Məhkəmə qərarları › İş №3(060)-1938/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1938/2021

02.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1938/2021 02.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Oruczadə Urfan Eynur oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt şəhəri 4-cü PB-nin sahə rəisi, polis mayoru E.İbrahimovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1992-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Vətəndaş Şəxs barəsində 02.06.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, 02.06.2021-ci il tarixdə, saat 13:10 radələrində Sumqayıt şəhəri, Koroğlu və Azərbaycan küçələrinin kəsişməsində Opel Astra markalı avtomaşını etibarnaməsiz idarə edərkən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və 02.06.2021-ci il tarixdə Məhkəməyə daxil olmuşdur. Protokol tərtib etmiş şəxs Sumqayıt şəhəri 4-cü PB-nin sahə rəisi, polis polis mayoru E.İbrahimov məhkəmə iclasına çıxış edərək bildirdi ki, 02.06.2021-ci il tarixdə polis bölməsinə raport daxil olmuşdur. Belə ki Şəxs 02.06.2021-ci il tarixdə, saat 13:10 radələrində Sumqayıt şəhəri, Koroğlu və Azərbaycan küçələrinin kəsişməsində Opel Astra markalı **-RK-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü sükan arxasında mobil telefonu əldə saxlamaqla ondan istifadə etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün etibarnaməsi olmadığı məlum olmuşdur. Polis əməkdaşları sürücüyə avtomaşının duracağa təmin olunacağını bildirmiş, sürücü isə avtomaşının açarını götürərək verməyəcəyini söyləmişdir. Sürücünü nizam-intizama dəvət etməyə baxmayaraq o, tabesizlik göstərmiş, öz hərəkətlərinə davam etmişdir. Buna görə də həmin şəxs aidiyyəti üzrə 4-cü polis bölməsinə təmin edilmişdir. Məlum olmuşdur ki, həmin şəxs vətəndaş Şəxsdur. Odur ki, Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini Məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs məhkəmə iclasında izahatında göstərdi ki, 02.06.2021-ci il tarixdə, saat 13:10 radələrində Sumqayıt şəhəri, Koroğlu və Azərbaycan küçələrinin kəsişməsində Opel Astra markalı **-RK-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən sükan arxasında mobil telefonu əldə saxlamaqla ondan istifadə etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı etibarnaməsi olmadığı məlum olmuşdur. Polis əməkdaşları ona avtomaşının cərimə meydançasına aparılacağını bildirmiş, o isə imtina etmiş, avtomobilin sahibinin yaxınlığında olduğunu, avtomaşında şəxsi əşyanın olduğunu bildirmişdir. Polis əməkdaşları onu avtopatrula əyləşdirib bölməyə aparmışlar. Polisin qanuni tələbinə tabe olmaması yalnız avtomaşının açarlarını təqdim etməməsindən ibarət olmuşdur. Əməlindən peşmandır. Odur ki, barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini Məhkəmədən xahiş etdi. İş materiallarını araşdıraraq, inzibati protokol tərtib etmiş şəxsi, inzibati xəta törətmiş şəxsi və müdafiəçini dinləyərək və işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv qiymət verərək məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs təqsirli bilindiyi AR İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta törətmiş şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Beləliklə, Məhkəmə, törədilmiş inzibati xətanın ağırlığını və inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, əməlindən peşman olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. Həmin Məcəllənin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 66.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi mümkün olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) həmin şəxsi vəkil ilə təmin edir. Azərbaycan Respublikası İXM-nin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 43, 114,115 və 535.1-ci maddələrini rəhbər tutatarq, məhkəmə Qərara aldı : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində edilsin. Qərarın icrası Sumqayıt şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 03 (üç) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt 1 saylı Vəkil bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar