Məhkəmə qərarları › İş №3(060)-1946/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1946/2024

09.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1946/2024 09.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi ilə, Zərərçəkmiş şəxs Şahid, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2022-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1 maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş 09 avqust 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 27 aprel 2024-cü il tarixdə saat 18:00 radələrində Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində yerləşən Şahid məxsus “Mobilab” telefon aksesuarları mağazasında Zərərçəkmiş şəxs ilə mübahisə edərək mağazada olan əşyaları yerə tökərək 650 manat ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, 2023-cü ilin noyabr ayına kimi Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən Lapella ətir dükanında satıcı kimi fəaliyyət göstərmişdir. Həmin dükanda ondan sonra Günel adlı xanım da satıcı kimi işləmiş və oradan tanışlıqları yaranmışdır. Günel həmişə onun haqqında yersiz söhbətlər etmişdir. 27 aprel 2024-cü il tarixdə saat 17:00 radələrində həyat yoldaşı X1 ona zəng edərək Günelin onun barəsində xoşa gəlməz sözlər işlətdiyini demişdir. O, bundan əsəbləşərək Günelin işlədiyi Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində yerləşən “Mobilab” telefon aksesuarları mağazasına getmiş, Güneldən nə üçün onun həyat yoldaşına yazmasını soruşmuş, Günel isə heç nə yazmadığını bildirmişdir. Bununla bağlı aralarında mübahisə yaranmış, o Güneli itələmişdir. Bundan sonra Günel ayağa qalxaraq onun saçlarından dartmış və onu vurmuşdur. Günel onun qarın nahiyyəsinə vurmuş və o dizi üstə yerə yıxılmışdır. Həmin vaxt o Günelin Hicabından tutub saçlarını yolmaq istəmişdir. Daha sonra tanımadığı şəxslər onları ayırmışdır. Ayrıldıqdan sonra Günel onun üzərinə dəmirə bənzər əşya atmış, o da Güneln üzərinə əlində olan su qabını atmışdır. O, mübahisə zamanı orada olan stəkan və su qabını yerə vurub sındırmış, bundan əlavə vitrində olan nauşnikləri əli ilə yerə atmışdır. O, mübahisə zamanı hər hansı telefon sındırmamışdır. Hazırda zərərçəkmiş şəxs iddia edir ki, guya onun 400 manat dəyərində olan əşyalarını sındırmışdır. Lakin, hadisə zamanı dükana çox cuzi miqdarda zərər dəymişdir. Stəkan və su qabının qiyməti çox az məbləğ təşkil edir. Göstərilənləri nəzərə alaraq iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Şahid izahatında bildirmişdir ki, o, 2023-cü ilin noyabr ayından Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində yerləşən “Mobilab” telefon aksesuarları mağazasını işlədir. xx.xx.2024-cü ildə həmin dükanda işçi olan Zərərçəkmiş şəxs ona zəng edərək üzərinə hücum olmasını və dükanın dağıdılmasını bildirmişdir. Bundan sonra o dükanda olan video görüntülərə baxan zaman tanımadığı bir xanımın Günelə hücum edərək onu döydüyünü, həmçinin dükanı dağıtmasını görmüşdür. Sonradan həmin xanımın Şəxs olmasını bilmişdir. Mübahisə zamanı Şəxs vitrində olan dörd ədəd oyun konsolu, 01 ədəd maşın üçün tozsoran, 03 ədəd atış üçün olan gül, iki ədəd dibçək, 01 ədəd qəndqabı, 01 ədəd stəkan, Azercell, Bakcell və Narmobilə şirkətinə məxsus nömrə jurnalları, satış üçün nəzərdə tutulan “Samsung A23” markalı mobil telefonu əli ilə vurub yerə salaraq sındırmış, bundan əlavə stəkanı yerə vurub sındıran zaman stəkanın içərisində olan meyvə şirəsi divara və orada olan vinillərin üzərinə tökülmüş və bununla bağlı dükana 400 manat maddi ziyan dəymişdir. Bundan sonra iki gün dükanı işlədə bilmədiyi üçün ümumilikdə ona 650 manat maddi ziyan dəymişdir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 01 iyul 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, iş üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə tədbir görülməsi üçün qərar aidiyyəti üzrə göndərilmişdir. İş materiallarına əlavə edilmiş CD diskdə olan video görüntülərə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində yerləşən “Mobilab” telefon aksesuarları mağzasında qeydə alınmışdır. Görüntülərdə Şəxs bir nəfər hicablı qadına (Zərərçəkmiş şəxs) hücum edərək onu döyməsi, həmçinin dükanda olan çoxsaylı əşyaları yerə tökərək dağıtması müşahidə edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi əsasları müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməməsi özünü müdafiə xarakteri daşıyır, onun təqsirli olması işin halları ilə öz təsdiqini tapır. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırki iş üzrə vurulmuş zərərin qiyməti inzibati xəta haqqında protokolda qeyd edildiyi kimi 650 manat deyil, 400 manat kimi qəbul edilməlidir. Belə ki, zərərçəkmiş şəxs həm təhqiqat araşdırması zamanı, həm də məhkəmə iclasında mağazada olan əşyaların dağıdılaraq sındırılması nəticəsində ona 400 manat ziyan dəyməsini, sonradan iki gün mağazanı işlədə bilmədiyi üçün ona 650 manat ziyan dəydiyini bildirmişdir. İndiki halda is özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə İXM-in 232-1-ci maddəsi ilə olan işə baxılır və sonradan dəymiş zərər məsələsi hazırki işin predmeti deyil. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda- inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Maddənin qeydinə əsasən bu maddədə az miqdar dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İXM-in 32 və 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın hallarını və xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhəkmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək vurulmuş 400 (dörd yüz) manat ziyanın bir misli miqdarında, yəni 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar