Məhkəmə qərarları › İş №3(060)-1950/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1950/2022

26.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1950/2022 26.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Sumqayıt Şəhər Regional Vəkil Bürosunun vəkili Vəkil, Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Ağdam rayon, Qərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən xx.xx.2022-ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokoldan görünür ki, Şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-96/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 məhkəməyə bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-96/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən xx.xx.2004-cü il təvəllüdlü X6 oğlu və xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs xx.xx.2013-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Həmin icra sənədi üzrə borclu borcunu ödəmədiyindən 19900 manat aliment borcu yaranmışdır. Borclu 2014-cü ildə hazırki icra sənədi üzrə 15 gün müddətində inzibati həbs olunsa da, bundan nəticə çıxarmamış, yenə də aliment borcunu ödəməmişdir. Tələbkar isə son 1 ildə mütəmadi olaraq aliment borcunun ödənilməsini tələb etmişdir. Bundan sonra borclu icra şöbəsinə dəvət edilsə də, çağırışlardan yayınmışdır.Cari ilin may ayında borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmiş, lakin borclu məhkəməyə gətirilərkən qaçmış, nəticədə protokol məhkəmə tərəfindən geri qaytarılmışdır. Bundan sonra borclu barəsində məcburi gətirilmə tətbiq edilmiş, yalnız onun bu gün iştirakını təmin etmək mümkün olmuşdur. Hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, ona görə də barəsində protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən qanunauyğun qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-96/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən Zərərçəkmiş şəxs 19900 manat aliment borcu vardır. O, 2014cü ildə həbs olunduqdan sonra ailəsinə qayıtmış, tələbkarla bir yerdə yaşamışdır. Bu müddət ərzində ondan aliment tələb edilməmişdir. Son 2 ayda tələbkar ondan şikayət etmiş, o da evi tələbkarın adına keçirəcəyinə söz vermişdir. Ona vaxt verilərsə 1 ay ərzində evi tələbkarın adına keçirəcək və 5000 manat ödəyəcəkdir. Qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. İcra sənədi üzrə tələbkar, Zərərçəkmiş şəxs bildirdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-96/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən xx.xx.2004-cü il təvəllüdlü X6 oğlu və xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs xx.xx.2013-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq ona verilməlidir. Lakin borclu bu günə qədər ona olan aliment borcundan cəmi 300 manat ödəmişdir. Borclu müxtəlif bəhanələrlə borcunu ödəməkdən boyun qaçırmışdır. Onun vəziyyəti maddi cəhətdən çox ağırdır. Belə ki, qızı ali məktəbə qəbul olunmuş və onun təhsil haqqını ödəmək imkanı yoxdur. Bununla əlaqədar borcluya müraciət edərək aliment borcundan uşağın təhsil haqqına görə heç olmasa 5000 manat ödəməsini xahiş etmişdir. Lakin borclu yenə də borcundan heç bir ödəniş etməmişdir. O, aliment borcunun ödənilməsini tələb edir, əks təqdirdə borclunun həbs edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-96/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X6 oğlu və xx.xx.2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs xx.xx.2013-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan bildirişlərdən görünür ki, Şəxs ödəniş etməsi barədə xəbərdar olunmuşdur. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam, obyektiv şəkildə baxaraq, iş üzrə sübutları və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi üzrsüz səbəbdən olmuşdur. Onun icra sənədindən məlumatı olsa da vaxtlıvaxtında ödəniş etməmiş, 19900 manat aliment borcu yığılmışdır. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. İş üzrə icraata xitam verilməsi üçün qanunda göstərilən əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İşdə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 26 iyul 2022-ci il tarixdən, saat 12:00-dan hesablanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 12 manat pul dövlət büdcəsindən tutularaq Sumqayıt Şəhər Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbsin əvvəli 26 iyul 2022-ci il tarixdən, saat 12:00-dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Vəkil tərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ50AİİB400600C**********214 VÖEN **********). Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar