Məhkəmə qərarları › İş №3(060)-1938/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1938/2024

03.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1938/2024 03.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Şikayət vermiş şəxs X2, Qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin xx.xx.2024-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin xx.xx.2024-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, fiziki şəxs olaraq vergi orqanında qeydiyyatdan keçməklə Sumqayıt şəhəri 10-cu mikrorayon ərazisində “Nuranə” gözəllik salonunda fəaliyyət göstərir. Bununla əlaqədar vergiləri və digər kommunal xərcləri vaxtında ödəyir. Eyni zamanda obyekt yanğın təhlükəsizliyinə qarşı bütün avadanlıqlarla təmin edilmişdir. Belə ki, 14 iyun 2024-cü il tarixdə işdə olduğu müddətdə Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşı işlədiyi salona yaxınlaşaraq yanğın təhlükəsizliyi ilə bağlı planlı yoxlama keçirilməsi üçün şərait yaradılmasını xahiş etmiş, o da bununla bağlı həmin əməkdaşa obyektə baxış keçirməsinə şərait yaratmış, ondan yanğın balonu, yanğın siqnalizasiyasının mövcudluğu soruşulmuş, o da tələb olunan bütün avadanlıqları təqdim etmiş və yerini göstərmişdir. Bundan sonra həmin əməkdaş bütün qaydalara riayət etdiyini və yanğın təhlükəsizliyinə qarşı bütün avadanlıqların olduğunu görüb, ona planlı yoxlama keçirildiyini bildirərək hər hansı bir nöqsan olaraq yüngül bir inzibati qayda pozuntusu yazmalı olduğunu bildirmişdir. O buna etiraz etdikdə həmin əməkdaş onunla sözlə mübahisə etməyə başlamış və obyekti tərk edərək getmişdir. Nəhayət 07 avqust 2024-cü il tarixdə işə gələrkən qonşu obyektə işləyən şəxs ona bir zərf təqdim etmiş, həmin zərfi açarkən içində inzibati xəta haqqında qərar olduğunu görmüşdür. Qərarla tanış olarkən ona məlum olmuşdur ki, Sumqayıt Regional DYNİ-nin rəisi tərəfindən Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi 150 (yüz əlli) manat məbləğində inzibati cərimə olunmuşdur. Həmin qərarda isə guya onun obyektinə baxış keçirilərkən bir sıra X1 pozulması aşkar olunmuşdur. Halbuki onun obyektinə baxış keçirilərkən heç bir yanğın təhlükəsizliyi qaydaları pozulması aşkar edilməmişdir. Belə bir pozuntu aşkar olunmuşdursa nəyə görə akt tərtib edilməmiş və ya edilmişdirsə onun iştirakı olmadan tərtib edilmiş və həmin aktda onun imzası olmamışdır. Bundan başqa bu yoxlama 14 iyun 2024-cü il tarixdə keçirilmiş, lakin inzibati xəta haqqında protokol 20 iyun 2024-cü il tarixdə tərtib edilmişdir. Bundan başqa onun barəsində olan inzibati xəta haqqında qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. İnzibati xəta haqqında protokol tərtib edilərkən nə ona rəsmi məlumat verilmiş, nə iştirakı təmin edilmiş, nə də izahatı alınmışdır. Qanunvericiliyin tələbinə görə izahat verməkdən və ya imza etməkdən imtina etmiş olsaydı belə, iki nəfər hal şahidinin imzası protokolda öz əksini tapmalıdır. İştirakım olmadan tərtib olunmuş inzibati xəta haqqında protokol ona rəsmi qaydada təqdim edilməmişdir. Səlahiyyətli orqanın ona hər hansı bir sənədi rəsmi qaydada təqdim etməsi ilə bağlı sübutu varsa məhkəməyə təqdim etsin. Bundan başqa inzibati xəta haqqında qərardan görünür ki, qərarın qəbul edilməsinə əsas olmuş inzibati xəta haqqında protokol 20 iyun 2024-cü il tarixdə tərtib edilmiş, halbuki, həmin yoxlama 14 iyun 2024-cü il tarixdə keçirilmişdir. Göründüyü kimi protokol nə həmin gün, nə də ki, İXM-nin 101.2-ci maddəsinə uyğun tərtib edilməmişdir. Bundan başqa qərar xx.xx.2024cü il tarixdə qəbul edilmiş, lakin bu qərarda hadisənin 19 gün sonra baş verdiyi, yəni xx.xx.2024-cü il kimi göstərilmişdir. Belə görünür ki, qərar qəbul edildikdən sonra hadisə baş vermiş olur. Bundan başqa həmin qərarda guya bir sıra yanğın təhlükəsizliyi qaydalarını pozduğu qeyd olunmuşdur. İXM-nə əsasən inzibati xəta hadisəsinin konkret nədən ibarət olması, tarixi, baş verdiyi ərazi göstərilməli olduğu məcburi olsa da səlahiyyətli orqan inzibati xəta haqqında qərarı ümumi fərziyyələrlə qeyd etmişdir. Səlahiyyətli orqan inzibati xəta haqqında qərar qəbul edərkən ümumilikdə İXM-in 100- 101-ci maddələrinin tələblərini kobud surətdə pozmuşdur. Qərar ona poçt zərfində göründüyü kimi xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Ona görə də qərardan şikayət vermə müddətini ötürməmişdir. Məhkəmə iclasında iştirak edən X5 şikayətini müdafiə edərək Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin xx.xx.2024-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqan Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi X6 şikayətlə razılaşmayaraq bildirmişdir ki, X2 işlətdiyi gözəllik salonuna getmiş və yanğın nəzarəti ilə bağlı plan üzrə yoxlamaya gəldiyini bildirmişdir. Yoxlama zamanı obyektin içərisinə daxil olmamış, sadəcə çöldən baxdıqda yanğın siqnalizasiya sisteminin işlək vəziyyətdə olmamasını görmüşdür. Belə ki, yanğın siqnalizasiya sisteminin detektorunun işığı yanıb sönmədiyi üçün bu qənaətə gəlmişdir. Həmçinin obyektin elektrik xətlərinin elektrik qurğularının quraşdırılması qaydalarına uyğun olmamasını müəyyən etmişdir. X5 elektrik naqillərinin izolyasiya aktını təqdim etmədiyi üçün bu qənaətə gəlmişdir. Həmin halları yanğın texniki müayinə aktında qeyd etmiş və bu barədə protokol tərtib etmişdir. Aktı və protokolu orada şərait olmadığı üçün idarədə tərtib etmişdir. Bundan sonra qərarı idarə rəisi qəbul etmişdir. Göstərilən halları nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin xx.xx.2024-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında işin yenidən baxılmaq üçün Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin xx.xx.2024-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, xx.xx.2024-cü ildə Sumqayıt şəhəri, 10-cu mikrorayon, M.Abdullayev küçəsi, Kristal Abşeron yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Nuranə Studio” gözəllik salonunda yoxlama keçirirlərkən X1 (№01-2001 bənd 6.1-6.10 və №03-2021 bənd 9.2-9.12) pozulması müəyyən edilmişdir. Bu səbəbdən də X5 İXM-in 518.1-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin DYNŞnin inspektoru Fuad İmanov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, həmin tarixdə Sumqayıt şəhəri, 10-cu mikrorayon, M.Abdullayev küçəsi, Kristal Abşeron yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Nuranə Studio” gözəllik salonunda yoxlama keçirirlərkən X1 (№01-2001 bənd 6.1-6.10 və №03-2021 bənd 9.2-9.12) pozulması müəyyən edilmişdir. Bununla da həmin obyekti işlədən X5 İXM-in 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolda qeyd edilmişdir ki, X5 imzalamaqdan imtina etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 1520 nömrəli yanğın-texniki müayinə aktından görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, M.Abdullayev küçəsi, Kristal Abşeron yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Nuranə Studio” gözəllik salonunda yoxlama keçirirlərkən yanğın xəbər verici siqnalizasiya qurğusunun işlək vəziyyətdə olmaması, eyni zamanda obyektin elektrik təsərrüfatının elektrik qurğularının quraşdırılması qaydalarına uyğun olmaması müəyyən edilmişdir. Bununla da X1 (№01- 2001 bənd 6.1-6.10 və №03-2021 bənd 9.2-9.12) pozulması müəyyən edilmişdir. Aktda qeyd edilmişdir ki, X5 imzalamaqdan imtina etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, M.Abdullayev küçəsi, Kristal Abşeron yaşayış binasının 1-ci mərtəbəsində yerləşən “Nuranə Studio” gözəllik salonunda keçirilən yoxlama səhti aparılmışdır. İnspektor öz bildirdiyinə görə obyektə daxil olmadan obyektin çölündən müşahidə etməklə yanğın xəbər verici siqnalizasiya qurğusunun işlək vəziyyətdə olmamasını müəyyən etmişdir. Bunu onunla əsaslandırmışdır ki, yanğın siqnalizasiya sisteminin detektorunun işığı yanıb sönmədiyi üçün bu qənaətə gəlmişdir. İnspektor həmçinin qeyd etmişdir ki, obyektin elektrik xətlərinin elektrik qurğularının quraşdırılması qaydalarına uyğun olmamasını müəyyən etmişdir. Belə ki, X5 elektrik naqillərinin izolyasiya aktını təqdim etmədiyi üçün bu qənaətə gəlmişdir. Göründüyü kimi inspektor təhlükəsizliyi üzrə aparılan yoxlama zamanı faktiki olaraq obyektə daxil olmaqla konkret hansı qaydaların pozulması dəqiqləşdirilmədən yanğıntexniki müayinə aktı və inzibati xəta haqqında protokol tərtib edilmişdir. Yanğın-texniki müayinə aktı və inzibati xəta haqqında protokol X3 təqdim edilməmiş və onun mülahizələrini qeyd etməsinə şərait yaradılmamışdır. Akt və protokol sonradan tərtib edilməklə formal olaraq qeyd edilmişdir ki, X5 imzalamaqdan imtina etmişdir. Protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquq və vəzifələri izah edilməmiş, bu barədə protokolda müvafiq qeyd aparılmamış, həmçinin protokolun surəti barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilməmişdir. Bununla da Azərbaycan Respublikası İXM-in 100.2, 100.3 və 100.4-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Göstərilənlərdən əlavə müəyyən edilmişdir ki, inzibati xəta haqqında işə baxılması vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə məlumat verilməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarında bildiriş olsa da, həmin bildirişin göndərilməsi və çatıdırılmasını təsdiq edən heç bir poçt sənədi aşkar edilməmişdir. Bundan əlavə iş üzrə 01 iyul 2024-cü il tarixdə inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilsə də, həmin qərarda inzibati xəta hadisəsinin törədilmə vaxtı 20 iyul 2024-cü il, yəni bundan daha sonraya aid olan tarix qeyd edilmişdir. Bundan əlavə müəyyən edilmişdir ki, X5 barəsində inzibati tənbeh tətbiq edilərkən Azərbaycan Respublikası İXM-in tələbləri gözlənilməmişdir. Belə ki, qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsi ilə tənbeh tətbiq edilərkən cərimə şərti tətbiq edilməlidir. Lakin, indiki halda X5 150 manat məbləğində inzibati cərimə edilsə də, həmin cərimə şərti tətbiq edilməmişdir. Azərbaycan Respublikası İXM-in 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.6, 192.10, 192.11, 201, 203, 209, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsində X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan zaman və həmin icraatın yekununda müvafiq inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və İXM-in tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin xx.xx.2024-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası Fövqalədə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin xx.xx.2024-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar