Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1949/2024 15.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 1ci Polis Bölməsinin sahə rəisi Eldar Abdullayevin, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1985-ci ildə Əfqanıstan Respublikası Barx vilayəti, Məzari-Şərif şəhərində doğulmuş, Əfqanıstan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, evli, Respublikası Barx vilayəti, Məzari-Şərif şəhərində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi X1 Telman Surxay oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 29 may 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin sahə rəisi Eldar Abdullayev izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 02:00 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində Şəxs idarə etdiyi «Chevrolet Cruze» markalı, **-RG-*** d/q/n-lı avtomobildə ailə münaqişəsi zəmnində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı X6 üz və qol nahiyyələrindən əl zərbələri ilə vuraraq, ona qəsdən fiziki ağrı yetirmişdir. Göstərilən halları nəzərə alaraq iş üzrə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, 2010-cu ildə X10 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və birgə nikahdan iki övladları var. Əvvəllər Qiymətlə münasibətləri yaxşı olmuş, lakin son 6 ildir ki, Qiymət mütəmadi olaraq evə müxtəlif kişi tanışlarını gətirərək onlarla spirtli içki qəbul edir. Dəfələrlə onu bu yoldan çəkindirmək istəsə də, əməllərindən əl çəkmir, lakin uşaqlarına görə ondan boşanmır. xx.xx.2024-cü il tarixdə təxminən saat 21:00 radələrində yaşadığı evə gələn zaman Qiymətin yenə sərxoş vəziyyətdə olduğunu görmüşdür. Buna görə onu danlamış, lakin sərxoş olduğu üçün onunla söhbət etməyin mənasız olduğunu düşünərək evdən çıxıb, Sumqayıt şəhər məhkəməsinin yanında özünə məxsus “Chevrolet Cruze” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomaşında yatmışdır. xx.xx.2024-cü il tarixinə keçən gecə təxminən saat 03:00 radələrində yuxudan səsə ayılaraq Qiymətin Nazir adlı tanışı olan bir kişi ilə onun avtomobili saxladığı yerin yanında olan “Kapital Bank”ın bankomatından kartdan pul çıxardığını görmüşdür. Onlar pul çıxardandan sonra dövlət nömrə nişanlarını xatırlamadığı “Opel Astra” markalı taksi avtomaşınına əyləşərək oradan çıxıb getmişlər. Onların arxası ilə getsə də, onları tapa bilməmişdir. Həmin vaxt Qiymətə zəng vuraraq, hara getdiyini soruşmuş, Qiymət isə onu təhqir edərək, bunun ona aidiyyəti olmadığını demişdir. O, evdən paltarlarını götürərək usta işlədiyi Bakı şəhərinə getmişdir. xx.xx.2024-cü il tarixinə keçən gecə təxminən saat 02:00 radələrində yaşadığı evə gələrək Qiyməti çölə çağırmışdır. Qiymət avtomaşına əyləşmiş və evin yaxınlığında avtomaşında əyləşərək söhbət etməyə başlamışlar. Söhbət zamanı aralarında mübahisə yaranmış və bir neçə dəfə sillə ilə Qiymətin sifətindən vurmuşdur. Sonra Qiyməti evdə düşürdərək Bakı şəhərinə getmiş və həmin vaxtdan evə gəlməmişdir. İndiyə kimi aralarında hər hansı barışıq olmamışdır. Göstərilən halları nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X10 məhkəmə iclasını tərk etmişdir. Bu səbəbdən onun izahatı elan edilmişdir. Elan edilmiş izhatdan görünür ki, 2010-cu ildə Şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və birgə nikahdan iki övladları var. Əvvəllər münasibətləri yaxşı olub, lakin son vaxtlar Abdulla ona başqa qadınlarla xəyanət etdiyi üçün aralarında münaqişələr olur. Həmçinin Abdulla günlərlə evə gəlmir və onunla maraqlanmır. xx.xx.2024-cü il tarixinə keçən gecə təxminən saat 02:00 radələrində Abdulla evə gəlmiş və yenə aralarında mübahisə yaranmışdı. Qonşuların səs-küyü eşitməmələri üçün onunla söhbət etmək üçün evdən çölə çıxmışlar və Abdullanın idarə etdiyi “Chevrolet Cruze” markalı avtomaşına əyləşərək evdən biraz kənara getmişlər. Avtomaşında yenə aralarında mübahisə yaranmış və Abdulla yumruqlarla onun üz nahiyyəsindən, qollarından vuraraq onu döymüşdür. Sonra Abdulla onu evə apararaq düşürtmüş və harasa çıxıb getmişdir. Məhkəmə iclasında müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 hüquqlarını müdafiə etdiyi şəxsin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz etirafı ilə yanaşı işin digər halları ilə də tam sübuta yetirilir. İş üzrə şəxsin məsuliyyətdən azad edilməsi və icraata xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də Şəxs barəsində müvafiq tənbeh tətbiq etmə barədə qərar qəbul edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, həmçinin qərar Şəxs oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, vəkil X3 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 18 (on səkkiz) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Vəkil X7 tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 18 (on səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1949/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1949/2024
15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver