Məhkəmə qərarları › İş №3(060)-1937/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1937/2023

15.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1937/2023 15.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı Sərdar Məmmədovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, AR vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunub, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:45 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yaşadığı evin qarşısında anası ilə onun arasında yaranmış münaqişəni sakitləşdirmək istəyən polis əməkdaşının qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs-Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı Sərdar Məmmədov tərtib etdiyi protokola uyğun izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 21:45 radələrində 35 saylı xidməti ərazidə yaşayan Vüsalə adlı qadın ona məxsus mobil nömrəyə zəng edərək anası ilə aralarında münaqişə yarandığını bildirərək onu həmin əraziyə dəvət etmişdir. O, müraciətlə əlaqədar həmin əraziyə yaxınlaşaraq vətəndaşlar arasında olan münaqişəni sakitləşdirməyə çalışmış, bu zaman Vüsalə adlı xanımın çəkiliş apardığını görmüş, ona dəfələrlə iradını bildirərək çəkilişi dayandırmağı tələb etsə də, sonuncu buna məhəl qoymaraq öz hərəkətlərinə davam etmiş, onun qanuni tələblərini yerinə yetirməmişdir. Bu səbəbdən izahatının alınması üçün Şəxs aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin 4-cü PB-ə dəvət etmişdir, sonuncu yenə də ona tabesizlik göstərmiş, bundan sonra o, Şəxs xidməti maşına əyləşdirərək 4-cü Polis Bölməsinə gətirmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib edilmiş protokol üzrə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 21:00 radələrində yaşadıqları ünvan 2 ünvanında anası Balaxanım Salmanova ilə aralarında baş vermiş münaqişənin sakitləşdirilməsi məqsədi ilə ərazi üzrə sahə rəisi Sərdar Məmmədova məlumat verərək onu mənzilə dəvət etmişdir. Onun əsas məqsədi anası Balaxanımı sakitləşdirmək olmuşdur. Belə ki, anası onunla mütəmadi olaraq mübahisə edir. Onun çağırışına gələn polis sahə rəisi Sərdar Məmmədov əlində telefon onların səslərinin yazdığını görüb ona iradını bildirmiş, o isə buna məhəl qoymamışdır. Daha sonra araşdırma aparılması məqsədi ilə Sərdar Məmmədov onu polis bölməsinə dəvət etmiş, o isə buna etiraz etmiş, polis bölməsinə getməyəcəyini bildirmişdir. Sərdar Məmmədov bir neçə dəfə onu polis bölməsinə dəvət etdikdən sonra onun birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-ə getmişdir. Əməlindən peşmandır, bir daha belə əməllərə yol verməyəcəyinə söz verir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. İş materiallarından görünür ki, baş vermiş hadisə ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı Sərdar Məmmədov 4-cü PB-nin rəisinə “Raportla” müraciət etmişdir. İş materiallarında olan Şəxs Sumqayıt ŞPİ 4-cü PB-də verdiyi izahatından görünür ki, sonuncu öz əməlini etiraf etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarına əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Şəxs araşdırılma aparılması məqsədi ilə onu polis bölməsinə dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamış, nəticədə inzibati xəta törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinə əsasən AR İXM-nin 535.1-ci maddəsi ilə tərtib edilmiş protokola baxmaq rayon (şəhər) məhkəmələrinin səlahiyyətindədir Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Şəxsəməlini ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis baş leytenantı Sərdar Məmmədovun ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xətanın xarakterini, xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş Şəxs barəsində inzibati tənbeh növü cərimə tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar