Məhkəmə qərarları › İş №3(060)-1948/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1948/2025

04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1948/2025 04.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Yadigar qızının sədrliyi, Məmmədov Oruc Fəxrəddin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Sumqayıt Tekstil Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu əsasında inzibati xəta haqqında işə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Sumqayıt Tekstil Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsinə əsasən tərtib edilmiş 25 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Protokola əsasən Sumqayıt Tekstil Məhdud Məsuliyyətli Cəmiyyətinin Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən istehsalat sahəsində ətraf mühitin müəssisə monitorinqi və təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot-hesabatı aparılmamışdır. İştirak etdiyi məhkəmə iclasında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 bildirdi ki, Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən Sumqayıt Tekstil MMC-nin istehsalat sahəsində ətraf mühitin müəssisə monitorinqi və təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçot hesabatı aparılmamışdır. Belə ki, Statistika Komitəsinin 2009-cu il, 28 mart tarixində qərarda təsdiq edilmiş TQ forması var. TQ forması hər il üçün, yəni növbəti il ərəfəsində hər il üçün verilir və yerli, regional idarələrin, ekologiyanın regional idarələrində təsdiq olunmuş formada verilir. Bunun əsasında 1992-ci il, 3 mart tarixli ətraf mühitin təmizlənməsinə görə ödəniş qaydasına uyğun ödənişlər hesablanıb müəssisələr verir. Bu proses aparılmadığına görə, yəni çirklənməyə görə ödənişlər hesablanıb verilə bilməmişdir. Onun əsasında araşdırma aparılaraq protokol tərtib olunmuşdur. İstehsalat prosesində yanma prosesi gedir və yanma nəticəsində zərərli maddələr ayrılır. Əlavə olaraq bildirmişdir ki, vəkilin bildirdiyi sözügedən siyahı yoxdur. X4 haqqında qanunun 54-cü maddəsində ekoloji ekspertiza olan obyektlər var. İXM-nin 239-cu maddəsi ilə bağlı ətraf mühitə müəssisə monitorinqi, yaxud ekoloji cəhətdən təhlükə törədən təsərrüfat fəaliyyəti yazılır. Yəni sırf təhlükəli tullantı anlayışı vermir. Yəni istənilən ekoloji cəhətdən təhlükə törədən fəaliyyət, təsərrüfat fəaliyyəti nəzərdə tuta bilər. Yəni atmosfer çirklənməsi də ekoloji cəhətdən təhlükə törədən fəaliyyətdir, suyun çirklənməsi də, xüsusi, xüsusi növ tullantıların atılması da təhlükə törədən fəaliyyətdir. Yəni bu ümumi anlayışdır. Yoxlama aparan əməkdaş MMC-nin istehsalatla məşğul olduğunu qeyd etmiş və bunun əsasında hesab edirlər ki, müəssisə İXM-nin 239-cu maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 ona verilmiş suallara cavab olaraq bildirdiki, mütəxəssis protokolu heç bir rəsmi sənəd və ya sübut əsasında tərtib etməmişdir. Bundan başqa məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 ona verilmiş suallara cavab olaraq məhkəmə iclasının təxirə salınmasını, protokol tərtib etmiş şəxsin şəxsən məhkəmədə iştirakının təmin olunmasını xahiş etsə də, sonuncu məhkəmə iclasında mütəxəssisin iştirakını təmin etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Sumqayıt Tekstil Məhdud Məsuliyyətli Cəmiyyətinın nümayəndəsi və vəkili Vəkil bildirdi ki, Sumqayıt Tekstil hal-hazırda, yəni barəsində inzibati araşdırma aparılan bir müəssisədir. Məhkəmədən çox uzaqda yerləşmir, bu binanın arxasında yerləşir. Sumqayıt Tekstil hal-hazırda paltar tikişi ilə məşğuldur. MMC-nin adi bir dərzi sexindən heç bir fərqi yoxdur. Bir dərzi sexində beş nəfər işləyə bilər, amma onlarda dövlət proqramı əhatə dairəsində işləyən sayı 300-400 nəfərdir. Onlar heç bir şey istehsal eləmirlər, yəni istehsal deyəndə, o istehsal deyəndə sadəcə parçanın tikilməsi nəzərdə tutulur. Hal-hazırda X4 haqqında qanunun 18-ci maddəsindən danışılır və o maddədə qeyd edilir ki, hüquqi şəxslər, mötərizədə təbiətdən istifadə edənlər monitorinq və sair, və sair keçirməlidirlər. O zaman hal-hazırda hərkəs qəbul edir ki, bu bütün hüquqi şəxslərə aid ola bilməz. Məsəl üçün, bir kurs keçirilirsə, demək ki, bu verməli deyildir. Burada mütləq meyarlar olmalıdır. Hansı meyar, hansı müəssisə, hansı fəaliyyətlə bu ilə çalışan şəxslər bunu yerinə yetirməlidir. Meyarlar Statistika Komitəsinin qərarında yazılır. Ekoloji pasportda onların hansı fəaliyyətlə qiymətləndirilir və nə kimi tullantılarının növü, miqdarı müəyyənləşir. Həmin pasport əsasında da hesabat verilir. X2 Agentliyinin nizamnaməsinin 3.1.5-ci bəndində deyilir ki, Agentliyin vəzifəsidir ki, ətraf mühitin qiymətləndirilməsi haqqında qanunda qeyd olunan siyahısı, siyahıdakı orda əlavə bir qeyd var. Həmin siyahıdakı qeyd olunan fəaliyyət növlərinə münasibətdə ətrafa buraxıla bilən və atıla bilən tullantı, tullantılara müəyyənləşdirməyi və eyni zamanda ekoloji pasport vermək vəzifəsi var. Yəni, bu onu deməyə əsas verir ki, ekoloji pasportu verən Nazirliyinin bir qurumudur. Həmin qurum, bu ekoloji pasportu ancaq ətraf mühitin qiymətləndirilməsi haqqında qanunda 1 nömrəli arasında göstərilən fəaliyyət növlərinə verməlidir. Eyni zamanda, həmin o qanunda da qeyd olunur ki, ətraf mühitin qiymətləndirilməsi məcburi olanlar var, könüllü olanlar var. Məcburi olanlar təbii ki, həmin siyahıda olanlardır, könüllü olanlar isə siyahıda olmayanlardır və onlar həmin siyahıda mövcud deyillər. Onlardan ekoloji pasport istəyiblər, tələb eləyiblər və quruma qeyd eləmişlər ki, həm agentliyin əsasnaməsində, həmçinin ətraf mühitin qiymətləndirilməsi haqqında MMC-nin fəaliyyət növü mövcud olmadığı üçün, MMC nə həmin o qeyd olunan hesabatları verməlidir, nə də ekoloji pasportu almalıdır. MMC bu hesabatı təqdim etməmiş və Ekologiya Nazirliyi bu hesabatı onlardan tələb etməmişdir. MMC-də 2021-ci ildən, birgə fəaliyyət müqaviləsi bağlandığı tarixə qədər hər hansı bir fəaliyyət göstərilməyib. Yəni hər hansı bir ümumiyyətlə tullantıdan söhbət gedə bilməz. 2024-cü il tarixdə MMC heç bir fəaliyyəti və ya istehsalı olmamışdır. Bu faktı təsdiq edən 2 ədəd hesabatı iş materiallarına əlavə edilmişdir. Biri statistikaya verdikləri hesabat, digəri isə Dövlət Vergi Xidmətinə vermiş olduqları mənfəət vergisi ilə bağlı hesabatdır. MMC-nin hesabatda ancaq 6 min manatlıq gəlir görsənir, həmin hesabatın qarşısında da yazılır ki, bu obyektin icarəyə verilməsindən əldə olunmuş gəlirdir. MMC-nin 2024-cü ilin sonuna dair, 2025-ci ildə təqdim etdikləri bəyannamələrdə MMC-nin heç bir fəaliyyəti mövcud olmayıb. 2 TG hesabatı Dövlət Statistika Komitəsinin 3 dənə qərarı ilə təzimlənir, hansı ki, havadır, atmosferə atılan zərərli tullantılar və ətraf mühitə atılan təhlükəli tullantılardır. İXMnin 239-cu maddənin özündə verilən alır şəklində qeyd olunur ki, ətrafa atılan təhlükəli tullantı. Əgər, o gedib kənar bir yerə zibil atsa, ekologiyaya ziyan vurmaqdan dolayı, ekologiya nazirliyi onu cəzalandıra bilər. Amma İMX-nin 239 maddəsi ilə bağlı cəzalandıra bilməz. Təhlükəli tullantı da, 2 TG-ni birində nəzərdə tutulub. Bu deməkdir ki, ətrafa atılan təhlükəli tullantı ilə bağlı olmalıdır. Təhlükəli tullantılar əlaqə gəlməsi və hərəkətinə dair. MMC-nin hər hansı bir təhlükəli tullantısı mümkün deyildir. Çünki hər hansı bir xüsusi istehsalatla məşğul olunmur, parça istehsal olunmur, boyama işləri aparılmır. Havaya da münasibət bildirmək istəyir ki, havaya görə hər hansı bir tullantı atmaları mümkün deyildir. Müqavilə əsasında aldıqları məişət suyunu yeməkxanada, ayaqyolunda və ya təmizlikdə istifadə olunur və daha sonra məişət suyu kimi kanalizasiyaya axıdılıb, çıxılıb gedir. Əsasnamədə qeyd olunur ki, Ekologiya Nazirliyinin ərazidə qeydə alınan müəssisələri maarifləndirmə vəzifəsi var. İndiyə kimi, 2018-ci ildə bu müəssisə fəaliyyət göstərir. MMCdən nə vaxt tələb edilib ki, siz bu hesabatı verməlisiniz, onlar da gərək sizinlə yazışma aparaq, müzakirə aparaq, izah eləyək fikrimizi ki, bu hesabatı verməlidir yoxsa verməməlidirlər. Ekologiya Nazirliyində, Statistika Nazirliyində, bütün hesabat qəbul edən orqanlar, mütəmadi olaraq bildirişlər göndərirlər və yaxud da ki, ilkin növbədə qeydiyyatdan keçəndə vergi orqanında, vergi orqanı məktub göndərir ki, bax, filan hesabatları filan tarixlərdə verməlisən, verməsən səni filan və sairə qaydalarla cərimə edəcəyik. MMC-ə məktub göndərdilər, onlar gedib araşdırmada iştirak edirlər. Düzdür, iştirak etmədiklərini, daha doğrusu, aktda imza çəkmədiklərini, protokola imza atmadıqlarını qeyd edirlər, amma halbuki, MMC-nin əməkdaşları orada tanış olmaq istəyib. MMC-nin əməlində inzibati xəta tərkibi yoxdur. İş materiallarına əlavə etdikləri qərarlarda da göstərilir ki, bu təhlükəli tullantı atılmasının baş verməsini sübut etmə vəzifəsi və eyni zamanda maarifləndirmə vəzifəsi nazirliyin, idarənin üzərindədir. Göstərilənləri nəzərə alaraq Sumqayıt Tekstil Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş proptokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş protokol tərtib etmiş orqanın nümayəndəsi sonuncu məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: -xx.xx.2025-ci il tarixdə ETSN 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəhbərliyi tərəfindən Sumqayıt Tekstil Məhdud Məsuliyyətli Cəmiyyətinə xəbərdarlıq məktubu göndərilmiş, həmin məktub Teyub Əliyev tərəfindən qəbul edilmişdir. -xx.xx.2025-ci il tarixli 91444 saylı “Akt”-dan görünür ki, Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsi-3 ünvanında yerləşən Sumqayıt Tekstil MMC-yə məxsus istehsalat müəssiəsində istehsalat monitorinqinin, ətraf mühitə təsərrüfat fəaliyyətinin təsirinin uçothesabatının aparılmaması, ətraf mühitə atılan tullantılara görə 2024-cü il üzrə 2 TG statistik hesabatlarının 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə razılaşdırılmaması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 122 saylı Qərarı ilə təsdiq olunmuş "Ətraf mühitin çirklənməsinə görə ödənişlərin tətbiqi Qaydaları”na və həmin Qərarda dəyişiklik edilməsi barədə NK-nin xx.xx.2022-ci il tarixli 308 saylı Qərarına əsasən Respublika ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər (xarici istifadəçilər də daxil olmaqla ) dövlət, qeyri-dövlət təşkilatları, daimi və müvəqqəti, ilkin və təkrar istifadəçilər tərəfindən ətraf mühitin çirklənməsinə, zərərli maddələrin ətraf mühitə atılmasına görə ödənişlərin “X4 üzrə Dövlət Fondu”na ödənilmədiyi müəyyən edilmişdir. - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ünvanlamış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, “Sizin xx.xx.2025-ci il tarixli C-BM/4325-583 saylı məktubunuza "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində (bundan sonra- "xxxx" MMC) baxılmışdır. Qanunvericiliyə əsasən, X4nin fəaliyyət sahələri və iqtisadi əsaslarından biri də təbiətdən istifadəyə görə ödənişlərin həyata keçirilməsidir. Bu ödənişlər ətraf mühitin çirkləndirilməsinə, tullantıların; yerləşdirilməsinə, habelə təbii resurslardan istifadəyə görə, qanunvericiliklə müəyyən- ( edilmiş qaydada müəssisə, təşkilat və vətəndaşlardan alınır. Lakin bu ödənişlərin tətbiqi üçün müvafiq fəaliyyətin ətraf mühitə təsirinin qiymətləndirilməsi (ƏMTQ) aparılmalı və zərurət olduqda ekoloji ekspertiza keçirilməlidir. Nəzərinizə çatdırmaq istərdik ki, "xxxx" MMC iplik və trikotajdı məhsullarının istehsalı ilə məşğul olan müəssisədir. Müəssisənin fəaliyyəti yüngül sənaye sahəsinə aiddir və bu fəaliyyətin ətraf mühitə təsiri məhduddur. xx.xx.2018-ci il tarixli 1175 saylı “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 01 saylı əlavəsində ƏMTQ-nin məcburi tətbiq olunduğu fəaliyyət sahələrinin siyahısı verilmişdir. Həmin siyahıda və trikotaj məhsulları ilə bağlı hər hansı müddəa əks olunmamışdır. Həmçinin Qanunun 4.1-ci maddəsinə əsasən ƏMTQ yalnız bu fəaliyyət növlərinə münasibətdə məcburi, digər fəaliyyət növlərinə münasibətdə könüllü qaydada həyata keçirilir. Yuxarıda qeyd olunanları nəzərə almağınızı Sizdən xahiş edirik” məzmununda Sumqayıt Tekstil MMC-nin direktoru Fərid Rzabəyli məktubla müraciət etmişdir. - Azərbaycan Respublikasının Dövlət Statiska Komitəsinin xx.xx.2025-ci il tarixli Vəkil ünvanlamış məktubundan görünür ki, stasionar mənbələrdən atmosfer havasının çirkləndirilməsi və istehsal prosesində təhlükəli tullantıların əmələ gəlməsi halları baş vermədikdə isə 2-TG hesabat formasının təqdim olunması tələb olunmadığı qeyd edilmişdir. - 2024-cü ilin vergi dövrü üzrə mənfəət vergisinin bəyannaməsindən görünür ki, Sumqayıt Tekstil MMC-nin 2024-cü il üzrə 6000 manat miqdarında daşınan və daşınmaz əmlakın icarə verilməsindən əldə edilmiş gəliri olmuşdur. - "xxxx" PHŞ ilə Sumqayıt Tekstil MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, müqavilə Müəssisənin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 Dövlət Standartının tələblərinə uyğun, məişət (təsərrüfat) - içməli və istehsalat məqsədli suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əldə olunmuş çıxarışdan görünür ki, Sumqayıt Tekstil MMC-nin əsas fəaliyyəti Trikotaj məmulatlarının istehsalı, eyni zamanda Şlyapa və Kepka istehsalı ilə məşğul olur. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını o cümlədən tərəflərin təqdim etdiyi sənədləri araşdıraraq hesab edir ki, “Sumqayıt Tekstil Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İXM-nin 239-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi təsdiq edilmədiyindən, başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 239-cu maddəsinə görə Ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmamasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Maddənin məzmunundan göründüyü kimi, bu xəta üzrə tərkib əlamətlərinin yaranması üçün ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılmaması tələblərinə əməl edilməməlidir. Tərtib edilmiş 25 iyul 2025-ci il tarixli aktda tələbləri pozulduğu qeyd edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 122 saylı Qərarı ilə təsdiq olunmuş "Ətraf mühitin çirklənməsinə görə ödənişlərin tətbiqi Qaydalarına və həmin Qərarda dəyişiklik edilməsi barədə NK-nin xx.xx.2022-ci il tarixli 308 saylı Qərarına əsasən Respublika ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər (xarici istifadəçilər də daxil olmaqla) dövlət, qeyri-dövlət təşkilatları, daimi və müvəqqəti, ilkin və təkrar istifadəçilər tərəfindən ətraf mühitin çirklənməsinə, zərərli maddələrin ətraf mühitə atılmasına (axıdılmasına, yerləşdirilməsinə) görə hesablanmış ödəniş hər ayın 10-dan gec olmayaraq “X4 üzrə Dövlət Fondu"na ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. - 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. - 13-cü maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs öz əməlinin hüquqazid xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən tərədilmiş xəta hesab edilir. Məhkəmə qeyd edir ki, ətraf mühitin müəssisə monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərüffat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatının aparılması nəticəsində Nazilər Kabinetinin qeyd olunan qərar ilə Respublika ərazisində fəaliyyət göstərən hüquqi şəxslər, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər, dövlət, qeyri-dövlət təşkilatları, daimi və müvəqqəti, ilkin və təkrar istifadəçilər tərəfindən ətraf mühitin çirklənməsinə, zərərli maddələrin ətraf mühitə atılmasına (axıdılmasına, yerləşdirilməsinə) görə ödənişlərin miqdarı müəyyən edilməklə, həmin ödənişlərin ödənilməsi qaydaları müəyyən edilir. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, Sumqayıt Tekstil Məhdud Məsuliyyətli Cəmiyyəti inzibati xəta törətməmiş, başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməlidir. Belə ki, Şəxs MMC tərəfindən ətraf-mühitə zərərli tullantılar atılmamış, “ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il iyun tarixli 1175-VQ nömrəli Qanununa Əlavədə göstərilən “Ətraf mühitə təsirin qiymətləndirilməsi tələb olunan fəaliyyət növlərinin siyahısı”nda onların fəaliyyət növləri qeyd edilmədiyinə görə müvafiq ödənişlər də tərəflərindən heyata keçirilməmişdir. Məhkəmə qeyd edir ki, Ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi Qaydalarına dair AR Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 122 saylı qərarında göstərilmişdir ki, bu qaydalar təbiətdən istifadənin ödənişli olması, ətraf mühitə zərərli maddələr atılması (axıdılması, yerləşdirilməsi) üçün iqtisadi tənzimləmə üsullarının əsas prinsiplərini müəyyən edir. Həmin qaydalarda ətraf mühitə zərərli maddələrin atılmasına (axıdılmasına, yerləşdirilməsinə) görə ödəniş normativlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tətbiq edir. Həmin qaydalarda göstərilir ki, təbiətdən istifadəçilər üçün müvafiq müddətə çirkləndirici maddələrin ətraf mühitə atılmasının (axıdılmasının) və tullantılarının yerləşdirilməsinin yol verilən həcmləri Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qoyulan limitlərlə müəyyənləşdirilir. Bundan başqa qaydalarda göstərilir ki, ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərə - çirkləndirici maddələrin müəyyən olunmuş limitlər (normativlər) çərçivəsində atılmasına (axıdılmasına) görə ödənişlər; çirkləndirici maddələrin müəyyən olunmuş limitlərdən (normativlərdən) artıq atılmasına (axıdılmasına) görə ödənişlər daxildir. Məhkəmə hesab edir ki, Sumqayıt Tekstil Məhdud Məsuliyyətli Cəmiyyətinin həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün aşağıdaki hallar mövcud olmalı idi. 1. Firmanın öz hərəkətlərinin hüquqazidd xarakterini dərk etməsi, 2 bu hərəkətlərin zərərli nəticələrini qabaqcadan görməsi. 3 bu nəticələri arzu etməsi 4. Belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verməsi. Məhz bu tövsifedici əlamətlərin mövcudluğu halda onun məsuliyyətə cəlb olunması və tənbeh edilməsi üçün əsas ola bilərdi. Lakin məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlardan da məlum olur ki, Sumqayıt Tekstil Məhdud Məsuliyyətli Cəmiyyətinın qanunvericiliyin müəyyən etdiyi tələblərdən yayınmaq, qanunla qorunan ictimai münasibətlərə qəsd etmək, hüquqazid hərəkət etmək niyyəti olmamış, yaxud təqsirli sayılan hansısa hərəkətə yol verməmişdir. Bu səbəbdən də Sumqayıt Tekstil Məhdud Məsuliyyətli Cəmiyyəti tələb olunan müvafiq hesabatlar təqdim edilməmiş və ətraf mühitin çirkləndirilməsinə şərait yaradan hər hansı bir fəaliyyətlə məşğul olmadıqlarından onlar tərəfindən hər hansı bir ödəniş də həyata keçirilməmişdir. Bundan başqa iş materiallarından da görünür ki, Sumqayıt Tekstil Məhdud Məsuliyyətli Cəmiyyətinin əsas fəaliyyəti Trikotaj məmulatlarının istehsalı, eyni zamanda Şlyapa və Kepka istehsalı ilə məşğul olmaqdır. Qeyd olunan fəaliyyət sahəsində ətraf mühitə hər hansı bir zərərli, ekoloji cəhətdən təhlükə törədə bilən məhsulların atılması isisna edilir, hətta protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə araşdırması zamanı bunun əksini sübut edən heç bir dəlilini məhkəməyə təqdim edə bilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Yuxarıda qeyd olunan qanunun normasından da göründüyü kimi protokol tərtib etmiş orqan hər hansı bir yoxlama və ya monitorinq aparmadan qeyd olunan protokolu tərtib etmişdir. İş materiallarından olan Akta istinad etməklə Sumqayıt Tekstil Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qeyd olunan inzibati xətanı törədilməsini iddia etmək və bununla bağlı protokol tərtib emək yetərli deyildir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə Sumqayıt Tekstil Məhdud Məsuliyyətli Cəmiyyətinın hər hansı hüquqazidd əməl törətmək niyyəti olmadığı və inzibati xəta törətmədiyi qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Sumqayıt Tekstil Məhdud Məsuliyyətli Cəmiyyətinın İnzibati Xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etməmiş, məhkəmə iclasında təqdim etməmiş və ya təqdim edilən sənədlər iş üzrə məhkəmə baxışı zamanı müəyyən edilmiş digər sübutlarla təkzib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. - 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Sumqayıt Tekstil Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 114.1.1, 115, 117, 128-130-cu maddəllərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Sumqayıt Tekstil Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 239-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar