Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1936/2025 04.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Protokol tərtib etmiş şəxs Sumqayıt şəhər Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1998-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləyən, Qubadlı rayonu, Mahmudlu ərazi dairəsi, Mahmudlu kəndində qeydiyyatda olan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1 maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X10 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1 və 355-ci maddələri ilə 04 avqust 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Tərtib edilmiş protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində saat 11.30 radələrində Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində maşın yolunu kəsmiş, səs-küy salmış və polisin qanuni tələblərinə tabe olmamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X10 tərtib etdiyi protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixində saat 11:30 radələrində Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində maşın yolunu kəsmiş, səsküy salmış və polisin qanuni tələbinə tabe olmamışdır. Buna görə də ərazi aidiyyatı üzrə 3cü PB-ə gətirilmişdir. Belə ki, o, əhalinin sıx olduğu yerdə başqalarıyla toplaşaraq kütləvi iğtişaş yaratmış, avtomobil yolunu kəsmiş və orada öz tələbini irəli sürmüşdür. Buna görə də barəsində polis əməkdaşları tərəfdən raport yazılmış və iş məhkəməyə göndərilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələri ilə protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, həmin vaxtı hadisə yerində olmuş və yolu kəsərək aksiyada iştirak etmiş, polis əməkdaşları tərəfindən Polis Bölməsinə gətirilmiş və izahatı alınmışdır. Hadisə vaxtı orada olan və yıxılan şəhid anasına kömək etmək istəyibmiş. Əməlindən peşmandır. Astma xəstəsi olmasını nəzərə alaraq məhkəmədən cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Sumqayıt Şəhər Polis İdarəsinin polis serjantı X4 ifadəsində bildirmişdir ki, xidmətdə olan zaman digər postaçı yoldaşları ilə birlikdə avtovağzal istiqamətində bir qrup şəxsin yolu bağlayıb avtomobillərin gediş-gəlişini məhdudlaşdırdığını efir vasitəsilə eşitmiş və həmin yerə 33-03 göstərişinə əsasən yaxınlaşıblar. Belə ki, 3 nəfər şəxsin polisin fəaliyyətinə maneəçilik törətdiyinə görə həmin şəxsləri avtopatrula əyləşdirib ərazi aidiyyatı üzrə 3-cü Polis Bölməsinə gətirmişlər. Belə ki, həmin şəxslər aksiya həyata keçirirmişlər. Şəxs da həmin vətəndaşların içərisində idi və o, polisin qanuni fəaliyyətinə mane olaraq tabesizlik göstərmişdir. Orada olan digər şəxslər bizim gəldiyimizi gördükdə aksiyanı daha da coşdurmuş və aqressiv münasibət göstərmişlər. Məhkəmə iclasında şahid qismində iştirak edən Sumqayıt Şəhər Polis İdarəsinin polis kişik serjantı X12 və Sumqayıt Şəhər Polis İdarəsinin polis serjantı X2 Ağalar Canbala oğlu ilə oxşar məzmunda ifadə vermişdirlər. Məhkəmə iclasında müdafiəçi qismində iştirak edən X1 Xansuvarın astma xəstəsi olmasını nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1 və 355-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində saat 11:30 radələrində Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində maşın yolunu kəsmiş, səs-küy salmış və polisin qanuni tələbinə tabe olmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, polis serjantı X12 digər postaçı yoldaşları ilə birlikdə avtovağzal istiqamətində bir qrup şəxsin yolu bağlayıb avtomobillərin gediş-gəlişini məhdudlaşdırdığını efir vasitəsilə eşitmiş və həmin yerə 33-03 göstərişinə əsasən yaxınlaşıblar. Belə ki, 3 nəfər şəxsin polisin fəaliyyətinə maneəçilik törətdiyinə görə həmin şəxsləri avtopatrula əyləşdirib ərazi aidiyyatı üzrə 3-cü Polis Bölməsinə gətirmişlər. İş materiallarında olan Şəxs tərəfindən yazılmış izahatdan görünür ki, yaşadığı yataqxananın önündə arxasında hündürmərtəbəli binanın tikintisinə etiraz olaraq aksiya keçiriblər. O və başqaları avtomobil yolunu kəsərək ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərə yol vermişdir. Aksiya yerinə gələn polis əməkdaşlarının qanuni tələbini anlaşılmazlıq nəticəsində pozmuşdur. Əməlindən peşmandır. Beləliklə, Şəxs polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması, həmçinin xırda xuliqanlıq etməsi, yəni Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi Şəxs izahatı, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin özünü təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır, onun məhkəmə iclasında verdiyi izahatları işin halları ilə təkzib edilir. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 355-ci maddəsinə əsasən yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qəbul edilmiş qərarla müəyyənləşdirilmiş göstərişləri və ya qadağan edilməsi müddətlərini pozmağa və ya özbaşına yol hərəkətini müvəqqəti məhdudlaşdırmağa və ya qadağan etməyə görə-fiziki şəxslər qırx manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Lakin, həmin maddə üzrə protokola baxaraq qərar qəbul etmək səlahiyyəti məhkəmənin səlahiyyətinə aid deyil. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini əməlini etiraf etməsi və səmimi peşmançılığı yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Onun əməlində ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bildiyi İXM-in 510 və 535.1-ci maddələri üzrə daha ciddi sanksiyası olan İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 21, 40, 43, 114.1.1, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Vəkil X5 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərid Nəsimiyev
Məhkəmə qərarları › İş №3(060)-1936/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1936/2025
04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver