Məhkəmə qərarları › İş №3(060)-1946/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1946/2021

17.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1946/2021 17.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi-X1 iştirakı ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin inzibati xəta haqqında 25 may 2021-ci il tarixli, 00700-0089/21 saylı protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsi tərəfindən Sumeksport-A MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 496.1-ci maddələrinə əsasən tərtib edilmiş 25 may 2021-ci il tarixli, 00700-0089/21 saylı inzibati xəta haqqında protokol baxılmaq üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və qeyd olunan material 03.06.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, Sumeksport-A MMC (VÖEN **********) 03.04.2021-ci il tarixdə 45 ədəd gömrük bəyannaməsi ilə ümumilikdə ******* manat müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların saxlancda qalma müddətləri başa çatmasına baxmayaraq həmin malların başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməmiş və ya gömrük anbarında yerləşdirilməməsi və həmçinin sözügedən gömrük nəzarəti altında olan mallar üzərində qanunsuz əməliyyatlar aparmaq və həmin mallar üzərində sərəncam verməklə Azərbaycan Respublikası İXM-nin 491.1-ci və 496.1-ci maddələrilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsi X2 protokola uyğun izahat verərək qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan-Sumeksport-A MMC-nin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Sumeksport-A MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci və 491.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də Sumeksport-A MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci və 491.1-ci maddələri ilə təqsirli bilinib tənbeh edilməlidir. İş materiallarında olan gömrük bəyannamələrindən görünür ki, ümumilikdə ******* manat malları müvəqqəti saxlanc xüsusi gömrük prosedurundə rəsmiləşdirərək müvəqqəti saxlanca götürdüyü malların saxlancda qalma müddətləri başa çatmasına baxmayaraq həmin malların başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməmiş və ya gömrük anbarında yerləşdirməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinə əsasən bu məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə-fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə belə nəticəyə gəlir ki, Sumeksport-A MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci və 491.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və ona Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, Sumeksport-A MMC-yə Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Həmin maddənin sanksiyasında isə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Protkoldakı və işdə olan digər sənədlərdəki məlumatlara əsasən bu iş üzrə inzibati xətanın bilavasitə obyekti olan malların dəyəri ******* manat təşkil edir. Ona görə də, Sumeksport- A MMC-yə həmin məbləğin otuz faizindən yüz faizinədək məbləğdə cərimə növündə tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq məhkəmə, qərara aldı: ünvan 1 ünvanında qeydiyyatda olan hüquqi şəxs Sumeksport-A MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci və 491.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 (otuz) faizi məbləğində (2656250 manat X 30%), yəni 796875 (yeddi yüz doxsan altı min səkkiz yüz yetmiş beş) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar