Məhkəmə qərarları › İş №3(060)-1952/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1952/2025

07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1952/2025 07.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tətib etmiş orqanın nümayəndəsi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(060)-2347/2025 saylı icra sənədinə əsasən borclu Şəxs üç uşağa görə hər ay 540 manat məbləğində aliment tutularaq xx.xx.2023-cü il tarixdən başlayaraq Zərərçəkmiş şəxs verilməlidir. Borclu üzrsüz səbəbdən icra tələbini icra etməmiş, nəticədə 7036 manat aliment borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru X3 bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2347/2023 saylı icra sənədinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 2(060)-9277/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmuş alimentin miqdarı artırılaraq, xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay, hər uşaq üçün 180 manat olmaqla, cəmi 540 (beş yüz qırx) manat sabit pul məbləğində müəyyən edilmişdir. İcra sənədi üzrə xx.xx.2023-cüildə icraata başlama barədə qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə bildiriş xx.xx.2023-ci il tarixdə borcluya təqdim edilmişdir. Tələb borclunun əmək haqqına yönəldilmiş və xx.xx.2024-cü il tarixədək borclunun əmək haqqından 5.768,53 manat pul tutulmuşdur. xx.xx.2025-ci il tarixdə isə borclu 500 manat nağa ödəniş etmişdir. 2025-ci ilin iyul ayı da daxil olmaqla borclunun 7.052 manat aliment borcu yaranmışdır. İcra məmuru həmçinin bildirmişdir ki, borclu icra idarəsinə gəlməkdən yayınmış, bu səbəbdən onun barəsində xx.xx.2025-ci il tarixdə axtarış elan edilmişdir. Borclu axtarış qərarı əsasında icra idarəsinə gətirilmiş, icra idarəsində borclu Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsini təqdim edərək həmin qətnaməyə əsasən Murad Süleymanzadənin bioloji atası olmadığının müəyyən edildiyini və buna görə də ödəniş etməyəcəyini bildirmişdir. Borclunun hazırda əmlakı və gəliri müəyyən olunmamışdır. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Bundan əlavə icra məmuru bildirmişdir ki, 2019-cu ildə aliment təyin edilməsi ilə bağlı icra sənədi onun icraatında olmamış və hazırda icraatında olan işə birləşdirilməmişdir. Ona görə də həmin icra sənədinin icra vəziyyəti barədə heç bir məlumatı yoxdur. Onun icraatında olan icra işində yalnız aliment məbləğinin artırılması ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-2347/2025 saylı icra sənədi mövcuddur. Protokolu da həmin icra sənədi üzrə yaranmış aliment borcuna görə tərtib etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, o, 2019-cu ildən üç uşağa görə aliment ödəyir. Belə ki, 2023-cü ilə qədər hər uşağa görə 120 manat olmaqla ümumilikdə 360 manat, 2023-cü ildən sonra isə hər uşağa görə 180 manat olmaqla ümumilikdə 540 manat aliment ödəməlidir. O, əvvəllər aliment borcunu tam ödəmiş və heç bir borcu olmamışdır. Yalnız bir müddət öncə uşaqlardan birinin atası olmadığını öyrəndikdən sonra bununla bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və aliment ödəməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə uşaqlardan birinin atasının onun olmaması faktı müəyyən edilmiş və hazırda həmin qətnamə qanuni qüvvəsini almışdır. O iki uşağına görə aliment ödəməkdən imtina etmir, lakin onun olmayan uşağa görə ödədiyi alimenti nəzərə aldıqda hazırda tələbkarın ona borcu vardır. Bu günə kimi xx.xx.2014-cü il təvəllüdlü Murad Süleymanzadəyə görə ödədiyi alimentin dayandırılması və ya indiyədək ödədiyi alimentin geri qaytarılması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir, lakin tələbkara qarşı qeyd edilən iddia ilə məhkəmə müraciət edərəcək. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, onlar 2019-cu ildə borclu ilə rəsmi qaydada ayrılmışlar. Həmin vaxtdan hər uşağa görə 120 manat olmaqla, üç uşağa görə ümumilikdə 360 manat aliment ödənilməsi müəyyən edilmişdir. 2023-cü ildə isə aliment məbləği artırılmaqla hər uşağa görə 180 manat olmaqla ümumilikdə 540 manat müəyyən edilmişdir. Borclu əvvəllər alimenti ödəmiş, lakin sonrdan ödəmələri həyata keçirmədiyi üçün hazırda 7.052 manat aliment borcu yaranmışdır. Uşaqlardan birinin atasının Şəxs olmaması faktının müəyyən edilməsi ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən məlumatlıdır və həmin qətnamədən kassasiya şikayəti verməmişdir. Qeyd edilən qətnamə mövcud olsa da, hazırda qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə üç uşağa görə aliment ödənilməli olmasını nəzərə alaraq aliment məbləğinin tam ödənilməsi üçün tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs tələbkar tərəfindən aldadılmışdır. Borclu uşaqlardan birinin atası olmadığı halda illərlə həmin uşağa baxmış və ona aliment ödəmişdir. Həmin xərclər nəzərə alındıqda hazırki iş üzrə tələbkar hüquqlarını müdafiə etdiyi şəxsə pul qaytarmalıdır. Bundan əlavə icra məmuru ödənilməli olan aliment miqdarını dəqiqləşdirmədən borclu barəsində protokol tərtib etmiş, sonradan iş məhkəmənin icraatında olan zaman borc məbləğini dəqiqləşdirmişdir. Göstərilən halları nəzərə alaraq iş materiallarının Sumqayıt şəhəri üzrə icra idarəsinə geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2347/2023 saylı icra sənədindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-9277/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulmuş alimentin miqdarı artırılaraq, xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay, hər uşaq üçün 180 manat olmaqla, cəmi 540 (beş yüz qırx) manat sabit pul məbləğində aliment müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli icraata başlama haqqında qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2347/2023 saylı icra sənədi üzrə icraata başlanmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)- 2347/2023 saylı icra sənədi üzrə tələbi könüllü icra etməsi Şəxs təklif edilmiş, əks halda məsuliyyət daşıması barədə ona xəbərdarlıq edilmişdir. Bildirişin surəti xx.xx.2025-ci il tarixdə bildiriş borcluya rəsmi qaydada təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixli borclunun axtarılması haqqında qərarlardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay, hər uşaq üçün 120 manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(105)-65/2025 saylı qətnaməsindən görünür ki, Şəxs xx.xx.2014-cü il təvəllüdlü X2 atası olmaması müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhəri üzrə İcra idarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 2(060)-9277/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 5768.53 manat borclunun əmək haqqından tutulmuş, xx.xx.2025-ci il tarixdə 500 manat nəğd şəkildə tələbkara ödənilmişdir. Borclunun 2025-ci il iyul ayı daxil olmaqla 7052 manat aliment borcu vardır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2347/2023 saylı icra sənədinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X4, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay, hər uşaq üçün 180 manat olmaqla, cəmi 540 (beş yüz qırx) manat sabit pul məbləğində aliment borclu Şəxs tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədi üzrə xx.xx.2023-cüildə icraata başlama barədə qərar qəbul edilmiş və tələbin könüllü icrası barədə bildiriş xx.xx.2023-ci il tarixdə borcluya təqdim edilmişdir. Tələb borclunun əmək haqqında yönəldilmiş və xx.xx.2024-cü il tarixədək borclunun əmək haqqından 5.768,53 manat pul tutulmuşdur. xx.xx.2025-ci il tarixdə isə borclu 500 manat nağa ödəniş etmişdir. 2025-ci ilin iyul ayı da daxil olmaqla borclunun 7.052 manat aliment borcu yaranmışdır. Borclu icra idarəsinə gəlməkdən yayınmış, bu səbəbdən onun barəsində xx.xx.2025-ci il tarixdə axtarış elan edilmişdir. Borclu axtarış qərarı əsasında icra idarəsinə gətirilmiş, icra idarəsində borclu Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsini təqdim edərək həmin qətnaməyə əsasən Murad Süleymanzadənin bioloji atası olmadığının müəyyən edildiyini və buna görə də ödəniş etməyəcəyini bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (icra işi üzrə borclu) məhkəmə iclasında isə iki uşağına görə aliment ödəməkdən imtina etmədiyini, lakin onun olmayan uşağa görə ödədiyi alimenti nəzərə aldıqda hazırda tələbkarın ona borcunun olmasını və göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qeyd edilən izahatına münasibətdə qeyd edir ki, hazırda qanuni qüvvədə olan və icrası dayandırılmayan məhkəmə qətnaməsi mövcuddur və həmin qətnamə əsasında verilmiş icra sənədinə əsasən onun 7.052 manat aliment borcu mövcuddur. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırki iş üzrə uşaqlardan birinə görə aliment məbləği nəzərə alınmasa idi belə, borclunun yenə də kifayət qədər məbləğdə aliment mövcud olardı. Lakin, hazırda qanuni qüvvədə olan məhkəmə qətnaməsi mövcud olduğu üçün hər üç uşağa görə aliment borcunun hesablanması və inzibati xəta haqqında protokolun 7.052 manat aliment borcuna görə hesablanması qanuni və əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni icra sənədi üzrə ödənişləri tam etməməsi və icra idarəsinə gəlməkdən yayınması icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi qiymətləndirilməlidir. Onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-in aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 32 cə 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini və işin digər diqqətə layiq hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Vəkil təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar