Məhkəmə qərarları › İş №3(060)-1940/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1940/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1940/2025 04.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, “Dost iş mərkəzində” sosial işçi olan, Sumqayıt şəhəri, yataqxana 7a, Bakı küçəsi, 41 ünvanında qeydiyyatda olan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 510, 535.1 və 355-ci maddələri ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunub, baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, xx.xx.2025-ci il tarixində saat 11:30 radələrində Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində maşın yolunu kəsmiş, səs-küy salmış və polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X7 tərtib etdiyi protokola uyğun izahat verərək, qeyd etmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixində saat 11:30 radələrində Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində maşın yolunu kəsmiş, səs-küy salmış və polisin qanuni tələbinə tabe olmamışdır. Buna görə də ərazi aidiyyatı üzrə 3-cü PB-ə gətirilmişdir. Belə ki, o, əhalinin sıx olduğu yerdə başqalarıyla toplaşaraq kütləvi iğtişaş yaratmış, avtomobil yolunu kəsmiş və orada öz tələbini irəli sürmüşdür. Buna görə də barəsində polis əməkdaşları tərəfdən raport yazılmış və iş məhkəməyə göndərilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510, 535.1-ci maddələri ilə protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Protokolu müdafiə edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, insanların yaşadığı yataqxananın önünə toplaşdığını görmüş, oraya yaxınlaşmış, lakin yolu kəsməmiş, heç kəsin qanuni fəaliyyətinə mane olmamış və tabesizlik göstərməmişdir. Hadisə zamanı yerə şəhid anası olan bir xanım yerə yıxılmış və o da həmin xanımı yerdən qaldırmağa çalışmışdır. Aksiyadan xəbəri olmamışdır. Buna baxmayaraq polis əməkdaşları onu Polis Bölməsinə gətirmişlər. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Sumqayıt Şəhər Polis İdarəsinin polis serjantı X4 ifadəsində bildirmişdir ki, Şəxs aksiyada iştirak etmiş, lakin fəallar içərisində olmamışdır. Təxminən 100-ə yaxın insan aksiyada iştirak etmiş, lakin 15 nəfəri avtomobil yolunu kəsmişlər. O, polisin qanuni fəaliyyətinə mane olaraq Post Patrul Xidmətinin avtomobilinə 4 nəfəri mindirərək aparmağına etiraz etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Sumqayıt Şəhər Polis İdarəsinin polis kiçik serjantı X11 bildirmişdir ki, Şəxs aksiyada iştirak etmiş, lakin fəallar içərisində olmamışdır. O, yerə yıxılan qadını qaldırmaq istəyirdi, həmin qadın isə özünü bilə-bilə yerə atmışdır. Şəxs onu Post Patrul Xidmətinin avtomobilinə mindirmək istəyəndə etiraz edərək fəaliyyətinə mane olmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən Sumqayıt Şəhər Polis İdarəsinin polis serjantı X2 Emin Aydın oğlu və X4 ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə iclasında müdafiəçi qismində iştirak edən X1 İlahənin əməlində inzibati xəta tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində saat 11:30 radələrində Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisində maşın yolunu kəsmiş, səs-küy salmış və polisin qanuni tələbinə tabe olmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Raport”dan görünür ki, polis serjantı X11 digər postaçı yoldaşları ilə birlikdə avtovağzal istiqamətində bir qrup şəxsin yolu bağlayıb avtomobillərin gediş-gəlişini məhdudlaşdırdığını efir vasitəsilə eşitmiş və həmin yerə 33-03 göstərişinə əsasən yaxınlaşıblar. Belə ki, 3 nəfər şəxsin polisin fəaliyyətinə maneəçilik törətdiyinə görə həmin şəxsləri avtopatrula əyləşdirib ərazi aidiyyatı üzrə 3-cü Polis Bölməsinə gətirmişlər. İş materiallarında olan Şəxs tərəfindən yazılmış izahatdan görünür ki, yaşadığı yataqxananın önündə arxasında hündürmərtəbəli binanın tikintisinə etiraz olaraq aksiya keçiriblər. O və başqaları avtomobil yolunu kəsərək ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlərə yol vermişdir. Aksiya yerinə gələn polis əməkdaşlarının qanuni tələbini anlaşılmazlıq nəticəsində pozmuşdur. Əməlindən peşmandır. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, şahid qismində ifadə verən polis əməkdaşlarının və barəsində icraat aparılan şəxsin izahatından məlum olur ki, Şəxs aksiya keçirərək yol kəsən şəxslərin sırasında olmamışdır. O yalnız, yerə yıxılan şahid ailəsi üzvünün yerdən qaldırılmağa kömək etmişdir. Bu səbəbdən onun əməli İXM-in 510 və 535.1-ci maddəsinin tərkibini yaratmır. Bundan başqa Şəxs aksiya iştirakçılarını polis bölməsinə aparılarkən polis əməkdaşlarına mane olması və onların qanuni tələblərinə tabe olmaması faktı öz təsdiqini tapmır. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 355-ci maddəsinə əsasən yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qəbul edilmiş qərarla müəyyənləşdirilmiş göstərişləri və ya qadağan edilməsi müddətlərini pozmağa və ya özbaşına yol hərəkətini müvəqqəti məhdudlaşdırmağa və ya qadağan etməyə görə-fiziki şəxslər qırx manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Lakin, həmin maddə üzrə qərar qəbul etmək səlahiyyəti məhkəməyə aid deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt ŞPİ 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X7 və polis əməkdaşlarından ibarət şahidlərin ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Kamran Xudiyevin əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, onun əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən (obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət) biri olan obyektiv cəhət yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə həmin maddə ilə inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən göstərilmiş hüquqi yardıma görə vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsinə cəmi 03 (üç) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Vəkil X6 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 33 (otuz üç) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar