Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1964/2023 15.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı Şahmar Qəhrəmanovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs-Şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun müdafiəçisi Vəkil iştirakı ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, AR vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəh., Novxanı bağları, fərdi ev ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində Sumqayıt şəhəri, H.Əliyev prospekti, Tibb Kollecinin qarşısında ünvansız küçə söyüşləri söyməsi səbəbi ilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Sumqayıt şəhər Polis İdarəsinin 4-cü PB-nin sahə rəisi, polis kapitanı Şahmar Qəhrəmanov məhkəmə iclasında tərtib etdiyi protokola uyğun izahat verərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Şəxs 14 avqust 2023-cü il tarixdə, saat 19:00 radələrindən, 15 avqust 2023-cü il tarixə, saat 16:00-dək Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzibati binasında saxlanılmış, təhqiqat araşdırılması aparılmış, “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Şəxs bir gün saxlanılmasına baxmayaraq tutma protokolu tərtib edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində qardaşı Fəxrəddin, tanışları Həmid və Fariz ilə birlikdə Sumqayıt şəhəri, H.Əliyev pr, Sumqayıt şəhəri, 10-cu və 26-cı məhəllə arasında yerləşən kafedə görüşmüşlər. O, qardaşı Fəxrəddin və tanışı Fariz ilə birlikdə bir qədər spirtli içki qəbul etmiş, tanışları Həmid spirtli içki qəbul etməmişdir. Təxminən saat 18:50 radələrində kafedən çıxmışlar. Bu zaman da yaxınlıqda 10-cu məhəllə ərazisində yerləşən Sumqayıt Tibb Kollecinin yaxınlığında 5 nəfər tanımadıqları şəxsin bir-birilə mübahisə etdiklərini görmüş, onlara yaxınlaşıb sakitləşdirmək istədikdə aralarında mübahisə yaranmış, bu zamanda həmin şəxslərdən birinin dirsəyi onun sağ göz nahiyyəsinə dəmişdir. Bir neçə dəqiqə sonra həmin ünvana PPX əməkdaşları yaxınlaşmış, orada səs küy salaraq onlarla mübahisə edən şəxslər həmin ərazidən qaçaraq uzaqlaşmışlar. Lakin onlar heç yerə qaçmamış və ya uzaqlaşmamışlar. PPX əməkdaşları da onları araşdırma aparılması məqsədi ilə bölməyə dəvət etmişlər. Həmin vaxt da o, bölməyə getməkdən imtina etmiş, spirtli içki qəbul etdiyindən özündə olmamış, və ünvansız nalayiq ifadələr işlədərk və məzmununu xatırlaya bilmədiyi söyüş söymüşdür. Polis əməkdaşları da onu xidməti avtomobilə əyləşdirmiş, aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirmişlər. Qeyd edir ki, o, tanımadığı şəxsləri ayırdığı zaman onlardan birinin dirsəyinin sağ göz nahiyyəsinə dəyməsi nəticəsində xəsarət almış, onu qəsdən heç kim vuraraq xəsarət yetirməmişdir. Aldığı xəsarət ilə bağlı şikayət və tələbi yoxdur. Bildirir ki, PPX əməkdaşları onu aldığı xəsarətin araşdırılması məqsədi ilə bölməyə aparmaq istədikləri üçün narazılıq etdiyinə görə ünvansız nalayiq ifadələr bildirmiş və söyüş söymüşdür. Bildirir ki, o, 14 avqust 2023-cü il tarixdə, saat 19:00 radələrindən, 15 avqust 2023-cü il tarixə, saat 16:00-dək Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzibati binasında saxlanılmışdır. Əməlindən peşmandır. Evlidir, himayəsində dörd övladı var. Qeyd olunanlara əsasən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid X1 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində tanışları Fariz, Ramil və Fəxrəddin ilə birlikdə Sumqayıt şəhəri, H.Əliyev pr. Sumqayıt şəhəri, 10-cu və 26-cı məhəllə arasında yerləşən kafedə görüşmüş, Fariz, Ramil və Fəxrəddin ilə birlikdə bir qədər spirtli içki qəbul etmiş, o, spirtli içki qəbul etməmişdir. Təxminən saat 18:50 radələrində kafedən çıxmış, bu zaman yaxınlıqda 10cu məhəllə ərazisində yerləşən Sumqayıt Tibb Kollecinin yaxınlığında 5 nəfər tanımadığı şəxsin bir-birilə mübahisə etdiklərini görmüş, onlara yaxınlaşıb şəxsləri sakitləşdirmək istədiyi zaman onlardan kiminsə dirsəyi Ramilin sağ göz nahiyyəsinə dəymişdir. Bir neçə dəqiqə sonra həmin yerə PPX əməkdaşları yaxınlaşmış, bu zaman onlarla mübahisə edən şəxslər həmin ərazidən qaçaraq uzaqlaşmış, lakin onlar orada gözləmiş, PPX əməkdaşları da onları araşdırma aparılması məqsədi ilə bölməyə dəvət etmişdir. Həmin vaxt da o, bölməyə getməkdən narazılıq etdiyi üçün ünvansız nalayiq ifadələr işlətmiş, söyüş söymüş, polis əməkdaşları da onu xidməti avtomaşına əyləşdirmiş aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirmişdir. İş materiallarından olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Sumqayıt ŞPİnin 4-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Səyyad Hacəhmədov baş vermiş hadisə ilə bağlı Sumqayıt ŞPİ 4-cü PB-ə raportla müraciət etmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti aidiyyatı üzrə göndərilmişdir. İş materiallarında olan “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” üzrə 14 avqust 2023-cü il tarixli, 1456 saylı aktdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:00 dəqiqədə müayinə edilmiş, həmin vaxt o, orta dərəcəli alkoqol sərxoşluğu vəziyətində olmuşdur. İş materiallarına əlavə olunmuş çıxarışdan görünür ki, Şəxs evlidir, himayəsində xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 adlı övladları var. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və protokolu tərtib etmiş şəxsi, şahidi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün səmimi etirafı və iş materiallarına əlavə edilmiş digər sənədlərlə sübuta yetirilir və onun barəsində həmin maddə ilə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində dörd övladının olmasını AR İXM-nin 32.2-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi hesab edir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İctimai qayda dedikdə: cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə habelə qüvvədə olan qanunvericilklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Məhz bu mövqedən çıxış edərək məhkəmə hesab edir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində Sumqayıt şəhəri, H.Əliyev prospekti, Tibb Kollecinin qarşısında ünvansız küçə söyüşləri söyərək, səs-küy salıb ətrafdakıların diqqətini özünə çəkmiş, hamı tərəfindən qəbul edilmiş insanlar arasında təşəkkül tapmış adət ənənələrə, əxlaq normalarına zidd olaraq ictmai qaydaları kobud surətdə pozmuşdur. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. AR Cinayət-Prosessual Məcəlləsinin: 146.1. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Qanunun yuxarıda qeyd edilən normasını rəhbər tutub İnzibati xəta haqqında protokolu tərtib etmiş Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı Şahmar Qəhrəmanov ittiham tərəfini təmsil etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, ittiham tərəfi məhkəmənin Şəxs İnzibati xətalar Məcəlləsinin qeyd edilən norması ilə təqsirli hesab edilməsi nəticəsinə gəlmək üçün yetərli və mötəbər sübutları iş materiallarına əlavə etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində hansı inzibati tənbeh növünü və həddini müəyyən edərkən, işin hallarını, xüsusən sonuncunun əməlindən peşman olmasını, törədilən inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən digər halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona məhz cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iclasında protokolu tərtib etmiş Sumqayıt ŞPİ 4-cü Polis Bölməsinin sahə rəisi, polis kapitanı Şahmar Qəhrəmanov izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 14 avqust 2023-cü il tarixdə, saat 19:00 radələrindən, 15 avqust 2023-cü il tarixə, saat 16:00-dək Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzibati binasında saxlanılmış, lakin şəxsin tutularaq X2 saxlanılmasını təsdiq edən sübut (inzibati qaydada tutma protokolu) iş materiallarına əlavə edilməmişdir. Şəxs izahatında 14 avqust 2023-cü il saat 19:00 radələrindən tutularaq polis bölməsində gətirildiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İİ hissəsinə əsasən azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci maddəsinə əsasən hüquq pozuntusunun törədilməsində əsaslı şübhə ilə bağlı şəxsin səlahiyyətli məhkəmə orqanı qarşısına gətirilməsi məqsədi ilə və ya onun tərəfindən törədilən hüquq pozuntusunun, yaxud pozuntunu törətdikdən sonra gizlənməsinin qarşısını almaq üçün kifayət qədər zəruri əsaslar olduğunun hesab edildiyi hallarda şəxsin qanuni tutulması və ya həbsə alınması hallarından başqa azadlıqdan məhrum edilə bilməz. AR İnzibati Xətalar Məcəlləsinin 89.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulması, bu Məcəllənin 89.2-89.4-cü maddələri istisna olunmaqla, üç saatdan çox ola bilməz. Həmin Məcəllənin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Həm yerli həm də beynəlxalq qanunvericiliyin tələblərindən də göründüyü kimi şəxsin azadlıq hüququndan məhrum edilməsi yalnız qanunla nəzərdə tutulmuş hallarda ola bilər. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 14 avqust 2023-cü il saat 19:00-dan 15 avqust 2023-cü il saat 16:00-dək Sumqayıt ŞPİ 4-cü PB-nin X2 saxlanılması qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qanunvericiliyin tələblərinə şəxsin tutulub saxlanılması barədə rəsmi sənəd iş materiallarına əlavə edilməsə də, həm protokolu tərtib etmiş şəxsin, həm də barəsində inzibati xəta haqqında iş üzrə icraaat aparılan şəxsin izahatlarını mötəbər sübut kimi qəbul edərək məhkəmə hesab edir ki, Şəxs 01 gün tutulub saxlanıldığı müddət ona cərimə cəzası təyin edilərkən nəzərə alınmalıdır. İnzibati xəta haqqında işə baxılması ilə əlaqədar olaraq Sumqayıt Şəhər Məhkəməsinin qərardadı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə dövlət hesabına müdafiəçi təyin edilmişdir. Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosu həmin qərardadı icra edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə hüquqi yardım göstərilməsini Vəkil həvalə etmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 02 (iki) saat vaxt sərf etmişdir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci, 4-cü və 5-ci hissələrinə əsasən hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci maddəsini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 100 (yüz) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən Şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB tərəfindən xx.xx.2023-cü il tarixdə saat 19:00dan tutularaq, xx.xx.2023-cü il tarixə, saat 16:00-dək saxlanması nəzərə alınsın və onun üzərində 50 (əlli) manat cərimə tənbehi saxlanılsın. Vəkiltərəfindən göstərilmiş hüquqi yardıma görə cəmi 12 (on iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №3(060)-1964/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1964/2023
15.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver