Məhkəmə qərarları › İş №3(060)-1941/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1941/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1941/2025 04.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Yadigar qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Ağdam rayonu, Sırxavənd ərazi dairəsi, Sırxavənd kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 355, 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiallara Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 355, 510 və 535.1-ci maddələri ilə (bundan sonra mətndə İXM-nin) xx.xx.2025-ci il tarixli MN seriyalı ******* №-li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 11:30-da Sumqayıt şəhəri, 15-ci ərazisində maşın yolunu kəsməsi, səs-küy yaratması və polisin qanuni tələbinə məhəl qoymamışdır. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan materiallar 04 avqust 2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən şəxs, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı X6 izahatında bildirdi ki, xx.xx.2025-ci il tarixdə 3-cü PB-nin əməliyyat qrupunda xidmət aparan zaman Sumqayıt şəhəri, Avtovağzal ərazisində bir qrup şəxsin toplanması barədə efir vasitəsi ilə məlumat daxil olmuşdur. Əraziyə getdikdən həmin şəxslərin maşın yolunu kəsməsi, səs-küy yaratması və polisin qanuni tələbinə məhəl qoymaması müşahidə edilmişdir. Şəxs polis bölməsinə gətirilən zaman sonuncu bildirmişdir ki, o oraya yalnız qonşusu yıxıldığını görmüş və ona kömək etdiyini bildirmişdir. Post patrul əməkdaşları tərəfindən təmin edilən şəxslərin içərisində bu xanımda olduğundan barəsində protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, həmin tarixdə işdən gəldiyi zaman bir qrup şəxsin toplandığını görərərək sadəcə onları kənardan müşahidə etmiş, daha sonra isə eyni binada yaşadığı qonşusunun yıxıldığını görüb, ona kömək etmişdir. O, heç bir polisə müqavimət göstərməmiş, həmçinin avtomobil yolunu kəsməmişdir. Əlavə olaraq qeyd etmişdir ki, onun yazı yazmaq qabiliyyəti yoxdur, izahatını onun yerinə başqa şəxs yazmış, o isə imzalamışdır. Heç bir qayda pozmamışdır. İş materiallarında olan Emin Əsgərovun xx.xx.2025-ci il tarixli raportundan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 11:30 radələrində Avtovağzal istiqamətində bir qrup şəxsin yolu bağlayıb avtomobillərin gediş-gəlişini məhdudlaşdırığını efir vasitəsi ilə eşitmişlər. Həmin yerə yaxınlaşaraq 3 nəfər şəxsin polisin fəaliyyətinə maneə törətdiyinə görə həmin şəxsləri avtopatrula əyləşdirib, ərazi aidiyyatı üzrə 3-cü PB-nə təmin etmişlər. Həmin şəxslər X4, X2 və Şəxsdır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 355, 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı üçün xitam verilməlidir. Məhkəmə araşdırılması zamanı Şəxs xx.xx.2025-ci il tarixdə polis qanuni tələbinə tabe olmaması, yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərin edilməsi müəyyən edilmir və sübuta yetirilmir. İş materiallarında Şəxs protokolda qeyd edilən pozuntuları etməsini təsdiq edən hallar öz əksini tapmamışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 11:30-da Sumqayıt şəhəri, 15-ci ərazisində maşın yolunu kəsməsi, səs-küy yaratması və polisin qanuni tələbinə məhəl qoymamışdır. Tərtib edilmiş raportda və inzibati xəta haqqında protokolda Şəxs səs-küy salaraq, maşın yolunu kəsməsi ilə ifadə olunan hərəkətini davam etdirərək qəsdən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamasından bəhs edilsə də, aydın olmur ki, Şəxs tərəfindən polisin hansı qanuni tələblərinə tabe olunmamış, həmin tabe olmama və protokolda sadalanan pozuntular nədə ifadə olunur. Eyni zamanda məhkəmə iclasında vermiş olduğu izahatında Şəxs heç bir tabesizlik etmədiyini, ümumiyyətlə hadisə ilə əlaqəsinin olmadığını bildirmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 355, 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 355, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 355, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 355-ci maddəsinə əsasən yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və ya qadağan edilməsi haqqında qəbul edilmiş qərarla müəyyənləşdirilmiş göstərişləri və ya qadağan edilməsi müddətlərini pozmağa və ya özbaşına yol hərəkətini müvəqqəti məhdudlaşdırmağa və ya qadağan etməyə görə-fiziki şəxslər qırx manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. - 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. - 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. - 105-ci maddəsinə əsasən, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. - 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 355, 510 və 535.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətə Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar