Məhkəmə qərarları › İş №3(060)-1947/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1947/2021

24.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1947/2021 24.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış fiziki şəxs X1, Protokolu tərtib edən şəxs X2 iştirakları ilə, Sumqayıt şəhəri Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi X3 tərəfindən tərtib olunmuş 27.05.2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə X1 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi: Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X4 şikayətlə Sumqayıt şəhəri Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi X3 tərəfindən tərtib olunmuş 27.05.2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X4 şikayəti onunla əsaslandırdı ki, o, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi X3 tərəfindən tərtib olunmuş 27.05.2021-ci il tarixli MN ******* saylı qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 513.2-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Belə ki, həmin qərar düzgün tərtib olunmamışdır. Barəsində qərar çıxarılması onun 06.05.2021-ci il tarixdə Bakı şəhəri Binəqədi rayonu, H.Babaşov küçəsində yerləşən Bakı şəhəri TTT YS-nın 9 saylı bölməsinin inzibati binasında bir qrup əməkdaşın əmək haqqına müddətli əlavənin az hesablanmasına etiraz olaraq işi müvəqqəti dayandırmaqla nümayiş keçirərkən orda olmadığı halda adı iştirakçılar siyahısına salınmasıdır. Polisin protokolda göstərdiyi zaman müddətində o həmin ərazidə olmamışdır. Dediklərinin sübutu kimi ilk öncə həmin hadisənin video görüntüləri You Tube kanalında var və ona baxmaq kitayətdir ki, onun orda iştirak etmədiyi müəyyənləşin. Bundan başqa həmin vaxt o, Bakı şəhəri 28 may metrosu yaxınlığındakı 79 saylı avtobusla 20 Yanvar metrosuna tərəf hərəkətdə olmuşdur. Əgər həmin marşurutların daxilində yerləşdirilmiş nəzarət kameralarına baxılsa onun orda olmadığının şahidi ola bilərlər. Qeyd olunan tarixdə yəni 06.05.2021-ci ildə saat təxminən 20:00-21:00 radələrində işlədiyi stansiyada etirazlar vaxtı orda olan əməkdaşların şahid ifadələri kifayətdir ki, onun orda olmadığı sübuta yetsin. O, həmin tarixdə qanuna zidd heç bir hərəkət etmədiyini bildirərək Sumqayıt şəhəri Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi X3 tərəfindən tərtib olunmuş 27.05.2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Protokolu tərtib edən şəxs X3 məhkəmə iclasında bildirdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Baş Polis İdarəsi tərəfindən Sumqayıt şəhər Pİ-nə ünvanlanmış 24.05.2021-ci il tarixli məktubda göstərilmişdir ki, 16 may 2021-ci il tarixdə Bakı şəhər Təcili və X5 Stansiyasının Biləcəri qəsəbəsi, H. Babaşov küçəsində yerləşən 9 saylı Bölməsinin adları qoşmaya əlavə olunmuş siyahıda göstərilən işçiləri qabaqcadan əlbir olaraq əhalini dövlətdən narazı salmaq və asayişi pozmaq məqsədi ilə səhər və axşam növbələrini əhatə etməklə saat 18:30-dan 06.05.2021-ci il saat 21:00-dək olan müddət ərzində ətraflarına digər işçiləri də cəlb edərək öz əmək funksiyalarının icrasından imtina etmiş və KİV nümayəndələrini də dəvət edərək icazəsiz mitinq keçirmişlər. Göstərilənləri nəzarə alaraq, adları qoşmaya əlavə olunmuş siyahıda göstərilən işçilərin qəbul edilərək onlarla zəruri-profilaktik söhbətlər aparılmasını, eləcə də həmin şəxslərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 513-cü (Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) maddəsində nəzərdə tutulmuş tələbləri pozduqlarına görə barələrində inzibati xəta haqqında protokollar tərtib olunaraq nəticəsi barədə DİN-in rəhbərliyinə məruzə olunması üçün 28 may 2021-ci il tarixədək Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinə məlumat verilməsi tələb olunmuşdu. Məktuba əlavə olunmuş siyahıda X1 da adı qeyd edildiyindən o, 4-cü PB-nə dəvət olunmuş və onun barəsində Azərbaycan Republikası İXM-nin 513.2-ci maddəsi ilə 27.05.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin tarixdə MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək o, 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. 27.05.2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş 27.05.2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 513.2-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 513.2-ci maddəsinə əsasən “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilməyən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və ya piketdə iştirak etməyə görə - üç yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşma çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları alınmalıdır. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 1 mart 2016-cı il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İXM-nin 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatından görünür ki, 110.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 110.1-ci maddəsində inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Hadisə Bakı şəhəri Binəqədi rayonu ərazisində törədilsə də və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxılmasına dair vəsatətinin olmamasına baxmayaraq qərar Sumqayıt şəhər Pİ-nin 4-cü PB-si tərəfindən qəbul edilmişdir. İnzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməli və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərar qəbul edilməlidir. Barəsində inzibati xəta haqqında qərar çıxarılmış şəxs X1 şikayəti qismən təmin olunmalı, Sumqayıt şəhəri Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi X3 tərəfindən tərtib olunmuş 27.05.2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək işin aidiyyəti üzrə baxılmaq üçün Azərbaycan Respublikasının İXM-nin 134.1.4-cü maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon Pİ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. Sumqayıt şəhəri Polis İdarəsinin 4-cü Polis Bölməsi tərəfindən tərtib olunmuş 27.05.2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək işin aidiyyəti üzrə baxılmaq üçün Azərbaycan Respublikasının İXM-nin 134.1.4-cü maddəsinə əsasən Bakı şəhəri Binəqədi rayon Pİ-nə göndərilsin. Qərardan şikayət qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə verilə bilər. Hakim Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar