Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1938/2025 04.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şimal Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1997-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nvanında yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə 04 avqust 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunarq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Sumqayıt Şəhər Polis İdarəsinin Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi X3 tərtib etdiyi protokolu müdafiə edərək izahatında bildirmişdir ki, icraatına daxil olmuş raporta əsasən xx.xx.2025-ci il tarixində saat 11:40 radələrində Sumqayıt şəhəri, Avtovağzal ərazisində xidmətdə olan polis əməkdaşları bir qrup şəxsin evlərinin sökülməsinə etiraz edərək yolu bağladıqlarını görmüşlər. Bununla bağlı bir qrup şəxs bölməyə gətirilmiş və araşdırma aparılmışdır. Həmin vaxt Şəxs da həmin ərazidə olduğu üçün polis əməkdaşları tərəfindən bölməyə gətirilmişdir. Araşdırma zamanı Şəxs etiraz edərək yolu bağlayan şəxslərə aidiyyətinin olmaması müəyyən edilmişdir. Lakin, Şəxs da bölməyə həmin vaxt həmin ərazidən gətirildiyi üüçün sonuncunun da barəsində protokol tərtib etmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 11:40 radələrində işi olduğu üçün Sumqayıt şəhəri, Avtovağzal ərazisinə getmişdir. Bu zaman orada insanların toplaşdığını görmüşdür. Həmin görüntü onun marağını kəsb etdiyi üçün bir qədər yaxınlaşmış və təxmini 50 metr məsafədən onları müşahidə etmişdir. Həmin vaxt əlində telefon olduğu üçün polis əməkdaşları onun həmin hadisəni telefonla çəkdiyini fikirləşərək onu saxlayıb bölməyə gətirmişlər. O, yol bağlamamış, hər hansı qayda pozuntusu etməmiş və ya polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik etməmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Sumqayıt Şəhər Polis İdarəsinin PPXT-nin 1-ci bölüyünün polis nəfəri X4 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixində saat 11:40 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində xidmətdə olan zaman Avtovağzal istiqmaətində bir qrup şəxsin yolu bağladığını efir vasitəsilə eşitdikləri üçün həmin ərziyə yaxınlaşmışlar. Həmin vaxt yolu bağlayan bir qrup şəxs başqa əməkdaşlar tərəfindən bölməyə aparılmışdır. Orada olan vaxt CAŞ-nin əməkdaşları bir nəfəri gətirərək onun polisə mane olduğunu bildirmişlər və onlara təhvil vermişlər. Həmin şəxsi tək öz avtomobilləri ilə 3-cü Polis Bölməsinə gətirmişlər. Bölmədə həmin şəxsin Şəxs olması onlara məlum olmuşdur. Onlar bilavasitə özləri Şəxs hər hansı qanun pozuntusuna yol verməsini müşahidə etməmişlər. Məhkəmə iclasında şahid qismində izahat vermiş Sumqayıt Şəhər Polis İdarəsinin PPXT-nin 1-ci bölüyünün polis nəfəri X5 ondan öncə məhkəmə iclasında izahat vermiş şahid X2 izahatına oxşar, eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında iştirak edən Şimal Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin hər hansı inzibati xəta törətmədiyini və iddia edilən xətaların törədilməsi ilə bağlı heç bir sübut olmadığını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1 maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilmədiyindən onun barəsində həmin maddələrlə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş polis sahə rəisi Şəxs barəsində protokolu yalnız bölməyə daxil olmuş raport əsasında tərtib etdiyini bildirmişdir. Raport tərtib etmiş polis əməkdaşları isə məhkəmə iclasında verdikləri izahatlarında Şəxs hər hansı qanun pozuntusuna yol verməsini bilavasitə özlərinin müşahidə etmədiklərini, həmçinin Şəxs etiraz edərək yolu bağlayan şəxslərlə əlaqəsinin olmamasını bildirmişlər. Göründüyü kimi Şəxs istinad edilən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübut mövcud deyil və ya belə bir sübut (süburlar) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə birgə həmin Məcəllənin 355-ci maddəsi də qeyd edilmişdir. Lakin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 355-ci maddəsi ilə olan inzibati xəta haqqında işlərə baxılması məhkəmənin səlahiyyətinə aid edilməmişdir, ona görə də məhkəmə indiki iş üzrə yalnız Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxmalıdır. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 795 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 355-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İXM-nin 510-cu 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Məhkəmə həmçinin hesab edir ki, Vəkil təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 21, 40, 43, 53, 114.1.4, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1938/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1938/2025
04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver