iclasında şahid qismində dindirilən X6 bildirdi ki, təxminən bir həftə əvvəl Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində növbəti qanunsuz küçə ticarətinə, qanunsuz quraşdırılmış tikililərə qarşı tədbirlər keçirdib ölçü götürən zaman Xətai adlı şəxsə müyvə tərəvəzi içəri yığması təklif edilmiş, bundan bir qədər sonra həmin şəxs gələrək konkret Mürvət müəllimə ünvanlanmaqla söyüşlər söymüş, qarğışlar etmişdir. Bu vaxt onları mobil telefonla da çəkmişdir. Lakin onların əməkdaşları ona qarşı heç bir hərəkət etməmişdir. Daha sonra çəkdiyi video görüntüləri qeyri-etik formada “tik-tok” sosial şəbəkəsində də yerləşdirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 bildirdi ki, Sumqayıt şəhər İcra Hakimiyyəti, Memarlıq və Şəhərsalma İdarəsində mühəndis vəzifəsində çalışır. Sumqayıt şəhəri, 34-cü məhəllə ərazisində, bazar ətrafı ərazidə media əməkdaşlarının iştirakı ilə qanunsuz küçə ticarətinə qarşı tərəflərindən növbəti reyd keçirilmişdir. Həmin zaman oraya gələn sonradan tanıdığı Xətai adlı şəxs qışqıraraq cəmiyyətin içində onların ailə üzvlərinə ünvanlı qarğışlar etmişdir. Eyni zamanda ağıza alınmayacaq söyüşlər söymüşdür. Səs küyə vətəndaşlar yığılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X7 bildirdi ki, hadisə baz verən zaman bazarda olmuşdur. Ona görə də qeyd edilən hadisənin şahidi olub. O, bazarda işləmir, sadəcə olaraq həmin vaxt oradan bazarlıq etmişdir. Həmin vaxt bir şəxs söyüş söyməyə başlamışdır. O hadisəyə müdaxilə etmək istəmişdir. Lakin İcra Hakimiyyətinin əməkdaşlarından biri ona maneə olmuşdur. Həmin vaxt həmin ərazidə səs küy yaradan və söyüş söyən ancaq Xətai adlı şəxs olmuşdur. Halbuki, orada camaatın anası və bacısı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirdi ki, Sumqayıt şəhər İcra Hakimiyyəti, Memarlıq və Şəhərsalma İdarəsində mühəndis vəzifəsində çalışır. Dəqiq tarixini xatırlamasa da, təxminən iki həftə əvvəl bir neçə gün öncə Sumqäyıt şəhəri, 34-cü məhəllə ərazisində bazar ərazisində qanunsuz küçə ticarətinə qarşı qanunvericiliyə uyğun olaraq keçirilən tədbirdə o da iştirak etmişdir. Həmin tarixdə qanunsuz küçə ticarətinin qarşısı tərəflərindən müvafiq ölçü götürülərək alınan zaman Xətai adlı şəxs oraya gəlmiş, səs-küy salaraq, onları mobil telefonu vasitəsilə videoya çəkərək, söyüş söymüş, qarğışlar etmişdir. Xətai ilə onun arasında heç bir şəxsi ədavət yoxdur. Belə ki, Xətaini ilk dəfə həmin yerdə görmüşdür. Məhkəmə protokol tərtib etmiş 4-cü PB-nin nümayəndəsini, inzibati xəta törədən şəxs Şəxs, onun müdafiəçisini və şahidləri dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə tərəfindən iş üzrə araşdırma aparılarkən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsi ilə müəyyən edilmiş məsuliyyəti yüngülləşdirən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsi ilə müəyyən edilmiş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, törədilmə yerini və şəraitini, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyası həddində inzibati tənbeh növü kimi həbs tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs inzibati qaydada həbs müddətinin əvvəli xx.xx.2024-cü il saat 16:25-dən hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar