Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-194/2022 17.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraatı aparılan şəxs Şəxs, Onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1980-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Sumqayıt şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 15.01.2022-ci il tarixli, MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 07.01.2022-ci ildə Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən X2 məxsus “Göyçə” marketdən 1 blok “KENO” markalı siqaretləri oğurlamışdır. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, özünü tam təqsirli bilir. 07.01.2022-ci ildə Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən X2 məxsus “Göyçə” marketdən satıcının diqqətini yayındıraraq bir blok KENO markalı siqareti oğurladı. Daha sonra həmin siqaretləri Daş Bazarında tanımadığı adamlara satdı. Əməlindən peşmandır. Barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək bildirdi ki, 07.01.2022-ci il tarixində “Göyçə” marketdə iki nəfərin şübhəli davrandığını görüb mağazada yerləşən kameranı yoxlamış və bir nəfərin satıcı Qabilin diqqətini yayaındırdığını, digər şəxs olan Habilin isə 250 azn dəyərində siqaretləri oğurladığını görmüşdür. Ona görə də, Şəxs barəsində qanuna müvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan 15.01.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan müəyyən olunur ki, Şəxs 15.01.2022-ci il tarixdə, saat 22:00-da inzibati qaydada tutulmuş və 15.01.2022-ci il saat 09:30-da azad edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, vəkilin çıxışını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən ictimai işlər yüz altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 28.3-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəlləsinin 34.1-ci maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati tənbeh növü ictimai işlər tətbiq edilməklə inzibati tənbeh öz məqsədinə nail ola bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Həmin Məcəlləsinin 36.1-ci maddəsinə əsasən hakim, salahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işə baxarkən vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə mübahisə olduqda inzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin və ya mənəvi zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 15.01.2022-ci il tarixli, MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, Şəxs 07.01.2022-ci ildə Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən X2 məxsus “Göyçə” marketdən 1 blok “KENO” markalı siqaretləri oğurlamışdır. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş və ona həmin maddənin sanksiyası həddində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilməlidir. Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36.2-ci maddəsinə uyğun olaraq zərər şəkmiş şəxslərə izah olunmalıdır ki, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin, ona 160 (yüz altmış) saat ictimai işlər tənbeh növü tətbiq olunsun. Qərarın icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Zərərçəkmiş şəxs X2 vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilən Şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Vəkil göstərdiyi 05 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 30 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №3(060)-194/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-194/2022
17.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver