Məhkəmə qərarları › İş №3(060)-1966/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №3(060)-1966/2025

12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 3(060)-1966/2025 12.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ29480034 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ29480034 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi ilə hərəkətdə olan zaman qarşısında hərəkət edən ictimai nəqliyyat avtobus tormozlama edib dayanmaq üzrə olduğu üçün (qəza dayanma işıqlı qoşulu halda) qarşı hərəkət zolağına çıxaraq avtobusu ötmək məcburiyyətində qalmışdır. Daha sonra elektron kabinet vasitəsilə barəsində İXM-nin 327.4-cü maddəsi ilə (1 1,1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə) inzibati xəta haqqında protokol tərtib olunduğunu müəyyən etmişdir. Onu ötmə əməliyyatı etməyə vadar edən səbəb qarşısın hərəkətdə olan avtobusun dayanmaq üçün əyləcə basaraq qəza dayanma işıqlarını yandırması idi. Bunu video görüntülər də təsdiq edə bilər. Əgər ötmə qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilməli olsa belə onun barəsində İXM-nin 327.4-cü maddəsi ilə deyil, 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokolla tətib olunmalı idi. Çünki, heç bir halda əks hərəkət zolağı ilə hərəkət daimi davam etdirilməmiş, ötmə yekunlaşdıqdan sonra hərəkət istiqaməti üzrə zolağa geri qayıtmışdır. Belə olduğu təqdirdə İXM-nin 327.4-cü maddəsi 450 manat 4 bal deyil, 327.2ci maddəsi ilə 100 manat 3 bal ilə qiymətləndirilən inzibati tənbeh verilməli idi. Məhkəmə iclasında iştirak edən X4 ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ29480034 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 xx.xx.2025-ci il tarixdə saat 21:19 radələrində “Hyundai Elantra” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri, S.Vurğun küçəsində idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmiş, bu səbəbdən də Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli EQ29480034 nömrəli inzibati tənbeh vermə haqqında qərara əlavə edilmiş foto şəkillərdən görünür ki, “Hyundai Elantra” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil 1.1 üfüqi nişanlanma xəttinin tələblərini pozaraq əks hərəkət zolağında hərəkət edir. Beləliklə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 xx.xx.2025-ci il tarixdə saat 21:19 radələrində “Hyundai Elantra” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri, S.Vurğun küçəsində idarə edərkən 1.1 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınına qarşı hərəkət etdirmişdir. Ona görə də barəsində Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsi ilə inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilmişdir. X2 şikayət verərək qarşısında ümumi istifadədə olan nəqliyyat vasitəsinin dayanmaq üzrə olduğunu, məcbur qalıb qarşı zolağa çıxdığını, həmçinin bu halda yalnız ötmə qaydalarını pozduğu üçün barəsində İXM-in 327.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmə barədə qərar qəbul edilməli olmasını bildirmişdir. Məhkəmə şikayətçinin dəlillərinə münasibətdə qeyd edir ki, İXM-in 327.2-ci maddəsinin dispozitiv şərtlərinə əsasən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarının pozulması, həmçinin 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönmə həmin maddənin tərkibini yaradır. Birinci halda əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydaları pozulsa da burada 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinin pozulması nəzərdə tutulmamışdır. İkinci halda isə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə görə (burada əks istiqamətli hərəkət zolağına çıxma nəzərdə tutulmur) məsuliyyət müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsinin dispozitiv şərtlərində isə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinin pozulması və nəqliyyat vasitəsinin tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirilərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə nəzərdə tutulmuşdur. İndiki halda isə şikayətçi idarə etdiyi avtomobilllə əks istiqamətli nəqliyyat axınına hərəkət etməklə yanaşı 1.1 üfüqi nişanlanma xəttinin tələblərini də pozmuşdur. Materiallara əlavə edilmiş foto şəkillərlə bu hal öz təsdiqini tapmışdır. Ona görə də X3 hərəkətlərində Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsinin tərkibi yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ29480034 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə - yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ29480034 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X3 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ29480034 nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar