Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1960/2025 07.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Şimal Vəkil Bürosunun vəkili Vəkil2 iştirakı ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, mühasib işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2n (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə 07 avqust 2025-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin sahə rəisi X4 tərtib etdiyi protokolları müdafiə edərək izahatında bildirmişdir ki, icraatına daxil olmuş raporta əsasən Şəxs xx.xx.2025-ci il tarixində saat 14:00 radələrində Sumqayıt şəhəri, Dəmir yolu yük həyəti ərazisində “Araz” marketin yaxınlığında **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən manevr qaydasını pozduğu üçün Sumqayıt ŞPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış, həmin vaxt sürücünün sənədləri qaydasında olmadığı üçün avtomobilin duracağa təmin edilməsi Şəxs izah edilmiş, lakin sonuncu polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş, həmçinin avtomobilin cərimə meydançasına yerləşdirilməsi ilə bağlı polis əməkdaşlarının qanuni tələblərini yerinə yetirməmişdir. Bundan sonra yaxınlıqda olan Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının köməyi Şəxs Sumqayıt ŞPİ-yə, oradan isə 5-ci Polis Bölməsinə gətirilmişdir. Qeyd edilən fakt üzrə tərəfindən araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində onun islah edilməsinə təsir göstərəcək inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında bildirmişdir ki, onun atası müharibəsi iştirakçısıdır. xx.xx.2025-ci il tarixdə saat 14:00 radələrində atasına dərman aparan zaman Sumqayıt şəhəri, Dəmir yolu yük həyəti ərazisində “Araz” marketin yaxınlığında polis əməkdaşları tərəfindən manevr qaydalarını pozduğu üçün saxlanılmışdır. Həmin vaxt əsəbi olduğu üçün sənədləri təqdim etməkdən imtina etmişdir. Lakin, polisin ünvanına nalayiq ifadələr işlətməmişdir. Hazırda etdiyi əməldən peşmandır. Göstərilən halları, həmçinin iki azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Şimal Vəkil Bürosunun vəkili Vəkil2 bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs etdiyi əməldən peşmandır və himayəsində iki azyaşlı uşağı var. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində inzibati cərimə tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin YPX inspektoru X3 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixində saat 14:00 radələrində Sumqayıt şəhəri, Dəmir yolu yük həyəti ərazisində “Araz” marketin yaxınlığında YPX inspektoru Vüsal Abbasovla birlikdə xidmətdə olarkən 77DM243 dövlət qeydiyyat nişanlı avtomobil manevr qaydasını pozduğu üçün tərəflərindən saxlanılmış, yoxlama zamanı sürücü Şəxs sənədlərini təqdim etməkdən imtina etmiş və nalayiq ifadələr işlətmişdir. Araşdırma zamanı Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququnün olmaması müəyyən edilmişdir. Sürücüyə avtomobilin cərimə meydançasına yerləşdirilməsinin zəruri olmasını izah etmişlər, lakin sonuncu avtomobili təqdim etməkdən imtina edərək yenə də nalayiq ifadələr işlətmişdir. Şəxs dəfələrlə nizam-inzitama dəvət edilsə də, öz hərəkətlərini davam etdirmişdir. Daha sonra Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşlarının köməyi ilə Şəxs Sumqayıt ŞPİ-yə gətirmişlər. Məhkəmə iclasında şahid qismində izahat vermiş Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin YPX inspektoru X5 öncə məhkəmə iclasında izahat vermiş digər şahid X1 izahatına oxşar, eyni məzmunlu izahat verərək Şəxs polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozduğunu, həmçinin onların qanuni tələblərinə əməl etməyərək tabesizlik göstərdiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün qismən etirafı ilə yanaşı, şahidlərin izahatları və digər iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan raportdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixində saat 14:00 radələrində Sumqayıt şəhəri, Dəmir yolu yük həyəti ərazisində “Araz” marketin yaxınlığında manevr qaydalarını pozuğu üçün saxlanılmış, onun nəqliyyat vasitələrini idarə etmək hüququnun olmaması müəyyən edilən zaman polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarında olan inzibati xəta haqqında protokollardan görünür ki Şəxs xx.xx.2025-ci il tarixində saat 14:00 radələrində Sumqayıt şəhəri, Dəmir yolu yük həyəti ərazisində “Araz” marketin yaxınlığında ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 16:40 radələrində inzibati qaydada tutulmuşdur. Beləliklə, Şəxs polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması, həmçinin xırda xuliqanlıq etməsi, yəni Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün qisməm etirafı, şahidlərin izahatları və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-in 32 və 33-cü maddələrinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində təqsirli bildiyi İXM-in 510 və 535.1-ci maddələri üzrə daha ağır sanksiyası olan İXM-in 535.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməli, inzibati həbs etmənin əvvəli inzibati qaydada tutulduğu 06 avqust 2025-ci il tarixdən saat 16:40-dan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Vəkil2 təqdim etdiyi hesabata əsasən onun iş materialları ilə tanış olması və məhkəmədə iştirak etdiyi 03 saata görə 33 (otuz üç) manat məbləğində pul vəsaiti Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülməlidir Belə ki, “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 21, 40, 43, 114.1.1, 115.1, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək həmin Məcəlləinin 535.1-ci maddəsi ilə barəsində 01 (bir) ay müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 06 avqust 2025-ci il tarixdən saat 16:40dan hesablansın. Qərarın icrası Sumqayıt Şəhər Polis İdarəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili Vəkil2 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 03 saata görə 33 (otuz üç) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Samir İsmayılov
Məhkəmə qərarları › İş №3(060)-1960/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1960/2025
07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver