Məhkəmə qərarları › İş №3(060)-1944/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1944/2021

03.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1944/2021 03.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sumqayıt Şəhər Polis İdarəsi 4cü PB-nin polis sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 6, mənzil 5-də qeydiyyatda olan və yaşayan (FİNxxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Sumqayıt Şəhər Polis İdarəsi 4-cü PB-nin polis sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında 03.06.2021-ci il tarixli, MN seriyalı, ******* №li protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokoldan görünür ki, Şəxs 02.06.2021-ci il tarixdə, saat 23:15 radələrində Sumqayıt şəhəri, H.Əliyev küçəsində çayxanada xırda xuliqanlıq hərəkətləri edərək polisin qanuni tələbinə tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt Şəhər Polis İdarəsi 4-cü PB-nin polis sahə rəisi, polis kapitanı X2 tərtib etdiyi protokola uyğun izahat verərək, məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, o, 02.06.2021-ci il tarixdə, saat təxminən 19:00 radələrində Sumqayıt şəhəri, 16-cı məhəllə ərazisində “Bahar” restoranının yanında yeyib-içmişdir. Yeyib-içdikdən sonra içki ona pis təsir etdiyi üçün o, küçədə nalayiq söyüşlər söymüşdür. Bunu görən post-patrul xidmətinin əməkdaşları ona yaxınlaşıb onu nizam-intizama dəvət etsələr də, o, içkili olduğuna görə polis əməkdaşlarının qanuni tələbinə məhəl qoymayaraq öz hərəkətlərinə davam etmişdir. Himayəsində bir uşağı var. Törətdiyi əməldən peşmandır. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid X3 izahatında göstərdi ki, Sumqayıt Şəhər Polis İdarəsinin Post-patrul xidməti taborunun polis nəfəri-sürücü, polis serjantıdır. 02.06.2021-ci il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinin Post-patrul xidməti taborunun polis nəfəri Camal Hacıyevlə xidmətdə olduğu zaman təxminən saat 23:15 radələrində 1 nəfər şəxsin Heydər Əliyev küçəsində, “Kapital Bank”ın yaxınlığında çayxana kimi fəaliyyət göstərən obyektin yanında ünvansız küçə söyüşləri söydüyü üçün dərhal yaxınlaşıb özlərini təqdim etmişlər. Onlar həmin şəxsdən kəskin spirt qoxusunun gəldiyini hiss etmişlər. Onlar həmin vətəndaşdan post patrul xidmətinin avtomobilinə əyləşməsini xahiş etsələr də, o, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Onlar həmin şəxsi post-patrul xidmətinin avtomobilinə əyləşdirərək 4-cü Polis Bölməsinə gətirmişlər. Bölmədə həmin şəxsin 1989-cu il təvəllüdlü Şəxs olduğu məlum olmuşdur. İş materiallarında olan, Sumqayıt Şəhər Polis İdarəsinin Post-patrul xidməti taborunun polis nəfəri Camal Hacıyevin 02.06.2021-ci il tarixli raportundan görünür ki, 02.06.2021-ci il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinin Post-patrul xidməti taborunun polis nəfəri Camal Hacıyevlə xidmətdə olduğu zaman təxminən saat 23:15 radələrində 1 nəfər şəxsin Heydər Əliyev küçəsində, “Kapital Bank”ın yaxınlığında çayxana kimi fəaliyyət göstərən obyektin yanında ünvansız küçə söyüşləri söydüyü üçün dərhal yaxınlaşıb özlərini təqdim etmişlər. Onlar həmin şəxsdən kəskin spirt qoxusunun gəldiyini hiss etmişlər. Onlar həmin vətəndaşdan post patrul xidmətinin avtomobilinə əyləşməsini xahiş etsələr də, o, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Onlar həmin şəxsi post-patrul xidmətinin avtomobilinə əyləşdirərək 4-cü Polis Bölməsinə gətirmişlər. Bölmədə həmin şəxsin 1989-cu il təvəllüdlü Şəxs olduğu məlum olmuşdur. İş materiallarında olan 02 iyun 2021-ci il tarixli aktdan görünür ki, 02.06.2021-ci il tarixdə, saat 23:15 radələrində bir nəfər şəxs Sumqayıt Şəhər Polis İdarəsinin Post-patrul xidməti taborunun polis nəfəri X4 tərəfindən 4-cü Polis Bölməsinə gətirilmişdir. Bölmədə həmin şəxsin Şəxs olduğu məlum olmuşdur. İş materiallarında olan İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 02.06.2021-ci il tarixdə, saat 13:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokol tərtib etmiş şəxsi dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Məhkəmə Şəxs əməlindən peşman olmasını və himayəsində bir uşağının olmasını məsuliyyətini yüngülləşdirən kimi qiymətləndirir. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 02 iyun 2021-ci il tarixdən, saat 13:30-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3cü maddəsinə əsasən 10 (on) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 02 iyun 2021-ci il tarixdən, saat 13:30-dan hesablansın. Qərarın icrası Sumqayıt şəhər Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar